Frenk Elkaponi:«Nazim İbrahimov öz kreslosunda o qədər oturub ki,"...

  • 19 mart 2016, 19:12

Xaricdə yaşayan nüfuzlu həmyerlilərimizin fəaliyyəti həmişə Azərbaycanda diqqətlə və maraqla izlənib. Çünki bu şəxslərin fəaliyyətini necə qurması təkcə həmin ölkədə bir millət olaraq azərbaycanlılara münasibəti formalaşdırmır, həm də ölkələrarası təmasda, əlaqələrdə çox önəmli rol oynayır.

Bu baxımdan, son vaxtlar gərginləşən Rusiya-Türkiyə münasibətləri fonunda şimal qonşumuzda yaşayan nüfuzlu azərbaycanlıların fəaliyyəti daha çox maraq doğurur.

Həm bu, həm də ümumiyyətlə Rusiyadakı Azərbaycan diasporu daxilində baş verən ziddiyyətli hadisələrin səbəbləriylə bağlı Rusiyada, eləcə də ölkəmizdə adı kifayət qədər populyar olan belə nüfuzlu həmyerlilərimizdən biri – Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın və  "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri, ictimai-siyasi xadim Fizuli Məmmədovla müsahibəni təqdim edirik.

Xaricdə yaşayan azərbaycanlılarla işi düzgün təşkil edə bilmədiyinə görə Diasporla İş üzrə Dövlət Komitəsini sərt tənqid edən Fizuli Məmmədov Rusiyadakı azərbaycanlıların birliyinə nail olmaq üçün nələri etməyin vacibliyi haqda da maraqlı fikirlər səsləndirib:

 

– Fizuli müəllim, qarşıdan Azərbaycanın əsas milli bayramı olan Novruz bayramı  gəlir. Çox minilliklər ərzində belə bir adətimiz formalaşıb ki, Novruz bayramı ərəfəsində bütün küsülü azərbaycanlılar bir-birini bağışlayır və barışırlar. Təəssüf olsun ki, ötən il Rusiyadakı  və xaricdəki Azərbaycan diasporunun bir çox tanınmış nümayəndələri daxili ziddiyyətlərlə çəkişdilər. Nəticədə isə, "AzerRos” Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyatı ("FMMM AzerRos”) və Dünya Azərbaycanlıları Konqresi belə mübahisələrin qurbanı oldu və parçalanaraq aktiv fəaliyyətlərini dayandırdılar. Bu gün Novruz Bayramı ərəfəsində Azərbaycan diasporunun bir-birləri ilə küsülü olan xadimlərini barışdırmaq mümkündürmü?

 

– Çox təəssüf ki, Azərbaycan diasporunun dünyadakı ən çoxsaylı diasporlardan biri olmasına baxmayaraq, birlik və həmrəylik problemləri bütün bu diaspor təşkilatları üçün bu günədək əsas problem olaraq qalmaqdadır. 

Xalqımızın həyatında «Novruz bayramı» hər zaman milli barışıq günü olub və qalmaqdadır. Buna görə də biz qarşılıqlı kompromis abu-havasında ortaya çıxan bütün fikir ayrılıqlarını həll etmək və Rusiyada Azərbaycan diasporunun daha da bölünməsinə imkan verməmək üçün Azərbaycan diasporunun bütün rəhbərlərini və nüfuzlu fəallarını yenidən birlikdə toplaşmağa çağırırıq. Azərbaycanlıların dünyadakı bütün diaspor təşkilatlarını birləşdirməyə çalışan bizim ittifaq Azərbaycan diasporunun rəhbərlərinin və fəal üzvlərinin barışıq qurultayının keçirilməsi üçün bütün təşkilati məsələləri öz üzərinə götürməyə hazırdır.

 

– Sizin fikrinizcə, son zamanlarda Azərbaycan diasporu içərisində tez-tez baş verən fitnə və mübahisələrin səbəbi nədir?

