Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib

  • 19 sen 2018, 08:03

Şimali və Cənubi Koreyanın rəhbərləri Pxenyanda danışıqlar aparıblar.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

Məlumatda bildirilir ki, KXDR lideri Kim Çen In danışıqlar zamanı iyunun 12-də Sinqapurda keçirilmiş tarixi görüşün təşkili üzrə səylərə görə ABŞ prezidenti Donald Trampa və Cənubi Koreyanın dövlət başçısına minnətdarlığını bildirib.

"Mun ABŞ və Şimali Koreya arasında tarixi danışıqların başlanmasına kömək göstərib. Bu danışıqlar sayəsində regiondakı siyasi vəziyyət sabitləşib, KXDR və Birləşmiş Ştatlar arasında münasibətlərdə tərəqqi gözlənilir. Prezident Muna bir daha təşəkkürümü bildirirəm", - deyə Şimali Koreya lideri bildirib.

Cənubi Koreyanın rəhbəri Mun Çje İn öz növbəsində KXDR liderinin cəsarətli qərarını alqışlayıb. "Bu prosesin (Vaşinqton və Pxenyan danışıqları- red) həllində Kim dayanır. Bu məsələdə ona qətiyyətinə görə təşəkkür etmək istəyirəm", - deyə Cənubi Koreyanın dövlət başçısı bildirib.

Qeyd edək ki, Cənubi Koreyanın prezidenti şimal və cənub arasında keçiriləcək sammitdə iştirak etmək üçün Pxenyana üç günlük rəsmi səfərə gəlib.

Pxenyanın Sunan beynəlxalq hava limanında Mun Çje İni KXDR lideri Kim Çen In qarşılayıb.

Səfərdə Cənubi Koreya liderini onun həyat yoldaşı Kim Consuk və 110 nəfərlik nümayəndə heyəti müşayiət edir. Cənubi Koreyanın daha 90 məmuru Pxenyana sentyabrın 16-da gəlib.

Oxşar xəbərlər