İstanbul uğurunda yarış qızışır

  • 30 may 2019, 09:30

Rəy sorğuları İmamoğlunu deyir, amma...

İyunun 23-də İstanbulda bələdiyyə sədri postuna təkrar seçkilər keçiriləcək. Hazırda seçki kampaniyasının ən qızğın dövrüdür. Bələdiyyə seçkiləri yalnız İstanbulda keçirilməsinə baxmayaraq həm hakim partiya, həm də müxalifət səfərbər olunub.

31 mart seçkilərində qalib elan oluna, ancaq daha sonra nəticələri ləğv olunan CHP namizədi Əkrəm İmamoğlunun kampaniyasına müxalif cinahdan ciddi dəstək var. Hakimiyyətdən narazı kütlələr İmamoğlunun kampaniyasına dəstək verir. Bundan başqa, CHP rəhbərliyi özü də birbaşa kampaniyaya dəstək verir, hətta bir neçə deputatı məhz İstanbul seçki kampaniyasında iştirak üçün ayırıb.

Eyni şəkildə hakim AKP də İstanbul seçkilərinə böyük önəm verir, prezident özü də vaxtaşırı İstanbula gələrək seçki mitinq keçirir. Daxili işlər naziri və digər hökumət üzvləri zaman-zaman ölkənin ən böyük şəhərinə gedərək AKP namizədi Binəli Yıldırıma dəstək olurlar.

Xatırladaq ki, 31 martda keçirilən seçkilərdə bir gündən sonra açıqlanan nəticələrə əsasən Əkrəm İmamoğlu 25 min səs fərqi ilə qalib gəlib. Ancaq AKP-nin etirazlarından sonra İstanbulun 39 rayonundan bəzilərində səslərin hamısı, bəzilərində isə etibarsız bülletenlər yenidən sayılmağa başlayıb. Bundan sonra iki namizəd arasındakı səs fərqi 13 minə enib, ancaq İmamoğlu qalib olaraq qalıb. Bundan sonra aprelin 17-də İstanbul seçki qurumu İmamoğlunun qələbəsini elan edib və sədr vəsiqəsini təqdim edib. Ancaq AKP-nin və MHP-nin şikayətlərindən sonra mayın 6-da Yüksək Seçki Qurumu 23 iyunda İstanbul bələdiyyəsi sədri postuna təkrar seçkilər elan edib.

Bəs xalq nə deyir? 23 iyunda keçiriləcək seçkilərdə xalqın rəyi necədir? Qeyd edək ki, artıq bir çox seçki araşdırma mərkəzləri İstanbul bələdiyyə seçkiləri ilə bağlı anket sorğuları keçirib. Bunların ən son açıqlanan bəzi nəticələrini qeyd edək.

"Optimar” Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən Əkrəm İmamoğlu 23 iyun seçkilərində 52 faiz səs alacaq. Və öz əsas rəqibi Binəli Yıldırımı 4 faizlik səslə geridə qoyacaq.

"MAK Danışmanlık” sorğu şirkətinin 11 min sakin arasında keçirdiyi anket sorğusunun nəticələrinə əsasən İmamoğlu Binəli Yıldırımı 2 faiz qabaqlayır. 15-20 may tarixlərində İstanbulda keçirilən rəy sorğusunda iştirak edən seçicilərin 50,3 faizi İmamoğluna, 48,2 faizi isə səsini Yıldırıma verəcəyini bildirib.

"MAK Danışmanlık” Araşdırma Şirkətinin keçirdiyi sorğuda iştirak edənlərin 47 faizi YSK-nın İstanbul seçkilərinin nəticələrini ləğv etməsi qərarını haqsız hesab edib. 43 faiz seçici isə YSK-nın qərarını dəstəkləyib. Maraqlıdır ki, sorğuya qatılan iştirakçıların 79 faizi 31 mart seçkilərində səs verdiyi namizədə yenidən səs verəcəyini deyib. Yalnız 13 faiz başqa namizədə səs verəcəyini deyib.

İstanbul seçkiləri ilə bağlı daha bir anket sorğusunu isə "A&G” şirkəti keçirib. Şirkətin prezidenti Adil Gür bildirib ki, YSK-nın İstanbul seçkilərinin nəticələrini ləğv etməsindən sonra İmamoğluna münasibət müsbətə doğru dəyişib. Gür bildirib ki. YSK-nın İstanbul qərarından sonra 3 ayrıca sorğu keçiriblər. Onun sözlərinə görə, səsvermədə iştirak edənlərin 25 faizi YSK-nın qərarının səbəbini anlamayıb. 31 mart seçkilərində İstanbulda ümumi seçicilərin 1,7 milyon nəfərinin səsverməyə getmədiyini qeyd edən Adil Gür ümumi olaraq bütün partiyalardan olan 300 min nəfərin 23 iyun seçkilərinə qatılacağını düşünür.

Eyni zamanda şirkət rəhbəri deyib ki, İstanbul seçkilərində həlledici səs HDP-nin tərəfdarlarının olacaq. Çünki HDP-nin İstanbulda 12 faiz səsi var. Ancaq bu kütlə indi böyük ölçüdə tərəddüdlüdür. Bu mənada İstanbul seçkilərinin nəticələri həm də Türkiyənin 23 iyundakı siyasi vəziyyətindən asılı olacaq.

Oxşar xəbərlər