Siyasətdən voleybola zərbə...

  • 13 mart 2016, 16:36
Hər kəs razılaşmalıdır ki, Azərbaycan voleybolunun uğurları hələ bütün sahələrdə başımız aşağı olanda bizi dik durmağa, özümüzə "biz də varıq” deməyə ürəkləndirən yeganə səbəb, göstərici idi. O qədər də uzaq keçmiş deyil. Bunu indi bizə o günlərə əlimiz çənəmizə dirənik baxmağa məcbur edən adamlar daha yaxşı bilir. 

Başlayaq ondan ki, siyasi arenada onsuz da kiçilib yumağa dönmüş nəqliyyat naziri Ziya Məmmədovun Voleybol Federasiyasının prezidentliyindən də uzaqlaşdırılacağı gözləniləndir. Bu olay federasiya prezidentliyinə iki namizəd,  keçmiş "Azəryol” QSC indi isə Azəravtoyola yeni rəhbər təyin olunan Saleh Məmmədovla qurumun sabiq rəhbəri Cavid Qurbanov arasında hələlik açıq müstəviyə keçməyən mübahisələr yaradıb. Hər ikisi federasiya prezidenti olmaq istəyir. Əslində yuxarıda adı qeyd olunan məmurlar arasındakı mübarizəyə də, mübahisəyə də normal yanaşmaq olar. Amma bu çarpışma zamanında voleybol sahəsində qazanılan uğurları artıq heçə endirmək həddindədirsə və üstəgəl bu situasiyadan federasiyada həmçinin ayrı-ayrı klublarda, xüsusən də "Azəryol” və "Azərreyl”də sıravi insanlar əziyyət çəkirsə məsələ başqa tərəfdən yanaşma tələb edir. 

Bu idman da siyasətdir 

Özü də çirkin siyasət. Siyasətçilərin federasiyaya prezidentlik iddiası təkcə vəzifə iddiası deyil. O federasiyaya dövlət yetərincə maliyyə ayırır. Ayrıca əlavə vasaitlər də verilir ki, təki Azərbaycan idmanı inkişaf etsin. Bu arada qeyd eləmək yerinə düşər, Cavid Qurbanova ayrılan məbləğ Saleh Məmmədov üçün nəzərdə tutulandan daha böyükdür. Və o üzdən federasiyaya prezidentlik mübarizəsində Cavid Qurbanovun qalib gələcəyi istisna olunmur. Hələliksə mübahisələr davam etməkdədir. Və vəziyyət o həddə çatıb ki, xaricdən bu dövlətin böyük məbləğdə pulları hesabına alınan legioner oyunçuların mənzil kirələri zamanında ödənilmir. Azərbaycandakı oyunları idarə etmək üçün dəvət olunan hakimlərə otellərdə ucuz, soyuq otaqlar tutulur. Üstəlik o hakimlər həmin otel odasında üşüdükləri üçün geyimlə yatıb durmalı olurlar. Bundan başqa oyunçuların oyundan əvvəl dincəlməsi üçün nəzərdə tutulan iki-üç günlük otel xərcləri də odənilmir. Və ya zor-güc, xahiş-minnətlə yenə də soyuq, biabırçı otaqların kirayələnməsi ilə məhdudlaşır. Bu məqamda soruşmaq yerinə düşər ki, dövlətin ayırdığı pul hara gedir?! 

Hara getdiyini biz bilmirik, amma mütləq kimsə biləcək axı... Onda hansı cavabın veriləcəyi bizə də maraqlıdır. Yeri gəlmişkən, onu da qeyd eləmək lazım ki, "Azərreyl” komandası ətrafındakı mübahisə bu günlərdə qismən səngiyib. 
Başqa sözlə söz deyəcək hər kəsin "səsi alınib”. Ya ixtisara düşüblər, ya da işdən uzaqlaşdırılıblar. Və nə qədər qəribə görünsə də sevindirici haldır ki, işdən uzaqlaşdırılanlar əvvəlcədən xəbərdarlıq almadan işsiz qalmaq problemlərini çözməyin yolunu da tapıblar. Məsələn cənab Cavid Qurbanova aydınca bildirilib ki, vəziyyətlə bağlı məhkəməyə müraciət edəcəklər. İşçilərin bu tələbi və ya adını daha dəqiq söyləsək şantajı (çünki başqa yol olmayıb) üstündən şikayət etməmələri rica olunub. Üstəlik söz verilib ki, şikayət etməsələr üç aylıq məvaciblərini işləməsələr də aybaay alacaqlar. Yəni "Azərreyl”dən səs çıxsa-çıxsa üç ay sonra çıxacaq. Komanda olaraq isə zamanında hamının sevimlisi olan "Azərreyl”in sadəcə adı ötən illərdən bizə xatirə qalıb. Daxili çəkişmələr, mübahisələr və sözün əsl mənasında "razborkalar” komandanı bərbad hala gətirib. Onlar beynəlxalq yarışlarda heç bir mərhələyə keçə bilməyiblər. 

Ölkədə yeganə uğur qazanan klub isə "Azəryol”dur. 

