Fransanın yeni siması Makron kimdir?

  • 09 may 2017, 07:38
Fransada prezident seçkilərinin dünən keçirilmiş ikinci turunun yekunlarına əsasən Beşinci Respublikanın səkkizinci prezidenti seçilmiş Emmanuel Makron1977-ci il dekabrın 21-də anadan olub.
Nevrologiya professoru və tibb elmləri doktorunun oğlu Emmanuel Parisdə Siyasi Araşdırmalar İnstitutu və Milli Aadministrasiya Məktəbini bitirib. 1999-2001-ci illərdə məşhur fransız filosofu Pol Rikerin köməkçisi və 2006-2009-cu illərdə Sosialist Partiyasının üzvü olub.
Baxışları
Makron Avropasevər və qatı atlantçıdır. Angela Merkel tipli çağdaş siyasətçilərin əksərindən fərqli olaraq, açıq qapılar siyasətinin tərəfdarıdır. Xüsusi xidmətlər, ordu və polisin maliyyəsinin artırılmasını dəstəkləyir. Terrorizmə qarşı mübarizənin sərt tərəfdarıdır. Möminlərin öz dini hisslərini aşkar şəkildə sərgiləməyini qətiyyən və sərt şəkildə  xoşlamır, amma möminlər üçün qüvvədə olan qanunları hədsiz dərəcədə qəddar sayır. Bir neçə il əvvəl ənənəçi katolik idi.
 
Siyasi mövqeyi
 
Makron xarici siyasətdə Martin Şultsun AFR kansleri seçiləcəyi halda onunla əməkdaşlığa hazır olan Avropa federalçısıdır. Xarici yatırımların məhdudlaşdırılması uğrunda çıxış edir, AB ilə Kanada arasındakı ticarət sazişini dəstəkləyir. Fəlsətin dövlətinin tanınmasını müdafiə etmir. 2016-cı il aprelin 6-da "nə sağçı, nə də solçu” adlandırdığı "İrəli” ("En marche”) mütərəqqi hərəkatı yaradıb. O, heç bir seçkidə namizəd irəli sürməmiş bir hərəkat qurub.
Makron 2016-cı il noyabrın 16-da 2017-ci il prezident seçkilərinə qatılacağını elan edib və dərhal bestsellerə çevrilmiş "İnqilab” ("Révolution”) proqram-kitabını çap etdirib.

Amma namizədin bioqrafiyasında ən maraqlı səhifələrdən biri şəxsi həyatıdır. O, 2007-ci ildə otuz yaşında özünün keçmiş fransız dili müəlliməsi, ondan 24 yaş böyük və orta məktəb dövründən vurulduğu Bricit Tronye ilə ailə qurub.
Şübhəsiz, bu qadın namizədin prezidentlik yolunda ən məşhur yol yoldaşıdır. Cütlüyün ictimaiyyət içində ilk dəfə birgə görünməyi 2015-ci il iyunun 2-də İspaniya kralı Felipe və xanımı ilə rəsmi nahar vaxtı baş verib. O zaman hələ iqtisadiyyat naziri olan Makron 56 yaşlı arvadı Bricit Tronye ilə fotokameralar üçün poza verib.
Onların sevgi tarixçəsi cəmiyyətdə qızğın müzakirə olunub. Bricit Makrona fransız dili və teatrına sevgi aşılayıb. Cütlüyün münasibəti başlanarkən Bricit buna son qoymaq istəyib, Makron isə cavab verib: "Nə edirsiniz, edin, sizinlə ailə quracağam!”
O, sözünün üstündə durub. Onların sevgisinin tarixi geniş məlumdur, cütlük şəxsi həyatın təfərrüatını gizli saxlayır. Tronyenin əvvəlki nikahdan üç böyük uşağı və artıq altı nəvəsi var. Makronun öz övladı yoxdur, buna görə də Sebastyan, Lorans və Tifen Tronyelərə çox bağlıdır.
Fransız dili müəlliməsi Bricit Amenyedə yaxşı nüfuzu olan və makaronları ilə ad çıxarmış böyük şokoladçı ailəsində doğulub. Fransanın VSD dərgisinin 2015-ci ildə yazdığına görə, "bu, soyadını şəhərə girərkən məşhur makaron və şokolad reklamlarında görmək mümkün olan burjuaziya ailəsidir”.
Cütlük asudə vaxtını artıq 15 ildən çox sahibi olduğu və ailə qurduğu villanın yerləşdiyi Tukda keçirir.
Bricit martın 8-də "İrəli!” partiyasının toplantısında əri ilə yanaşı səhnədə olub, onun dodaqlarından öpüb və hətta bir neçə söz deyərək iştirakçıları şoka salıb.
Makron dəfələrlə bildirib ki, xanımı onun kampaniyasında başlıca rol oynayır, gələcəkdə isə, ola bilsin,Yelisey sarayında da əsas sima olacaq. Makron çoxdan qət edib ki, siyasi karyerasını "çox şeyə görə borclu olduğu” xanım ilə bölüşsün. Makronun sözlərinə görə, siyasətçi və şəxsiyyət kimi formalaşmasında məhz bu qadın həlledici rol oynayıb. Bununla belə, Bricit Makron siyasi xadim olmağa hazırlaşmır. O, sadəcə, ərinin "yanında” olmaq istəyir.
Emmanuel Makron Fransua Ollandın şəxsi həyat üslubunu tənqid edərək bildirib ki, arvadı ondan geridə qalmayacaq, Tvitter postlarının arxasında gizlənməyəcək.
 
