“Meydan.tv”-nin yazdıqları təkzib olundu

  • 23 fev 2016, 20:52
"Xarici ölkələrdən birində fəaliyyət göstərən və "söz və ifadə azadlığı uğrunda mübarizə” adı altında Azərbaycan haqqında müntəzəm və  mütəşəkkil qarayaxma kampaniyası aparmağı özünə peşə seçmiş "meydan.tv” inernet saytında növbəti dəfə "Azİmport” MMC  və onun təsisçisi Azər Əsgərov haqqında həqiqətə uyğun olmayan məlumatlar, şayiələr və qərəzkar mənbələrin iddiaları əsasında hazırlanmış "məqalə” yerləşdirilmişdir (dərc olunub: 22 fevral 2016-cı il). Milli dövlətçiliyimiz və xalqımızın mənafeləri əleyhinə çıxışları, Azərbaycana qarşı açıq-aşkar düşmənçilk mövqeyi ilə tanınan bu saytda yazılanlara ciddi münasibət göstərməmək, onlara cavab verməmək də olardı. Lakin cəmiyyəti çaşdırmağa yönəlmiş, vətəndaşların hüquq və azadlıqlarını, şərəf və ləyaqətini təhdid edən yalanların belə məkrli şəkildə yayılmasına, jurnalisti etikası qaydalarının kobudcasına pozulmasına laqeyd qalmaq mümkün deyildir”.

 "Azİmport” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda belə deyilir. Şirkət bəyan edir ki, keçmiş Bayraq Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq direktoru Rəşad Məmmədovun hazırda bu müəssisənin təsisçilərindən biri olması barədə israrlı iddianın heç bir əsası yoxdur: ""Azİmport” MMC-nin yeganə təsisçisi və sahibi Azər Əsgərovdur. Yüksək vəzifəli dövlət məmurlarından kiminsə onunla şərik olması və ya ona himayədarlıq etməsi barədə əsassız məlumatlar isə, bu iş adamının şəxsi təşəbbüskarlığını, işgüzar fəaliyyətini şübhə altına almaq, nüfuzunu ləkələmək, eyni zamanda, davamlı şər və böhtan kampaniyası aparmaqla həmin dövlət məmurlarını gözdən salmaq  məqsədi daşıyır”.

İctimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, iş adamı kimi həmişə vaxt çatışmazlığı ilə üzləşən və buna görə jurnalistlərin fərdi qaydada görüşmək barədə müraciətlərinə  müsbət cavab vermək imkanı tapmayan Azər Əsgərov indiyədək "meydan.tv” və ya digər adla fəaliyyət göstərən heç bir kütləvi informasiya vasitəsinin nümayəndəsi ilə həmsöhbət olmayıb, heç kimə müsahibə verməyib və heç bir müxbirin suallarını cavablandırmayıb: "Yalnız bir dəfə telefonda özünü sayt  əməkdaşı kimi təqdim edən şəxsə şirkətin icraçı rəhbərliyinə və ya ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etməyi məsləhət görüb. Özünü "meydan.tv”nin əməkdaşı adlandıran bir nəfər qadının adından elektron poçtla şirkətə göndərilmiş qeyri-rəsmi sorğu isə mövcud ölkə qanunvericiliyi çərçivəsində cavablandırılıb”.

Buna baxmayaraq, özünü KİV adlandıran həmin internet saytı "məqalə”də guya Azər Əsgərova sual verildiyini və cavab alındığını iddia edərək, hətta onun dediklərini vasitəsiz nitq formasında verməklə jurnalistikada heç bir ədəb-ərkan,  etik qayda gözləmədiyini, peşə prinsiplərini vecə almadığını bir daha  təsdiqləyib”.

Bildirilir ki, "məqalə”də hazırda "Azİmport” MMC ilə məhkəmə çəkişməsində olan "Buzovna qəsəbə sakini”, cəmiyyətdə qalmaqallı reputasiyası ilə yaxşı tanınan vəkil  Ramiz Zeynalovun uzun müddətdir "mətbuat”dan düşməyən və məhkəmə-hüquq orqanlarına təsir etmək məqsədi daşıyan ənənəvi "çıxış”ına da səxavətlə yer ayrılması "meydan.tv”nin bu şəxsin qərəzkar mövqeyinə şərik olduğunu göstərir. "Azİmport”u və onun təsisçisini yüksək vəzifəli məmurlarla, hətta Ali Məhkəmənin sədri ilə maraq və mənafe bağlılığında açıq və davamlı şəkildə ittiham  edən Ramiz Zeynalov bu cür təhdid və böhtanlarla öz qanunazidd əməllərini ört-basdır etməyə çalışır.  Məhkəmə çəkişməsi başa çatmadığından biz həmin şəxslə bağlı məsələlər barədə təfərrüatlı məlumatın yayılmasının məhkəmə orqanına təzyiq kimi dəyərləndiriləcəyini nəzərə alırıq”.

"Meydan.tv”nin sözügedən "məqalə”də guya araşdırmağa çalışdığı məsələlər, əksəriyyəti əvvəllər təkzib olunmuş fakt və məlumatlar isə Azərbaycan mediasında indiyədək dəfələrlə ictimailəşdirilib və  "Azİmport” MMC  də onlara rəsmi münasibət bildirib. Bununla belə,   "Azİmport” MMC və onun təsisçisi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmasının, Azər Əsgərova qarşı böhtan və təhqirlərin qarşısının alınması üçün zəruri hüquqi tədbirlərin görüləcəyini bəyan edirik” – deyə, İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.
Oxşar xəbərlər