Qüdsə görə bütün müsəlman dövlətləri İstanbul zirvəsinə toplaşır

  • 12 dek 2017, 09:40

Qabil Hüseynli: "Donald Trampın qərarı sivilizasiyalararası münasibətlərə çox böyük zərər vurdu”

Dekabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin başçılarının növbədənkənar zirvə toplantısı keçiriləcək. Dövlət başçıları ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarı, qərardan sonra yaranmış vəziyyəti müzakirəyə çıxaracaqlar.

Qüds məsələsinə görə Türkiyə prezidentinin İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar toplantısını təşkil etməsi sosial şəbəkələrdə və media orqanlarında müxtəlif istiqamətlərdən şərh edilir. Bəziləri isə sual şəklində belə bir fikir də irəli sürüblər ki, Qüdsə görə İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısı keçirilirsə, nədən işğal olunmuş Qarabağa görə də belə bir toplantı keçirilmir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Yeni Müsavat”a bildirdi ki, Qüds məsələsinə müsəlman dövlətlərinin həmrəyliyini ortaya qoymaq və bunun üçün növbədənkənar zirvə toplantısının çağırılması tamamilə təbiidir, həmçinin doğru addımdır. Çünki yalnız belə bir həmrəyliklə sivilizasiyalararası qarşıdurmalar yaradacaq qərarların, addımların qarşısını almaq olar. Bəzilərinin Qüdslə Qarabağ məsələsini eyniləşdirilməsi isə bir qədər səthi yanaşmanın nəticəsi sayıla bilər. "İslam Əməkdaşlıq Təşkilatının Qüdsə görə zirvə toplantısı çağırılırsa, niyə belə bir zirvə toplantısını da Qarabağa görə çağırmırlar” kimi fikirlər söyləməzdən əvvəl tarixə bir ekskurs etmək lazımdır: "Mərakeşin Kasablanka şəhərində İslam Əməkdaşlıq Təşkilatının 6-cı zirvə toplantısında Qarabağ məsələsi ilə bağlı çox ciddi, təsirli və işğalçını ittiham edən qətnamə qəbul edilmişdi.

"Vaxtilə bu şəhər müsəlmanların qibləsi olub. Məhəmməd Peyğəmbər səlavatullah məhz Qüdsdəki «Əl-əksa» məscidində namaz qılarkən ona Allah tərəfindən vəhy göndərilib”

Həmin zirvə toplantısında şəxsən mən iştirak etmişəm. O zaman İslam Konfransı Təşkilatı adlanırdı. Həmin zirvə toplantısına rəhmətlik Heydər Əliyevin rəhbərliyi altında bir nümayəndə heyəti getmişdi. O zaman Azərbaycana, Azərbaycanın problemlərinə, xüsusən də Qarabağ məsələsinə xüsusi bir diqqətin şahidi olduq. Qarabağa dair ayrıca bir qətnamə qəbul edildi. Bu qətnamədə erməni təcavüzü pislənildi və erməni qoşunlarının dərhal işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması qətnamədə tələb kimi qoyulmuşdu. Qarabağ məsələsinə dünyada ən düzgün, ədalətli yanaşma sərgiləyən beynəlxalq təşkilat məhz İslam Əməkdaşlıq Təşkilatıdır. Bu təşkilat Qarabağ məsələsi ilə bağlı dəfələrlə çox ədalətli, qəti mövqe ortaya qoyub. İƏT ilk beynəlxalq təşkilatdır ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünü, torpaqlarımızı ermənilərin işğal etdiyini açıq şəkildə rəsmi olaraq bəyan edib. İslam Əməkdaşlıq Təşkilatının hər zirvə toplantısında mütləq Qarabağ problemi barədə müzakirə gedir, fikirlər bildirilir, qəbul edilən qətnamələrin mətninə Azərbaycanın ərazi bütövlüyü məsələsi, Qarabağın işğaldan azad olunmasının vacibliyi məsələsi daxil edilir. Bu səbəblərdən Qarabağ məsələsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısına ehtiyac duyulmur. Mən cəsarətlə deyə bilərəm ki, Qarabağ problemi daim İslam Əməkdaşlıq Təşkilatının gündəmindədir. Belə bir mövqe problemin həllinə kifayət qədər kömək sayılmalıdır”.


"Qarabağ məsələsinə dünyada ən düzgün, ədalətli yanaşma sərgiləyən beynəlxalq təşkilat məhz İslam Əməkdaşlıq Təşkilatıdır”

Q.Hüseynli daha bir tarixi nüansı diqqətə çatdırdı və qeyd etdi ki, Qüdslə bağlı ABŞ prezidentinin məlum qərarından sonra İslam Əməkdaşlıq Təşkilatı toplanmaya bilməzdi. Çünki Qüds bütün müsəlman dünyasının, İslam dininin müqəddəs şəhəridir: "Vaxtilə bu şəhər müsəlmanların qibləsi olub. Məhəmməd Peyğəmbər səlavatullah məhz Qüdsdəki «Əl-əksa» məscidində namaz qılarkən ona Allah tərəfindən vəhy göndərilib. Bundan başqa, Qüdsdə İslam dünyası üçün əziz olan ikinci bir məscid də var. Qüds uzun illər Ərəb Xilafətinin hökmranlığı altında olub. Ondan sonra isə Osmanlı İmperiyasının tərkibində olub. 1920-ci ilə qədər Qüds İslam dünyası ilə bağlı şəhər olub. Bu şəhər həm də digər dinlərin iudaizm və xristian dinlərinin müqəddəs yerlərinin yerləşdiyi bir məkandır. Qüdsün unikallığı da buradadır ki, şəhər üç səmavi dinin müqəddəs yerlərini özündə qoruyub saxlayır. Beləliklə də sivilizasiyalararası tolerantlığa həmişə töhfə verir. Zənnimcə, Donald Trampın qərarı sivilizasiyalararası münasibətlərə çox böyük zərər vurdu».

Politoloq sonda dedi ki, İƏT-in bu növbədənkənar zirvə toplantısının da hansısa formada Qarabağ məsələsinə də toxunacağını istisna etmir. /Etibar SEYİDAĞA/

Oxşar xəbərlər