Gəncədə 5 saylı Notarius saxta diplomla ittiham olunur

  • 07 yan 2016, 22:10

Ötən yazılarımızda biz bəzi notariat kontorlarının işində müşahidə olunan müxtəlif qanun pozuntularına dair bir neçə tənqidi material dərc etmişik. Bu qanun pozuntuları nəticəsində zərər çəkmiş müxtəlif vətəndaşlar tərəfindən təqdim olunmuş məlumatlar əsasında hazırlanmış həmin materiallarda, bu notariat kontorlarına rəhbərlik edən şəxslərin özbaşınalıqları öz əksini tapmışdı. Bu günlərdə bizimdovr.az-a daxil olmuş növbəti məlumatda isə, notariusun işində yol verdiyi qanun pozuntularından deyil, onun bu vəzifəyə təyin olunmaq üçün törətdiyi saxtakarlıqdan bəhs olunur. Məlumatda deyilir ki, Gəncə şəhərində fəaliyyət göstərən 5 saylı notariat kontoruna rəhbərlik edən xüsusi notarius Ələkbərov Aris Elman oğlu, bu vəzifəyə təyinat almaq üçün Ədliyyə Nazirliyinə saxta diplom təqdim etmişdir. Bu xüsusda açıqlama verən mənbə bildirir ki, Aris Ələkbərovun ümumiyyətlə ölkənin Ədliyyə sistemində çalışmağa başlaması ilk dəfə Gəncə Apelliyasiya Məhkəməsinin hakimi Elşad Bayramovun səyi nəticəsində baş tutub. Belə ki, Elşad Bayramov hələ Samux rayon Məhkəməsində hakim kimi çalışdığı zaman Aris Ələkbərovu da öz yanında işə qəbul olunmasına nail olub. Bu məmurun sonrakı karyera yüksəlişini isə, mənbələr artıq onun öz fərasəti və qismən də, Milli Məclisin vitse-spkeri Valeh Əsgərovun himayəsi ilə bağlayırlar. Belə ki, rayon məhkəməsində bir müddət işlədikdən sonra, Aris Ələkbərov Samux rayon Qeydiyyat Şöbəsinə təyinat alır. Daha bir qədər sonra da, bu məmur xüsusi notarius adını alaraq, Gəncə şəhərindəki 5 saylı notariat kontoruna rəhbərlik etməyə başlayır. Ehtimal etmək olar ki, ötən əsrin 90-cı illərində ölkədə müşahidə olunan müəyyən qarışıqlıq səbəbindən Aris Ələkbərovun da Ədliyyə Nazirliyinə təqdim etdiyi diplomun saxta olduğu diqqətdən yayınmış, bəlkə də kimlərsə buna qəsdən göz yummuşlar. Əlbəttə, dövlət məmurunu belə bir saxtakarlıqda ittiham etmək üçün kifayət qədər ciddi dəlillər tələb olunur. Amma hesab edirik ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ünvanlanmış müvafiq sorğuya cavab olaraq, bu qurumun Aparat rəhbəri Nərminə Babayeva tərəfindən imzalanmış məktubu tutarlı dəlil hesab etmək olar. Məktubda deyilir: "Sizin 11 noyabr 2015-ci il tarixli, 165 saylı məktubunuza cavab olaraq bildiririk ki, Ələkbərov Aris Elman oğlu adlı şəxs (doğulduğu tarix 22.04.1978) 1995/1996-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı III ixtisas qrupu üzrə keçirilmiş test imtahanında iştirak etmək üçün ərizə vermiş, lakin imtahanda iştirak etməmiş, 2006-2007-ci tədris ilində isə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı II ixtisas qrupu üzrə keçirilmiş test imtahanında iştirak etmiş və heç bir təhsil müəssisəsinə qəbul olmamışdır.” Qeyd edək ki, Aris Ələkbərovun özü də müəmmalı diplom məsələsi ilə bağlı ona ünvanlanan sorğuları birmənalı cavablandırmır. Mənbə iddia edir ki, belə sorğulardan birinə cavab olaraq xüsusi notarius belə bir fikir ifadə edib: "Yaxşı olar ki, mənim hansı səbəbdən diplomsuz işləməyim haqda sualı cənab nazirimizə verəsiniz...” Əlbəttə, biz çox ümid edirik ki, bu məsələ Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən diqqətə götürüləcək və müvafiq araşdırma aparılacaq. Bununla belə, Aris Ələkbərovun bu cavabla nəyə işarə etdiyinə dair onun özündən açıqlama eşitmək də olduqca maraqlı olardı..


 

Demokratik.Az saytı qarşı tərəfin də söz haqqını tanıdığını bəyan edir.

 

Demokratik.Az


Oxşar xəbərlər