Marixuana barədə bilmədiklərimiz

  • 06 noy 2018, 11:12

Dünya ölkələri bu narkotik bitki ilə bağlı iki cəbhəyə bölünüb...

Gürcüstan hökuməti marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentdən geri götürəcək. Bunu Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze patriarx II İlya ilə keçirdiyi görüşdən sonra bildirib. O deyib ki, qanun layihəsinin qanunverici orqandan geri çağırılması cəmiyyətin bu məsələyə münasibəti ilə əlaqədardır.

Qeyd edək ki, II İlya ilə keçirilən görüşdə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria da iştirak edib. Gürcüstan parlamenti qeyd olunan qanun layihəsinin müzakirəsini ötən ayın əvvəlində iki ay müddətinə təxirə salıb. Hökumətin hazırladığı qanun layihəsini Gürcüstan patriarxlığı və əksər dini icmalar kəskin etirazla qarşılayıb.

2016-cı ildə Rustavi-2 televiziyası Gürcüstan parlamentinin üzvləri arasında marixuana istifadəçisi olub-olmadıqları barədə sorğu aparmışdı. Sorğu nəticəsində məlum olmuşdu ki, parlamentin çoxluq və azlıq nümayəndələri marixuananın dadına baxıblar.

Vahid Milli Hərəkat Partiyasından olan Roman Qotsiridze, Giqi Tsereteli, parlamentin azlıq lideri David Bakradze, parlamentin çoxluq nümayəndələri Nukri Kantaria, Zaza Xutsişvili, Dmitri Xundadze, Georgi Volski, Koba Narçemaşvili, Zakaria Kutsnaşvili, Levan Qoqiçaşvili, Nata Çxeidze, parlament çoxluğunun lideri Arçil Talakvadze və digər deputatlar marixuananın dadına baxdıqlarını və onun cəmiyyət üçün zərərli olduğunu bildiriblər.

Bu ölkələrdə ona yaşıl işıq yandırıblar

Bu ərəfədə isə məlum olub ki, Tailand marixuananın satışını qanuniləşdirən ilk Asiya ölkəsi olacaq. Qanun layihəsi marixuanadan yalnız tibbi məqsədlər üçün istifadə edilməsinə imkan yaradacaq. Ölkənin Milli Qanunvericilik Assambleyasının İctimai Səhiyyə Komitəsinin sədri Cet Siratraanon bu qərarın iqtisadiyyata çox kömək edə biləcəyini açıqlayıb. Hazırda Tailand qanunlarına görə narkotik və marixuana ilə bağlı cinayətlərə görə ömürlük həbs cəzası və ölüm cəzası tətbiq edilir.

Bir neçə gün öncə isə Böyük Britaniyada marixuananın tibbi məqsədlər üçün istifadəsinə icazə verilib. Həkimlər xəstəyə tərkibində marixuana olan preparat yazmaq imkanı əldə ediblər. Qadağanın aradan qaldırılması barədə qərar rəsmi şəkildə verilib. Qeyd edək ki, eyni qanun Kanada, Argentina, Avstraliya, Belçika, Braziliya, Xorvatiya, Çexiyada da qəbul edilib.

Kanadada marixuanadan istifadəyə icazə verən qanun qüvvəyə minib. Bununla da Kanada dünyada marixuanadan istifadəyə icazə verən ikinci ölkədir. Qəbul edilən yeni qərara görə, artıq Kanadada yetkinlik yaşına çatmış hər bir şəxs lisenziyası olan mağazalardan 30 qrama qədər marixuana ala biləcək.

Artıq bu ölkədə 18 yaşı tamam olan (bəzi əyalətlərdə 19 yaş) hər kəs xüsusi mağazalardan marixuana ala bilər. Həddi-buluğa çatan vətəndaş 30 qramadək marixuana saxlaya bilər. Lakin yetkinlik yaşına çatmayan şəxslərə marixuana satanlar 14 il azadlıqdan məhrum ediləcəklər.

