Əhali dollar kreditlərinin əlində aciz qalıb

  • 30 yan 2016, 20:54

Beynəlxalq Bankda mənimsənilən pulları kompensasiya etmək üçün 3 milyard ayrıldı, amma vətəndaşlara gələndə pul yoxdur;

Natiq Cəfərli: «Bəs banklar batandan sonra hökumət nə edəcək?»


Vüqar Bayramov: «Məzənnəyə görə yaranan fərqi qapamaq üçün kredit götürənin əmək haqqı 3 dəfə yüksəlməlidir»


Dollarla krediti olan vətəndaşlara hökumətin yardım etməsi arxa plana keçə bilər. Baxmayaraq ki, bir müddət əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov 5 min dollara qədər olan kreditlərin məzənnə fərqindən yaranmış zərərin ödənilməsi ilə bağlı müzakirələrin getdiyini bildirmişdi. Amma üzərindən bir neçə gün keçəndən sonra baş bankir hökumət komandasının rəyini açıqlayaraq, güzəştlərin maliyyə intizamsızlığına gətirib çıxaracağını bəyan etdi. 

Daha sonra maliyyə naziri Samir Şərifov bununla bağlı daha sərt təpki nümayiş etdirdi. Nazir bildirdi ki, Azərbaycanda dollarla krediti olan borcalanlara güzəştlərin edilməsi ilə bağlı təkliflərdə əsas görmür: "Birincisi, nəyə görə, kiməsə güzəşt edilməlidir? Əgər bir qrup borc alana güzəşt ediləcəksə, sonradan başqa bir qrup borcalan peyda olacaq və deyəcək ki, bəs bizə niyə güzəşt etmirsiniz? Biz onlara nə cavab verəcəyik? İkincisi, bizdə olan məlumata görə, bəzi borcalanlar gözləmə mövqeyindədirlər. Onlar hesab edirlər ki, kimsə onlara kompensasiya verəcək. Ona görə də onlar borclarını ödəmirlər. Yaxud borclarına xidmət göstərmirlər". 

"Əvvəl məbləğ olaraq 10 mindən söhbət gedirdi. 10 min dollar üzrə kompensasiya məbləği 5 min manat idi. 5 min dollar üzrə isə 2500 manat idi. O qədər də az vəsait deyil. 250 milyondur, nə qədərdir deyə bilmərəm. Amma az vəsait deyil"-deyən nazir vurğulayıb ki, banklar müştərilərinə istehlak kreditini bir çox halda çox yüksək faizlə, 30-35 faizlə təklif edirdi: "O zaman nədənsə dövləti axtaran yox idi. Soruşan yox idi ki, bəs kreditlər bu faizlə nəyə görə verilir?".

Bəs dollarla olan kreditlər üzrə zərərin dövlət tərəfindən ödənilməsi hansı maliyyə intizamsızlığına gətirib çıxara bilər? Baş bankir və maliyyə naziri hansı problemləri nəzərdə tuturlar? 

 
İqtisadçı-ekspert  Natiq Cəfərli "Bizim Yol"a bildirdi ki, belə bir vəziyyətdə ortaya bir neçə sual çıxır: "Əsas suallardan biri odur ki, Azərbaycan Beynəlxalq Bankı heç bir nəzarət olmadan milyardlarla kredit vermişdi. Dövlət bu bankın problemli kreditlərinin həllini öz üzərinə götürdü və sağlamlaşdırma proqramı üçün 3 milyard manat ayırdı.

O vaxt bu kreditləri fiziki və hüquqi şəxslər, kommersiya qurumları götürmüşdü və bu zaman risk menecmentliyi sıfır idi, korrupsiya halları var idi. Özləri də bunu etiraf edirdilər. Burada dövlət öz köməyini göstərdi".

İqtisadçının fikrincə, sadə vətəndaşlarla bağlı hökumətin gətirdiyi arqument ilk baxışdan məntiqlidir: "İlk baxışdan dedikdə, Əmanətlərin Sığortalanması Fondunun olduğunu, bankların özəl bir qurum kimi öz strategiyalarının və risk menecmentliyinin olduğunu demək olar. 

Amma bu gün banklarda problemli kreditlər sürətlə artıb. Əgər vətəndaşlar iş yerlərini sürətlə itirirlərsə, o zaman sözügedən borcun həcmi də artacaq. Nəticədə kredit təşkilatlarının vəziyyəti daha da ağırlaşacaq. Əlbəttə, zamanında bankların da çox böyük səhvləri olub. Uzun illər çox primitiv bir modellə işləyirdilər. Beynəlxalq maliyyə qurumlarında ucuz faizlə, dollarla kredit cəlb edirdilər. Manatın dollara qarşı məzənnəsi 0.78 manat olduğu bir vaxtda çox sərfəli bir biznesi qurmuşdular. Bir tərəfdən manatı dollara dəyişərkən məzənnədə xeyli udurdular, digər tərəfdən həmin vəsaiti çox yüksək faizlə kredit şəklində əhaliyə verirdilər. Banklar tərəfindən belə bir siyasət yürütmək yanlış idi".

N.Cəfərli əlavə etdi ki, indi bank sistemi ciddi stress altındadır, vətəndaşlar borclarını qaytara bilmirlər: "Hökumət isə yaranmış problemdən yaxasını geri çəkərək, sanki burada heç bir rolunun olmadığı kimi davranır. Belə davam edərsə, banklarda böhran dərinləşəcək, onların bir-bir bağlanmasının şahidi olacağıq. Prosesin artıq başlandığını deyə bilərik. 7-nə yaxın bankın artıq lisenziyası ləğv edilib".

