3 milyon insanın sevinci, dua oxuyan vətəndaşlar və 1,6 milyon xal

  • 01 mart 2019, 08:55

28 fevral 2019-cu il bayram kimi bir gün oldu, tarixə belə yazıldı. Son illərdə, azı axır 10 ildə insanlarımızı bu qədər sevincli, üzü gülər görməmişdim.

Buna səbəb Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman idi. Möhtəşəm bir addımdır, ölkə üzrə hər kəsin rifahına müsbət təsir göstərən, 100 minlərlə adamı borcdan, bank təhdidlərindən, əmlakını itirmək qorxusundan azad edən fərmandır.

İllərdir insanlar kredit məngənəsində boğulurdu. Zəlzələdən, vəlvələdən, yüz minlərlə vətəndaş banklardan kredit götürmüşdü. 2015-ci ilin əvvəlində və sonunda isə Azərbaycan dövlətinin iradəsindən asılı olmadan, dünyada gedən maliyyə prosesləri səbəbindən devalvasiyalar baş vermişdi. Nəticədə, məsələn, 2014-cü ildə 0.78 kursla 10000 dollar - 7800 manat kredit götürmüş vətəndaşın banka 17000 manat əsas borcu, təxminən də 2500-3000 manat faiz, cərimə borcu, toplam 20 min manat ödəniş öhdəliyi yaranmışdı. Təsəvvür edin, 7800 manat əvəzinə, 20 min manat ödəməli idin...

Vətəndaşlar isə bunu ödəyə bilmirdilər, illərdir çabalayırdılar. İnsanlar yeməyib-içməyib, geyinib-kecinməyib, bəzən qohum toyuna getməkdən imtina edib, banka ödəniş etməyə məhkum idi. Çünki banklar heç bir güzəşt etmirdi, borcunu ödəməyən xeyli vətəndaşı kollektorlar təhdid edirdi. Hətta bir neçə vətəndaşı da kredit ödəmədiyinə görə inzibati qaydada cəzalandırmışdılar, minlərlə vətəndaş haqlı-haqsız məhkəmələrə verilmişdi. Ən əsası, insanlar aylarla, illərlə stress içərisində yaşayırdılar, xəstəlik tapırdılar.

Bu baxımdan məlum fərman hər şeydən öncə insanların canını stressdən qurtardığı, həmçinin ailələrin sevincinə səbəb olduğu üçün savab bir əməldir.

İqtisadi baxımdan isə durum belədir: Yuxarıda qeyd etdiyimiz kimi, məsələn, vətəndaş 10 min dollar kredit götürmüşdü, 0.78 kursla, yəni 7800 manat. Devalvasiyalardan sonra onun faiz, cərimələrlə birlikdə ödəmə öhdəliyi təxminən 20 min manat idi. Reallıqda, yəni 0.78 kursla isə qaytarmalı olduğu kredit borcu faizlə birlikdə təqribən 10000 manat olmalı idi. Son fərmanla vətəndaş yalnız 0.78 kursla ödəniş edəcək, təxminən 10 min manat ziyandan canı qurtarıb. Üstəlik, banka tutaq ki, 0.78 kursla götürdüyü vəsaitdən artıq ödəniş edibsə, onu da geri alacaq. Hər halda, Mərkəzi Bankın rəsmisinin açıqlaması belə oldu.

Xülasə, insanlar dünən bir-birinə gözaydınlığı verir, sevinirdilər. İnsanlarımızı sevincli, dövlətinə güvənli görmək çox gözəldir, qürur hissi yaradır.

Özü də sevinənlərin sayı minlərə, on minlərlə deyil, yüz minlərlədir!

İlkin məlumata görə, kredit güzəştləri azı 800 min ailəyə şamil olunur. Hər ailədə 2 yetkin, iki azyaşlı varsa, deməli, 28 fevralda prezident azı 3 milyon insanı sevindirib!

Məsələnin iqtisadi-sosial tərəflərini artıq insanlar öz həyatlarında bugündən hiss edirlər, bu haqda çox danışmağa ehtiyac yoxdur. Məsələyə siyasi-ictimai yöndən yanaşdıqda, məlum fərman çox ciddi əhəmiyyət daşıyır. İlk növbədə insanların əsas narazı olduğu məqam - kredit məngənəsi yoxdur. İctimai yöndən cəmiyyətdəki 1,6 milyon insanın gərginliyi aradan qalxıb. Bu, həm də iqtidara azı 1 milyon 600 min nəfərlik seçici xalı gəlməsi deməkdir...

Dünən telefonları susmurdu vətəndaşların. Hamı bir-birinə zəng edir, dəqiq detalları öyrənməyə çalışırdı. Saytlarda kreditlərin ləğvinə dair yazılara baxış sayı heyrətə gətirirdi.

Çevrəmizdəki insanlara diqqət edəndə, əksəriyyətin üzündə xoş ifadə vardı. Hərə əlində bir kalkulyator, kağız-qələm bankla üzülüşüb-üzülüşmədiyini hesablayırdı. Məlum olurdu ki, bu müddət ərzində o, banka son fərmandan doğan qaydalar üzrə, ödəməli olduğundan daha artıq vəsait ödəyib. Adamlar daha çox "şükür Allaha, canım qurtardı, prezident var olsun” deyib, həm də bankdan geri alacağı pulu da hesablayırdılar...

Sevinclə, dua oxuya-oxuya...

Xalqa yönəlik addımlar bol olsun! İnsanı, xalqı, vətəndaşı sevindirmək dünyanın ən böyük savabı və ən uğurlu siyasətidir...

Oxşar xəbərlər