Bundan başqa, evdə maksimum 4 kol marixuana bitkisi yetişdirməyə icazə veriləcək. 2017-ci ildə Niderland parlamentinin aşağı palatası marixuananın yetişdirilməsinin qanuniləşdirilməsi barədə təşəbbüsün lehinə səs verib. Bu qanun layihəsinə görə marixuananın yetişdirilməsilə peşəkar şəkildə məşğul olan şəxslər fəaliyyətlərinə görə cəzadan azad olunacaqlar. Bu qanun layihəsini qəbul etmək üçün ölkə parlamentinin yuxarı palatası - Senat - layihəni dəstəkləməlidir.

Niderlandda artıq çoxdandır ki, qəhvəxana adlandırılan məkanlarda az miqdarda marixuana almağa icazə verilib. Qanun layihəsi marixuanaya aid qanunların zəifləməsinin lehinə çıxışlar edən "Demokratlar-66" liberal partiyası tərəfindən irəli sürülüb. Parlamentin aşağı palatasında 77 deputat layihənin lehinə, 72 nəfər isə əleyhinə səs verib.

Layihənin Senatda qəbul edilmək şansı çox azdır, çünki sənədi dəstəkləyən partiyanın yuxarı palatada yetərli səsi yoxdur. Bütün bunlara baxmayaraq, marixuana becərilməsi ilə məşğul olanlar aşağı palatadakı səsverməni ümidverici addım kimi dəyərləndiriblər.

Avropalı gənclər içki və siqareti azaltsalar da, marixuanadan istifadəni çoxaldıblar

BBC-nin xəbərinə görə, Avropada 15-16 yaşlılar arasında siqaret çəkən və spirtli içki içənlərin sayı azalsa da, marixuanadan istifadə edənlərin sayı artmaqdadır, Avropa İttifaqı sorğusunda deyilir. 2015-ci il üçün Espad hesabatı bir çox Aİ ölkələrini əhatə etsə də, Almaniya və Böyük Britaniya üzrə məlumatlar ona daxil deyil və İspaniya aid göstəricilər tamamlanmayıb. 2015-ci ildə sorğuda iştirak edənlərdən 21 faizi "hazırda siqaret çəkənlər” olub, ən böyük göstərici isə İtaliyada qeydə alınıb (37 faiz). 1995-2015-ci illərdə ötən 30 gündə spirtli içki qəbul etmişlərin sayı 56 faizdən 47 faizə düşüb. Ən çox marixuana çəkənlər isə Çexiyada olub (37 faiz). Avropada sorğuya qatılmışlar arasında marixuanadan istifadə edənlər orta hesabla 16 faiz təşkil edib. Bu, İspaniya ilə ( 27 faiz) müqayisədə daha azdır. Marixuananı ekstazi və ya kokain kimi digər narkotik maddələrlə müqayisədə daha rahat əldə etmək mümkün olub. "Marixuanadan hazırda və ümumiyyətlə istifadəsi 1995-2015-ci illər arasında müvafiq olaraq 11 faizdən 17 faizə və 4 faizdən 7 faizədək artıb”, - Espad deyir. Nəticələrdən məlum olub ki, marixuanadan istifadəyə görə Avropa ölkələri arasında böyük fərq var - Bolqarıstan, Yunanıstan, Polşa və Rumıniyada, digər ölkələrlə müqayisədə artım müşahidə olunub.

200-ə yaxın növü, fərqli fikirlər və mübahisələr...

Marixuana qurudulmuş çətənə çiçəyindən və yarpaqlarından hazırlanır. Dünyada 162 milyon insan ildə bir dəfədən çox marixuanadan istifadə edir. Marixuana dünyada spirtli içkidən sonra əhval-ruhiyyəni qaldıran ən yaxşı vasitə hesab edilir. ABŞ məktəblərində oxuyan şagirdlərin 40%-i həyatlarında bir dəfə, 20%-i isə mütəmadi olaraq marixuanadan istifadə edirlər. İnsanı öldürmək üçün 800 marixuana çöpü kifayət edər, ölüm səbəbi isə narkotik vasitədən yox, karbon oksiddən zəhərlənmə olacaqdır.  Marixuananın 200-ə yaxın növü vardır. Ən geniş yayılanları isə: nəşə, alaq otu və həşişdir.

