İmam Əliyə keçirilən ad günü mərasimi tənqid olundu

  • 02 apr 2018, 13:11
Azərbaycanda Hz. Əlinin mövlud günü münasibəti ilə keçirilən mərasim sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Doğum günü mərasimi üçün Hz. Əlinin şəkli olan tort hazırlanıb. Daha sonra şam yandırılaraq "Happy Birthday” mahnısı səsləndirilib.

Xeyli sayda sosial şəbəkə istifadəçiləri mövludun qərb adətləri ilə keçirildiyini, bunun isə dini gülünc vəziyyətə saldığını yazıb. 

Demokratik.Az xəbər verir ki, "Qafqazinfo” məsələylə bağlı ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlidən münasibət öyrənib. İlahiyyatçı bildirib ki, mövludların bu tərzdə keçirilməsini düzgün hesab etmir:

"Dini tədbirlərin öz xarakteri var və özünəuyğun formada keçirilməlidir. Bu sahədə xalqımızın adət-ənənələri də var. Əlbəttə ki, zaman keçdikcə müəyyən dəyişikliklər etmək olar. Ancaq bu dəyişikliklər edildiyi zaman ifrata varmaq qətiyyən yolverilməzdir. Dini mövzu həssas olduğu üçün bu kimi tədbirlər keçirilən zaman tədbirin xarakteri nəzərə alınmalıdır. 

Bu kimi hallarında yaşanmasında insanların dini savadının o qədər də yüksək olmamasının da müəyyən qədər rolu var. Ancaq bir sıra məsələlər var ki, ona elə bir ciddi dini savad tələb olunmur. Bunları kitabdan öyrənmək məcbur deyil.  Mən kimisə qınamaq istəmirəm. Bəlkə də onlar sevgilərini ifadə etməyə çalışıb. Bunun məqsədli şəkildə, pis niyyətlə edilməsinə inanmıram. Dini tədbirlər bir qədər ağır keçirilməlidir. Şənlənməyin əleyhinə deyilik, ancaq kənardan gülünc görünən, insanlarda aşağılayıcı gülüş yaradacaq hərəkətlərə yol vermək olmaz”.
Oxşar xəbərlər