 

– Azərbaycan diasporunun əsas problemi  – liderlik uğrunda mübarizədir. Məhz bəzi rəhbərlərin yüksək liderlik ambisiyaları bu ictimai təşkilatlar içərisində müxtəlif fəsadlara gətirib çıxarır. Çox böyük təəssüflə qeyd edirəm ki, liderlər arasında ’’ən böyük’’ olmaq ‘’rütbəsi’’ uğrunda sərt mübarizə bu günkü gündə Azərbaycan diasporunun yalnız Rusiyada deyil, digər ölkələrdə də əsas problemidir. Bütün intriqalar  o zaman başlayır ki, kimin rəhbər olması və kimin daha çox nüfuzunun və gücünün olması barədə pərdə arxasında gizli danışıqlar gedir. Belə danışıqlar həmişə diaspor içərisində müxtəlif qruplaşmaların yaranmasına və nəticə olaraq da parçalanmalarına gətirib çıxarır. Biz unutmamalıyıq ki, istənilən diasporun gücü və nüfuzu onun birliyindən və təşkilatlanmasından asılıdır.

 

– Amma Azərbaycan təşkilatları arasında və daxilində müxtəlif çəkişmələrin və maraq toqquşmalarının getdiyi bir vaxtda diasporun birliyindən və təşkilatlanmasından danışmaq çox çətindir. Diasporumuz daxilində bu çəkişmələrə və münaqişələrə necə son qoymaq olar? 

 

– Mən hətta bir il öncə təklif etmişdim ki, «Azərbaycan diaspor təşkilatlarının etik normalar məcəlləsi» qəbul edilsin və həmvətənlərimizin bütün diaspor strukturları onun tələblərinə məcburi əməl etsinlər. Belə bir Məcəllənin qəbul edilməsi birdəfəlik və həmişəlik çəkişmələrə və münaqişələrə son qoyacaq.

 

– «Azərbaycan diaspor təşkilatlarının etik normalar məcəlləsi» də hansı meyarlar öz əksini tapacaq?

 

– Bu məcəllədə həmvətənlərimizin diaspor təşkilatlarının bu gün qarşılaşdığı problemləri həll edə biləcək dəqiq qaydalar işlənməlidir. Azərbaycan diasporlarının vahid qanad altında birləşdirilməsi üçün diasporun işləri ilə məşğul olan insanlar müəyyən meyarlara əməl etməlidirlər. Məsələn, diaspor təşkilatlarına kollegial rəhbərliyin effektiv işlək sistemini yaratmaq lazımdır ki, qərarlar mütləq hakimiyyət iddiasında olan bir şəxs tərəfindən deyil, həmvətənlərimizin nüfuzlu və hörmətli nümayəndələri tərəfindən birgə qəbul edilsin. Rəhbər orqanların bu formalı iş mexanizmində diaspor təşkilatında yüksək vəzifə tutan şəxs öz liderlik ambisiyalarını boğmalı olacaq. Bu diasporda komanda ruhu yaradacaq və təkbaşına liderlik uğrunda mübarizəyə son qoyacaq.

Bundan başqa, azərbaycanlıların imicini və Azərbaycanın bütün dünyadakı nüfuzunu qorumaq və yaxşılaşdırmaq üçün diaspor liderləri KİV-i də istifadə edərək öz aralarında ictimai təhqirə yol verməməlidirlər. Diasporumuzun hər hansı təşkilatında məsul vəzifə tutan istənilən azərbaycanlı bir ‘’qızıl’’ qaydaya əməl etməlidir: «Azərbaycan və Azərbaycanlılar haqqında ictimai olaraq ya yaxşı danışmaq olar, ya da danışmaq olmaz».

Ortaya çıxacaq «Azərbaycan diaspor təşkilatlarının etik normalar məcəlləsi»nin ayrı-ayrı şəxslərin yox, bütün diasporun mövqeyini əks etdirməsi üçün hər bir həmvətənimizin onun hazırlanması prosesində öz fikrini söyləmək və öz təkliflərini vermək imkanı olmalıdır, məcəllənin yekun variantı isə bütün dünyadakı diaspor təşkilatlarının beynəlxalq qurultayında qəbul olunmalıdır.