Marixuananın beynəlxalq adı - cannabisdir. Amerikada isə onu, sadəcə, olaraq "vasitə” adlandırır. "Marixuana” sözü isə ilk dəfə olaraq Meksika hərbi bölümündə yaranıb. Həmin bölmə ərazisində Mariya və Joanna adlı fahişələrin əsgərlər üçün gətirdiyi "uçuran vasitə”yə hər ikisinin adlarını birləşdirərək marixuana adı qoymuşdular. O andan bəri narkotik vasitənin adı marixuana olaraq qalmışdı. Cannabis bitkisi hər şəraitdə yetişə bilər. Bitkinin ölçüsü gün ərzində 3-5 sm arta bilir. Hündürlüyü isə yarım metrə yaxın olur.

Marixuanın ən fəal inqrediyenti THK (delta-9-tetrhydrocannabinol)-dur. Məhz bu kimyəvi maddə insan psixikasına təsir edərək marixuananın effektini yaradır. Kiçik dozada THK-dan alınan psixoaktiv effekt insanda ətraf mühitin gedişatından asılı olmayan fərəh hissi yaradır. Vasitə həmçinin insanda vizual hissiyyatını genişləndirə, iy və dad bilməni gərginləşdirə bilər.

Marixuananın tərkibindəki THK-nın zənginliyi çəltiyin becərildiyi torpaqdan, fəsildən və hava şəraitindən asılıdır. Marixuananın bir nümunəsində 3%-dən 20%-dək THK ola bilər. Elə ölkələr vardır ki, orada marixuana qismən və ya tam olaraq qanuniləşdirilib: Şəxsi qəbul üçün - Çexiya, Hollandiya, Belçika, İsveçrə, İngiltərə, yalnız tibbi müalicə üçün- Avstraliya, ABŞ, Kanada, İsrail. Hansı ölkədə marixuana qanuni şəkildə icazəlidirsə, həmin ölkədə hər bir kəs azad şəkildə marixuananı üzərində, evində saxlaya, istədiyi zaman qəbul edə bilər. Əgər qanunsuz olaraq onu evində saxlayarsa, heç bir cinayət işi açılmadan həmin vasitəni yalnız müsadirə edirlər.

1850-ci ildən 1942-ci ilədək marixuana ABŞ-da ürəkbulanmaya, revmatizmə qarşı və ağrıkəsici dərman kimi bütün aptek və marketlərdə xüsusi qablaşdırılmış formada əldə etmək mümkün idi. Həkimlər tibbi marixuananı SPİD, qlaukoma, xərçəng, skleroz, epilepsiya və xroniki ağrılardan və xəstəliklərdən əziyyət çəkən pasientlər üçün əvəzolunmaz tibbi preparat hesab edirlər. 2003-cü ildə Kanada ağır xəstəliklərdən əziyyət çəkən pasientlər üçün marixuanadan ən çox istifadə edən ölkələr siyahısında birinci yerdə idi.

1996-cı ildə Kaliforniya həkimləri qanuni şəkildə marixuananı tibbi preparat kimi pasiyentlərə qəbul etdirən ilk Amerika ştatı olub. 85% bağlı yerlərdə və xüsusi lampalar altında becərilir.  Rusiya və Azərbaycanda marixuana uzun müddət anaşa adlandırılırdı. Dünyada marixuana qəbulundan dünyasını dəyişən heç bir ölüm hadisəsi qeyd alınmayıb. Hətta hansı dozada ölüm hadisəsi baş verə biləcəyini öyrənmək üçün itlər üzərinə əməliyyat aparılır. Atlar üzərində aparılan əməliyyatlarda heç bir ölüm hadisəsi qeydə alınmayıb.

Sevinc TELMANQIZI,
 "Yeni Müsavat”

Oxşar xəbərlər