Makron və Rotşildlər

Makron məhz Rotşildlərin bankında işləyəndə cəmi bir neçə il ərzində müdir-tərəfdaş olub və milyonlarla sərvət toplayıb. Və məhz bu inanılmaz uğurlu tarixdən də onun böyük siyasətə yolu başlanıb. Məşhur fransız mühafizəkar siyasətçisi İvan Blo populyar sui-qəsd nəzəriyyələrini beyinlərdən atmağı və faktlara, konkret adlara əsaslanmağı xahiş edir: "Bankir müsyö Attali - əslində, məhz bu adam Makronu Rotşildlərlə tanış edib. O, Rotşild bankının təkcə əməkdaşı deyil, bu ailənin yaxın dostudur. Hətta onların qarşısında borcludur, buna görə də ailə onun namizədliyinə heç şübhə etmirdi”.
Jak Attalini Beşinci Respublikanın boz kardinalı adlandırırlar. O, baron David Rene de Rotşildin yaxın dostu, yazıçı, iqtisadçıdır. Vaxtilə Mitteranla işləyib. Makronun birinci turdakı qələbəsini restoranda məhz o, qeyd edib.
Rusiya bankiri Aleksandr Lebedev bildirir: "Attali bu meydanda, doğrudan da, ciddi oyunçudur. Yeri gəlmişkən, mən onu hələ Avropa Yenidənqurma Bankını yaratdığı vaxtlardan tanıyıram”.
Rusiyalı bankir Avropa bank maşınının vintlərinin necə fırlandığının sirrini bölüşür: "Rotşildlərin bankı nəyi ifadə edir? Əksər hallarda mənşəcə "çirkli pullar"ı yığmaq və yumaq üçün maşındır”.
İsveçrə publisisti Manfred Petriçin versiyasına görə, Emmanuel Makronun işləri 2014-cü ildən yağ kimi getməyə başlayıb - "Bilderberq" klubu ona istinad edərkən. Bu klub, bir növ, dünyanın kölgə hökuməti olmağa və ölkələrin, xalqların taleyini həll etməyə çalışan siyasətçi və biznesmenlərin məxfi toplantısıdır.
Publisist Manfred Petriç: "Makron 2014-cü ildə Kopenhagendə Bilderberq klubunun görüşünə ilk dəfə qatılıb. Onu orada görəndə başa düşdüm ki, onu birtəhər yüksəltmək üçün nəsə etməlidirlər. Və əslində, bu, baş verib. Bilderberq klubu və Rotşildlər Fransa KİV-lərinə nəzarət edirlər. Onlar onu seçiblər və o da prezident olacaq”. Rotşildlərin özləri də Makronla əlaqələrini gizlətmirlər.
"Financial Times» isə  qəzeti bu seçkinin Fransanı parçaladığını yazır. Seçkinin hər iki raundunda seçici siyahılarının dairələr üzrə təhlili onların iki namizəd arasında necə bölündüyünü ortaya çıxarır.
Makron birinci raundda solçu namizədlər Jean-Luc Mélenchon və Benoît Hamona səs vermiş elektoratı tərəfinə çəkə bilib. Maraqlısı odur ki, birinci raundda sağ-mərkəzçi François Fillona səs verənlərin, demək olar ki, yarısı ikinci raundda onu dəstəkləyib.
Le Pen-ə gəlincə, o, ikinci raundda Fillon tərəfdarlarının, eləcə də Mélenchon seçicilərindən 10 faizinin səsini qazanıb. Gözlənildiyi kimi, Mélenchon tərəfdarlarından üçdə birindən çoxu səsverməyə getməyib. Qəzet yazır ki, Avropa Makronun qələbəsindən sonra rahat nəfəs aldı. Bəs o, dəstəyini necə qazandı? Məqalədə bu qələbənin səbəbləri araşdırılır.