 

– Belə bir qurultayı kim təşkil edəcək? Axı belə bir beynəlxalq tədbirin keçirilməsi üçün az vəsait tələb olunmur…

 

– Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” belə bir qurultayı təşkil etməyə və onun keçirilməsi üçün maliyyələşmə mənbələrinin axtarılmasında kömək etməyə hazırdır. Bütün ictimai Azərbaycan təşkilatlarını ortaya çıxarmağı və qurultaya dəvət etməyi bacaran bir təşkilat komitəsi yaradılmalıdır. Biz belə bir tədbirin qiymətini və əhəmiyyətini gözəl anlayırıq. Amma diasporumuzun birliyi naminə müəyyən maliyyə resurslarını qurban vermək olar. Cünki «Azərbaycan diaspor təşkilatlarının etik normalar məcəlləsi» ortaya çıxmayana qədər Azərbaycan diasporunun birləşməsi haqqında bütün danışıqlar boş səs olaraq qalacaqdır. 

Azərbaycan diasporunun bir vahid strukturun qanadı altında birləşməsi üçün bizim "Dünya Azərbaycanlıları İttifaqı” nı da seçə bilərlər. Təşkilatımızın qapıları bütün həmvətənlərimizin üzünə hər zaman açıqdır. Ötən il məni 5 il müddətinə Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın sədri və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri vəzifəsinə seçdilər. Amma Azərbaycan diasporunun birliyi naminə bu tutduğum vəzifələri də DAİ nın və ÜAMF ın növbəti qurultaylarında seçiləcək həmvətənlərimizin istənilən hörmətli və nüfuzlu nümayəndəsinə güzəştə getməyə hazıram. Mənim heç bir ambisiyam və diasporumuza ‘’komandanlıq etmək’’ planlarım yoxdur. Mən qətiyyətlə əminəm ki, diasporumuzun birləşməsi kollegial idarəetmə altında baş verməlidir, hər hansı şəxslərin liderlik uğrunda mübarizəsi nəticəsində yox.

Mən hesab edirəm ki, "Dünya Azərbaycanlıları İttifaqı” və  "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" kimi beynəlxalq səviyyəli qurumları yaradaraq və bunlara kifayət qədər ciddi vəsait, resurs və enerji sərf edərək mən artıq öz missiyamı yerinə yetirmişəm və bu postları diasporumuzun istənilən layiqli nümayəndəsinə güzəştə getməyə hazıram.

Diaspor içərisində liderlik uğrunda gedən gizli mübarizə həm də ona görə təhlükəlidir ki, bu mübarizə tez-tez çirkli informasiya müharibəsi ilə müşayət olunur. Təəssüf ki, informasiya müharibəsinin gedişində belə qara PR kampanyalara qarışan liderlər azərbaycanlıların imicini və Azərbaycanın nüfuzunu yaddan çıxarırlar. Buna görə də biz birgə səyimizlə «Azərbaycan diaspor təşkilatlarının etik normalar məcəlləsi» ni qəbul etməsək, bizim diasporlarımız əvvəlki kimi dağınıq qalacaqlar.

Əgər diasporun işləri ilə məşğul olan insanlar dəqiq meyarlara əməl etsələr və öz şəxsi ambisiyalarını unudub birbaşa diasporun işləri ilə məşğul olsalar, dünyanın bir çox ölkələrində son 30 il ərzində formalaşmış Azərbaycan diasporlarını bir vahid qanad altında birləşdirmək olar. Çünki diaspor təşkilatlarının siyasi, kommersiya və digər məqsədlər üçün istifadə edilməsi halları həmişə həmvətənlərimizi diasporun həyatında fəal iştirakdan yayındırır. Bir neçə dəfə diaspor liderlərinin acgöz davranışları ilə rastlaşandan sonra bizim həmvətənlərimiz diaspor təşkilatlarının işindən uzunmüddətli uzaqlaşırlar.

