İstiqlalçı şair Əhməd Cavadın doğum günüdür

  • 05 may 2019, 10:02

Bu gün Azərbaycan Dövlət Himninin müəllifi Əhməd Cavadın doğum günüdür.

Demokratik.Az xəbər verir ki, Əhməd Cavad  1892-ci il may ayının 5-də  Şəmkirdə doğulub. Şairin atası-Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatmışdı. Babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olub. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi

Cavad ilk təhsilini üç il kənddə molla yanında alıb, ərəb və fars dillərini dərindən öyrənib. Bu, onun Şəmkirdə aldığı ilk və sonuncu təhsil idi. Lakin atasının vəfatından sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə-əvvəlki ərindən olan uşaqlarının yanına gedir. Şəhər bazarında dəmirçi işləyən Cavadın ögey qardaşları Məsim və Qulu bu ailənin yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə Cavadı 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani Seminariyasına oxumağa qoyurlar.

Əhməd Cavadın 1918-1920-ci illər yaradıcılığı, əsasən azadlıq mövzusuna, ilk Azərbaycan Respublikasının nailiyyətlərinə həsr edilib. "Ey əskər", "İngilis", "Bismillah" , "Röyasını görmüşdüm" , "Qalx", "Şəhidlərə" və digər şeirləri məhz həmin dövrün məhsuludur.

Şairin 1918-ci ildə qələmə aldığı şeirlərdən biri də "Bismillah" adlanır. "Bismillah" şeiri 1918-ci ildə, sentyabr ayının 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən ruslardan və erməni daşnaq qüvvələrindən, həmçinin ingilis əsgərlərindən tam azad edilməsi münasibəti ilə yazılıb. Həmin şeirdə müəllif xilaskar türk ordusunun Azərbaycana gəlişini alqışlayırdı. 

Şair o zaman Azərbaycan uğrunda döyüşlərdə həlak olmuş türk əsərgərlərinə Bakıda şəhidlər abidəsinin təməlqoyma mərasimində "Qalx" şeirini oxumuşdu.

Böyük şair Stalin repressiyasının qurbanı olub. Şair 1937-ci ildə güllələnib. 

Oxşar xəbərlər