Təhsil və gəlir amili 

Təhsil səsvermədə əsas faktoru sayılır. Universitet təhsilli şəxslərin daha çox olduğu ərazilərdə Makrona səs verənlərin faizi yüksəkdir. Le Pen isə təhsil səviyyəsi aşağı olan yerlərdə üstünlük qazanıb. "Financial Times” oxşar təhlili 2016-cı ildə Böyük Britaniyanın Avropa Birliyindən çıxmasıyla bağlı referendum vaxtı (Brexit), eləcə də ABŞ-da prezident seçkisiylə bağlı da aparmışdı. Yəni həmin səsvermələrdə də populist yanaşmanı aşağı təhsillilər seçmişdi.
Qəzetin üstündə dayandığı digər amil gəlirlərdir. "FT” yüksək gəlirli şəxslərin Makrona daha çox səs verəcəyini proqnozlaşdırmışdı. Maraqlısı odur ki, yüksək gəlirli şəxslər şəhər yerlərində yaşayırlar və bu zaman digər sosial faktorlar da təsirini göstərir. "Brexit” referendumunda da az gəlirlilərin AB-dən çıxmağa səs verdilər.
Marine Le Penin seçiciləri arasında əsas qüvvələrdən biri fəhlə sinfidir. Bu kateqoriyaya əl əməyi ilə çalışanlar və xidmət sektorundakı məhdud bacarıqlı işçilər daxildir. Bu sinif ona görə Le Penin arxasınca gedib ki, özlərini isteblişment tərəfindən tərk edilmiş və qlobalizasiya qurbanları kimi görürlər. Ancaq FT-nin təhlili reallığın daha mürəkkəb olduğunu göstərir. Təhsil və yaş məsələsi nəzərə alınanda, fəhlə sinfi amili kiçilir. Çünki universitet təhsilli şəxslər daha məhdud bacarıq tələb edən peşələrdə çalışmırlar. Digər tərəfdən fəhlə sinfi daha çox mühacirlərdən ibarətdir ki, onların da səsvermə hüququ yoxdur. Aşağı gəlir kimi, işsizliyi də Le Pen qlobalizasiyanın nəticəsi adlandırıb. Birinci raundda işsizlik Mélenchon-a səs verənlərin əsas indikatoru idi. Maraqlıdır ki, ölkə üzrə xarakterik olan işsizlik şəhər yerlərində Le Pen-in səs qazanmasında elə də böyük rol oynaya bilməyib.
İkinci raundda seçicilər arasında rəy sorğuları Le Pen tərəfdarlarının gələcəklə bağlı daha bədbin olduğunu göstərib. Makrona səs verənlərə baxanda, onların gələcək barədə fikirləri daha bədbindir.
Uzunömürlülərin üstünlük təşkil etdiyi regionlar daha çox Makrona səs veriblər. Bu əlaqə yetərincə aydın olmasa da, ömür uzunluğunun yaxşı yaşayış və bədbinliklə əlaqəsini düşünənlər var. Görünür, rifahla bağlı fikirlər, həyata müsbət yanaşma seçiciləri Le Pen-in mənfi emosiyalarından daha çox cəlb edib, onlar daha müsbət mesaj verən namizədi dəstəkləyiblər. İmmiqrasiyaya gəlincə, FT konkret ərazilərdə mühacir sayıyla Le Penin səs faizləri arasında birbaşa əlaqə tapmayıb. Amma rəy sorğuları Le Pen tərəfdarlarının immiqrasiyanı da nəzərdən keçirdiyini göstərib. Son illər qaçqın böhranı və terror hücumları Fransanı silkələyib. Brexit referendumunda da oxşar durum yaranmışdı, mühacirlərə qarşı çıxanlar birlikdən çıxmağa səs verdilər. Səsvermədə antiisteblişment ovqatı da az rol oynamayıb. Seçici nə qədər solyönümlü olsa da, Macron-a üstünlük verib. Amma burda bir istisna var. Özünün siyasi baxışlarını "ifrat solçu” sayanlar, "solçu” və "solmeylli”lərdən daha artıq dərəcədə Le Pen-i dəstəkləyiblər.

Politoloq:  «Regionda əsas oyunçular Rusiya və Türkiyə qalacaq»

Emmanuel Makronun prezident seçilməsindən sonra Fransanın Cənubi Qafqazla bağlı siyasəti heç bir şəkildə dəyişməyəcək. Bunu Trend-ə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib. Onun sözlərinə görə, Fransanın bu regionla bağlı dəqiq siyasəti mövcud deyil: "Cənubi Qafqazda əsas oyunçular Rusiya və Türkiyə qalacaq. Azərbaycan KİV-ləri Marin Le Penin seçkiqabağı şüarlarından narahatlığını bildirirdi. Amma əvvəldən də görünürdü ki, bütün bu siyasi şüarlar elektorata yönəlmiş addım idi”.
Ekspertin fikrincə, Fransa, böyük ehtimalla Avropa İttifaqı ilə vahid tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərəcək və müəxtlıif məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümumi mövqe bildirəcək.
Oxşar xəbərlər