Mən bir daha bəyan edirəm ki, bizim diasporumuza onların parçalanması ilə nəticələnən liderlik uğrunda mübarizə yox, komanda ruhu lazımdır.

 

– Fizuli müəllim, "Dünya Azərbaycanlıları İttifaqı” haqqında ətraflı danışa bilərsinizmi?

 

– Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” və  "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fond bir sıra regional Azərbaycan ictimai və diaspor təşkilatları ilə birlikdə 2005-ci ilin martında təsis olunublar. Biz hələ 11 il əvvəl "Dünya Azərbaycanlıları İttifaqı” nın təsis olunduğu ilk günlərdə bütün Azərbaycan diasporuna İttifaqımıza daxil olmaları və vahid güclü təşkilat içərisində birləşmələri üçün təklif göndərdik. Bütün bu təşkilatlar üçün qapılarımız hər zaman açıqdır. Mən keçmişdə bu barədə dəfələrlə bəyan etmişəm və bir daha təkrar etmək istəyirəm: bizim üçün vahid Azərbaycan xalqı var və biz hər şeyi ayrı-ayrı şəxslərin yox, məhz xalqın maraqları naminə edirik.

Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nizamnamə məqsədlərinə nail olmaq üçün üzvlərinin ümumi maraqları əsasında yaranmış ictimai təşkilatların – hüquqi şəxslərin beynəlxalq ittifaqıdır. Artıq bu gün DAİ və ÜAMF çoxsaylı Azərbaycan diasporlarının olduğu   Rusiyada, Avropa, Asiya və Şimali Amerika ölkələrində öz nümayəndəliklərini açıb. Həmvətənlərimizə  daha effektiv kömək edə bilmək üçün biz hər şeydən öncə Azərbaycan diaspor təşkilatlarının qurulmasına kömək edirik.

 

– DAİ nın Diasporla İş üzrə Dövlət Komitəsi ilə münasibətləri necədir?

 

– Rusiyada Azərbaycan diasporunun ilk qurucularından olan bir insan kimi, demək istəyirəm ki, bu komitə Azərbaycan diasporu üçün heç bir yaxşı iş görməyib. O, Azərbaycan xalqının maraqlarına xidmət etməlidir. Buna baxmayaraq, bu Dövlət Komitəsi diasporumuz üçün bağlıdır və biz onun nə işlə məşğul olduğunu aydın şəkildə bilmirik. Hər bir halda o, birləşdirici funksiyalarını yerinə yetirmir. Onun rəhbərliyi öz kreslolarında o qədər uzun müddət oturublar ki, onlar hətta öz başlıca vəzifələrini də unudublar. Komitəyə büdcədən çox böyük maliyyə vəsaiti ayrılır, lakin fəaliyyətinin heç bir müsbət nəticəsi yoxdur. Qeyri-effektiv fəaliyyətinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə bu qədər iri büdcə ayırmaları lazım deyil, çünki öz fəaliyyəti ilə o, Azərbaycan hökumətini hörmətdən salır.

2015-ci ilin fevral-mart aylarında, "Dünya Azərbaycanlıları İttifaqı” nın 10 illik yubileyi olanda biz Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimova əməkdaşlığa dair təkliflərimizi ehtiva edən bir neçə məktub göndərdik. Bu Dövlət Komitəsi xaricdəki Azərbaycan diasporu ilə əlaqələrin qurulmasına və qorunmasına cavabdeh olduğu üçün bu dövlət strukturu ilə sıx işgüzar əlaqələr qurmaq məqsədilə  Komitənin rəhbəri ilə görüşmək istədik. Bununla yanaşı, biz onlardan maliyyə yardımı da istəmədik. Bizim özümüzün kifayət qədər maliyyələşmə mənbələrimiz var. Lakin biz məktublarımıza cavab ala bilmədik.

