Avropa.info-nun əməkdaşının faciəli vəfatından 2 il ötür...

  • 09 may 2016, 09:18
Dünən Avropa.info-nun mərhum  əməkdaşı Sahib İslamovun faciəli  vəfatından iki il ötür.


Sahib İslamov 1977-cu ildə Şamaxı rayonunda anadan olub.  "Avrasiya", "Günaydın" , "Azadlıq" kimi nüfuzlu qəzetlərdə çalışıb. Mərhum Sahib İslamovun son iş yeri  isə  Avropa.info xəbər portalı olub.

Zəhmətkeş, həyatın bütün acılarına baxmayaraq hər zaman gülərüzlüyü ilə fərqlənən  Sahib İslamov 2013-cü ilin noyabr ayının  1-də maşın vurması nəticəsində  komaya düşmüşdü.  Ötən ilin  may ayının 8-də isə   Sahib İslamov  səhər saatlarında dünyasını dəyişdi. 

Qeyd edək ki, ağır yol qəzası keçirən Sahib İslamov  6 ay  komada oldu.   Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atmışdı. Dərhal da qəza törədən avtomobil sürücüsü onu Musa Nağıyev adına xəstəxanaya çatdırmışdı. 

S.İslamov ağır müştərək qapalı beyin travması, baş beynin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin son rəyi nəticəsində bəlli olmuşdu ki, Sahib İslamovun beyin hüceyrələri ölüb və dünyanın heç bir yerində bu xəstəliyin müalicəsi yoxdur.

Sahib İslamovun ölümündən sonra, həyatda  3 yaşlı oğlu  yadigar qaldı. 90-ci illərin son dönəmlərində jurnalistikada olanlar , mərhum  jurnalisti  yaxşı xatırlayırlar. Kimsə onun əlindən və ya dilindən zərər görməzdi. Hamını təmənnasız olaraq sevən  Sahibi  təssüf ki, həyatda sevən az idi...

Allah rəhm etsin!