«Rusiya Cənub Qaz Dəhlizini dayandırmaq gücündə deyil»

  • 02 apr 2016, 16:18
İlham Əliyevin Vaşintonda yüksək səviyyəli görüşləri Şimaldan Azərbaycana təzyiqlərə rəvac verə bilərmi?
 
Azərbaycan prezidenti İlham Əliyevin Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində bir sıra Amerika rəsmiləri ilə görüşü geniş müzakirə olunur. Artıq xarici və yerli mediada ABŞ-ın Azərbaycandakı enerji layihələrini dəstək verməsi ilə bağlı şərhlər yer almaqdadır. 

Prezident İlham Əliyevin ABŞ-ın ticarət naziri xanım Penni Pritzker ilə görüşündə "Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyətindən danışıb. Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Amerika şirkətlərinin ölkəmizdəki fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Xüsusilə, prezidentin "Export-İmport" Bankının sədri Fred Hokberq ilə görüşü əsnasında Azərbaycanın enerji layihələri üçün Qərbdən maliyyə dəstəyi alacağı ilə bağlı şərhlər yer almaqdadır. Görüşdə Azərbaycan ilə "Export-İmport" Bankı arasında əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının öyrənilməsinin vacibliyi vurğulandı. Azərbaycanda həyata keçiriləcək bir sıra layihələr üzrə, həmçinin elektrik enerjisi, qaz, suvarma, pambıqçılıq və s. sahələrdə "Export-İmport" Bankı ilə əməkdaşlıq imkanları müzakirə edildi.

Belə olan halda, Azərbaycan enerji layihələrində Rusiyanın hər hansı bir təzyiqinə məruz qalacaqmı?

Politoloq Azər Rəşidoğlu "Bizim Yol"a şərhində bildirdi ki, Azərbaycan Avroatlantik məkanla inteqrasiya yolunu seçib: "Qərblə müttəfiqlik Bakının maraqlarına daha çox cavab verir. Sadəcə olaraq, Bakı Rusiyanı qıcıqlandırmaq istəmir. Əslində, Qərb Azərbaycandan istədiyini alıb. Demokratiya və insan haqları problemlərinin qabardılması da Bakının seçimini konkretləşdirməkdən ötrüdür. Bakı Qərbin bölgədəki maraqlarının təminatçısı və Orta Asiya ilə bir növ körpü rolunu oynayır. Digər tərəfdən, Qərb yeni Qarabağ savaşının başlanmasını arzulamır, bu, onun maraqlarına ziddir. Rusiya isə tərəfləri aralıq savaşa sürükləmək istəyir. Odur ki, Vaşinqtonda Bakının nəzərinə çatdırıldı ki, Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsinin alternativi mövcud deyil, Qərb şirkətləri Azərbaycanda normal fəaliyyət göstərmək istəyir. Müharibə variantı ölkəyə investisiya qoyulmasının qarşısını ala bilər. Bir sözlə, Qərblə əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir. Azərbaycan bölgədə mühüm oyunçudur. Bu baxımdan, Vaşinqtonun dənizlərdən dənizlərə qədər olan məsafəni nəzarətə götürmək  və Rusiya ətrafında təhlükəsizlik zolağı yaratmaq istəyir. Bakı bu müstəvidə vacib oyunçuya çevrilə bilər. Vaşinqton danışıqlarında prezident İlham Əliyev bəyan etdi ki, Bakı Əfqanıstan məsələsində, ABŞ -la enerji layihələrində etibarlı əməkdaşdır". Rusiyanın təzyiqlərinə gəlincə, politoloq hesab edir ki, Bakı Vaşinqton görüşünü Moskva ilə razılaşdırıb: "Nəzərə almaq lazımdır ki, yaxın günlərdə Rusiya xarici işlər naziri Lavrov Bakıya gələcək. Ehtimal etmək olar ki, Lavrovla danışıqlarda da Bakının Moskva ilə əməkdaşlığına sadiq qaldığı fikri vurğulanacaq. Əslində, Bakı Rusiyanın Azərbaycanda hansı addımları ata biləcəyini bilmək istəyirdi. Görünən budur ki, Bakıya təzyiq məsələsində Kremlin ciddi rıçaqları yoxdur. Əlbəttə ki, Moskva Azərbaycanda təxribatlara, etnik və dini radikallığı artırmağa səy göstərə bilər. Lakin Qərblə əməkdaşlıqla Bakı bunun qarşısını ala bilər".

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da Rusiyanın hər şansı bir təzyiq etmək imkanının olmadığını bildirir. Ekspertin qənaətincə enerji layihələrinə dair danışıqlarda rəsmi Bakı Rusiyanın neqativ reaksiyasına məruz qalmayacaq: "Bundan illər öncə Moskva Azərbaycanın həyata keçirdiyi Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və digər iri layihələrin əleyhinə çıxmayıb.  O zaman Azərbaycan nə iqtisadi, nə də siyasi qüdrətinə görə indiki Azərbaycan səviyyəsində idi".

Ekspertə görə, Moskva Cənub Qaz Dəhlizi layihəsini dayandıra biləcək gücə malik deyil və bunu Rusiya da anlayır. 

Vüsalə RÜSTƏMOVA
Oxşar xəbərlər