Ekspert əlavə etdi ki, bu prosesləri idarə etmək üçün hökumətin uzun vədəli addımları yoxdur: "Büdcədə problemlər olduğuna görə, vətəndaşlara heç bir yardım etmək istəmirlər. Bəs banklar batandan sonra hökumət nə edəcək? Problem böyük banklara sıçrasa, onların problemi artsa, o zaman maliyyə və fiskal sistemin vəziyyəti çətin hala düşəcək. Hökumət ancaq bir addımlığını görə bilir. Gündəlik problemlərin həlli Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmaq üçün artıq yetərli deyil. Bunun üçün uzun vədəli strategiya olmalıdır. Təəssüf ki, hökumətdən hər hansı bir addımı görə bilmirik. Əhalinin kredit qaytarmaq imkanları məhdudlaşıb. Kreditlər geri qayıtmadıqca, bankların bağlanması prosesi davamlı olacaq. 

Bu gün ölkədə iqtisadi vəziyyətin ağırlaşmasına gətirib çıxaran səbəb hökumətin maliyyə intizamsızlığıdır, Mərkəzi Bankın fiskal intizamsızlığıdır. Çünki indiyədək nə hesabatlılıq, nə şəffaflıq olub. Maliyyə intizamsızlığı nəticəsində ölkəyə külli miqdarda ziyan dəyib. Dövlət investisiyalarının xərclənməsində vəsaitlər korrupsiya yeminə çevrilib. Maliyyə nazirinin yanaşması ondan ibarətdir ki, bir qism borclar bağışlansa, digər qismi də bundan sui-istifadə edərək, ödənişlər etməyəcək, yenidən problemlər yaranacaq. İlk baxışdan doğru məntiqdir. Amma hazırda vətəndaşlar nə yeni, nə də köhnə məzənnə ilə borclarını qaytara bilmirlər. İnsanlar iş yerlərini itirirlər, gəlirsiz qalıblar. Təəssüf ki, doğru-dürüst açıqlama görmürük". 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə qeyd edib ki, Mərkəzi Bank və Maliyyə Nazirliyi devalvasiya nəticəsində yaranan fərqin bank faizlərinin azaldılması yolu ilə kompensasiya edilməsini təklif edir: "İzahat belədir ki, banklar uzun müddət gəlir əldə etdikləri üçün ziyanı kompensasiya etsinlər. Doğrudur, banklar uzun müddət yüksək gəlir əldə ediblər və biz bunu illərdir bildirirdik. Amma banklar yüksək faizlə vətəndaşlara yardım etməyiblər, onların qazandıqlarını əlindən alıblar. Maraqlıdır, o zamanlar Mərkəzi Bank niyə müdaxilə edib faizləri aşağı saldırmırdı? Yüksək faizlərdən qazanan vətəndaşlar olub?"

V.Bayramov əlavə edir ki, 21 fevral devalvasiyasından öncə dollarla kredit götürənlərin manatla əlavə xərci 2 dəfə, builki iki devalvasiya arasındakı müddət kredit alanların xərci 50 faizdən çox artıb. Bu isə o deməkdir ki, cəmi bir il əvvəl 10 min dollar kredit götürən şəxsə bank 7800 manat veribsə, indi əsas məbləğ faizlər hesablanmadan 16 min manat olub. 10 min dollarlıq kredit üzrə yalnız əsas məbləğdə 8200 manat fərq var. Deməli, bir il öncə 7800 manat kredit götürən şəxs faizlər ilə birlikdə banka 20 800 manat ödəməlidir. Məncə, bu rəqəmlərin müqayisəsi artıq bütün reallıqları göstərir: 10 min dollara görə əsas məbləğdən başqa 12 600 manat əlavə pul. Bu kredit məbləğinin manat ifadəsində 2.7 dəfə artması deməkdir".

İqtisadçının sözlərinə görə, bu fərqi qapamaq üçün kredit götürənin əmək haqqı da 3 dəfə yüksəlməlidir ki, ödəniş edə bilsin: "Son bir ildə nəinki Azərbaycanda, hətta dünyada da real əmək haqqı 3 dəfə artan insanlar barmaqla sayılır. Belə olan halda, kredit götürən ödənişi necə etsin? Tutaq ki, banklar faizləri sıfırladı. O zaman nə olacaq: fərq 3 dəfə deyil, 2 dəfə olacaq. Bu nəyi dəyişir ki? Ona görə də, Mərkəzi Bank kompensasiya ödənilməsi məsələsini gündəmdən çıxarmamalıdır. Bu yalnız vətəndaşlara yardım deyil, eyni zamanda bir sıra bankların müflisləşmədən qorunması baxımdan vacibdir. Kompensasiya məşhur "maliyyə intizamına" da təsir göstərməyəcək: kompensasiya verilir və Mərkəzi Bank elan edir ki, bundan sonra götürülən kreditlərə görə gələcək hər hansı yardım edilməyəcək. Bununla da, həm mövcud ödəniş problemləri aradan qaldırılır, həm də artıq vətəndaş kredit götürəndə bilir ki, gələcəkdə manat yenə də dəyər itirsə, ona daha yardım olmayacaq, xərci özü qarşılayacaq və özü məsuliyyəti bilib qərar verir. Məncə, indiki kredit problemindən çıxmağın sadə formulu budur"-deyə ekspert vurğuladı.

Vüsalə RÜSTƏMOVA
Oxşar xəbərlər