İrandakı amerikalı məhbuslar azadlıqda

  • 17 yan 2016, 10:42

İran "Washington Post” qəzetinin müxbiri Jason Rezaian və daha üç amerikalını həbsxanadan azad edib. 39 yaşlı Rezaian ötən il İran məhkəməsi tərəfindən casusluq ittihamı ilə məhkum edilmişdi.

Hazırda azad olunmuş amerikalıların təyyarə ilə İsveçrəyə aparıldığı xəbər verilir. Buradan onlar tibbi müayinədən keçmək və mümkün müalicə almaq üçün ABŞ-ın Almaniyadakı hərbi-hava bazasına köçürüləcəklər.

Bununla əlaqədar, ABŞ hökuməti Amerika həbsxanalarında olan 7 iranlıya "mərhəmət göstərilməsi” qərarına gəldiyini bəyan edib.

Digər üç amerikalının adları Said Abedini, Amir Hekmati və Nosrətollah Khosravi-Roodsari olaraq açıqlanıb.

35 yaşlı Said Abedini xristian keşişidir və 2012-ci ildə "evdə kilsə təşkil etdiyinə” görə həbs edilmişdi. 32 yaşlı Amir Hekmati Amerika dəniz piyadasıdır. O, dörd il həbsxanada olub. Xosrov Roodsari adlı şəxsin isə ümumiyyətlə həbs olunması barədə xəbər verilməmişdi.

ABŞ rəsmiləri bildirirlər ki, məhbusların azad edilməsi prosesində diplomatik kanallar fəal olub.

Rəsmi məlumatda deyilir ki, İran tərəfi həmçinin "itkin amerikalı” Robert Levinsonun yerinin müəyyənləşdirilməsində əməkdaşlıq edəcəyini bildirib.

ABŞ həmçinin axtarışda olan 14 iranlının adlarını İnterpolun siyahısından çıxaracağını vəd edib.

İranın dövlət mediası bildirib ki, İran vətəndaşları Nader Modanlo, Bahram Meçanic, Xosrov Afgani, Araşh Qəhrəman, Tooraj Faridi, Nima Golestaneh və Ali Saboun bu siyahıda olan 14 nəfərin arasındadır. (azadliq.org)

Demokratik.Az