O "Azəryol” ki, daxili və xarici oyunlardakı qələbələrinə görə, az büdcə ilə uğur qazana bilib. Komanda hazırda CEV mərhələsində yarımfinalda oyunlarını davam etdirməkdədir. Amma bu komandanın da başından qalmaqal əskik deyil. Son bir ayda iki-üç dəfə komanda üzvlərinə klubun bağlanacağı barədə xəbərdarlıq edilib. Özü də "bonkrot elan edəcəyik” 
formasında səslənib bu xəbərdarlıq. Kulubun maliyyələşdirilməsi işinə rəhbərlik edən Saleh Məmmədovun isə hələ ki, başı yeni təyin olunduğu qurumdakı islahatlara qarışıq olduğundan idmançıların başına bilərəkdən və ya bilməyərəkdən gətirilən oyunlardan xəbərsizdir. Bu yazını da o səbəbdən yazırıq ki, bəlkə xəbəri olmayan bütün dairələrin xəbəri oldu.
Və ayrıca gülüş doğuran bir məqam da budur ki, klub rəhbərliyi bir klubun bonkrot elan etməsi ilə, bağlanması arasındakı söz fərqini anlayacaq qədər deyil. Yəni bir idman klubu olsa-olsa bağlana bilər, bonkrotu hansısa maliyyə qurumu məsələn bank, şirkət edə bilər. Və nəhayət bu qədər bəsit düşüncə tərzi ilə siyasətin zirvəsində olan bu adamlara heyrətə paralel, həm də gülümsəyib, başını yırğalayıb baxmaqdan savayı heç nə gəlmir adamın əlindən... 

"Azəryol” ətrafındakı mübahisələrdə adı hallanan digər şəxs isə Cəmil Rüstəmxanlıdır. Klubun prezidenti, daha gənc və siyasətdə hələ xeyli naşı olan Cəmil Rüstəmxanlı Sabir və Tənzilə Rüstəmxanlıların övladı, həm də nəqliyyat nazirinin qardaşı qızının həyat yoldaşıdır. Vəziyyət bu ki, məsələn idmançı qızların əməkhaqları daxil bir çox məsrəflərə maliyyənin ayrılması işində problemləri məhz onun yaratdığı bildirilir. Əslində isə o maliyyəni sadəcə çatdıran tərəfdir. Və əgər bir şey yoxdursa onu necə çatdırmaq olar?.. Ya da "çatdırma” tapşırığı alan adam necə özbaşına addım ata bilər? Amma istənilən halda məliyyə verənlə idmançılar arasında qalan şəxs Cəmil Rüstəmxanlıdır və təbii olaraq indilik bütün ittihamlar da məhz ona yönəlikdir. 

"Azəryol” klubunun Polşa səfəri zamanı yaranan vəziyyət isə bütünlükdə Azərbaycan adına utancdır...

Belə bir mənzərə təsəvvür edin: Hansısa ölkəyə Azərbaycanı təmsil etmək üçün gedən heyət. Əyinlərində üzərinə AZƏRBAYCAN yazılan idman geyimləri. Fəxr olunacaq mənzərədir. Adamın bu şəraiti yaradan adamların başına dönməyi gəlir. Amma...Əmması bu ki, məsələn Azərbaycanı xarici yarışda, dövlətdə təmsil eləməyə gedən o idmançılara ən ucuz biletlər alınıb. Həmin idmançılar öz pullarıyla nahar etmək məcburiyyətində qalıblar. Bu da bir yana öz puluna yemək yeyən, ucuz biletlə yola çıxan idmançılar, bir də əllərindəki idman çantasına dirsəklənib altı saat yatmalı, növbəti reysi gözləməli olublar. Sonra saatlarla yol gedib yorğun-arğın oyuna çıxıb, uduzublar... Necədir? İndi də Azərbaycan adına adamın utanmağı gəlir, eləmi?!... Çünki uduzanın adı nə Saleh Məmmədov, nə də Cavid Qurbanov, nə Cəmil Rüstəmxanlı, nə də Ziya Məmmədovdur. Uduzanın adı AZƏRBAYCANdır. O Azərbaycan ki, adındakı hər hərfə adamın qurban olmağı gəlir!.. Nəhayət buna səbəb üç siyasətçinin Saleh Məmmədovun – Cavid Qurbanovun - Ziya Məmmədovun oyunu, mübarizəsi, mübahisəsidir. Bu üçlüyün mübarizəsi adama bir də məhşur Bermut üçbucağını xatırladır. Üçbucağa düşüb batmaq üzrə olan Azərbaycan voleybolu isə hələ də onu kiminsə xilas edəcəyinə ümidlidir. Bir də cənab məmurlar. Sizə ayrılan, tapşırılan, etibar edilən, uğruna nəinki Azərbaycanı, hətta bütün dünyanı dağıtmağa hazır olduğunuz o pullar və kreslolar həm də dövlətin sizə olan etibarıdır. Nə dövləti, nə də üstündə AZƏRBAYCAN yazılan idman geyimlərini dünyada rəzil etməyə haqqınız yoxdur o üzdən. Və yəqin bir azca insafı olanınız varsa dünyanın hansısa ölkəsinin aeroportunda, vagzalında üzərində AZƏRBAYCAN yazılan idman forması geyinmiş iyirmi adamın, idman çantasına dirsəklənib yatmasının nə qədər utanc gətirdiyini anlamısınız. Bu ölkə yetərincə layiq olmadığı rəzillik yaşayıb, daha yaşamasın!..

Teymur Əliyev / Bizimyol.info