 

– Çox böyük təəssüf olsun ki, Diasporla İş üzrə Dövlət Komitəsi, demək olar ki, diaspor təşkilatları içərisində yaranan münaqişəli vəziyyətlərə müdaxilə etmir…

 

– Bu, çox pis haldır. Əksinə, Diasporla İş üzrə Dövlət Komitəsi müvafiq münaqişəli vəziyyətlərin həllində fəal iştirak etməlidir ki, diaspor təşkilatlarımız öz strukturlarının daxilindəki intriqaları aşkar şəkildə biruzə verməsinlər. Lakin çox təəssüf olsun ki, bu Komitə Azərbaycan diasporları içərisindəki münaqişəli vəziyyətlərin həlli üçün Münsiflər Məhkəməsinə bənzər rol oynamaqdansa, kənara çəkilib və milyonlarla həmvətənlərimizin gözləri qarşısında ‘’Dünya Azərbaycanlıları Konqresi’’, "AzerRos” Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyatı ("FMMM AzerRos”) və  digər böyük və nüfuzlu təşkilatların necə dağılmasını müşahidə edir. Unutmaq lazım deyil ki, Diasporla İş üzrə Dövlət Komitəsini Azərbaycanın ümummilli Lideri Heydər Əliyev yaradıb. O, diasporu "millətin qanadları” adlandırıb. Təəssüflər olsun ki, Komitə fəaliyyətində yüksək effektivliyini və nüfuzunu saxlaya bilmədi, biz onun Rusiyada Azərbaycan diasporunun möhkəmlənməsi və inkişafına yönəlmiş fəaliyyətini ümumiyyətlə görmürük.

 

– Fizuli müəllim, son zamanlar Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəallığı kəskin azalıb. Bəziləri deyir ki, bu, neftin qiymətinin kəskin azalmasından sonra yaranan maliyyə böhranı ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ayrılan maliyyə vəsaitlərinin azalması ilə bağlıdır. Bu məlumatı necə şərh edərdiniz?

 

– Şəxsən məndə belə bir məlumat yoxdur. Lakin sizin məlumatınız dəqiqdirsə, bu, çox üzücüdür. Unutmaq lazım deyil ki, diasporla iş kommersiya əsaslarında yox, ictimai əsaslarda qurulur. Buna görə də kimsə təşkilata böyük pullar qazanmaq üçün gəlirsə, o zaman bu insan vətənpərvərlikdən uzaqdır. Bəli, mən anlayıram ki, diaspor təşkilatlarında daimi işləyən insanlar əmək haqqı almalıdırlar. Lakin əməkdaşların əmək haqqı, ofis xərcləri və digər xərclər üçün lazım olan vəsaiti diaspor üzvləri öz mənbələrindən tapmalıdırlar, Azərbaycan hökumətinin maddi yardımına arxayın olmamalıdırlar. Bu, sadəcə yolverilməzdir. Bizim diaspor təşkilatlarımız heç bir məkrli maraq güdmədən Azərbaycan hakimiyyətinin etibarlı dayağı olmalıdırlar. Bundan başqa, Rusiyanın yeni qanunvericiliyinə əsasən, xaricdən maddi və maliyyə yardımı alan ictimai təşkilatlar «əcnəbi agent» hesab olunurlar. Buna görə də xarici dövlətdən – Azərbaycan hakimiyyətindən maliyyə yardımı almaqla Rusiyada istənilən Azərbaycan diaspor təşkilatı avtomatik olaraq belə bir şübhəli ad daşımağa razılıq vermiş olur. Bu səbəbdən həmvətənlərimizin ictimai təşkilatları artıq Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyini unutmalıdırlar və öz fəaliyyətləri üçün müstəqil maliyyə mənbələri axtarmalıdırlar.

 

– Həmvətənlərimizin yaşadığı ölkələrdə diaspor təşkilatları  həmin ölkənin ictimai – siyasi   həyatında hal-hazırda hansı rol oynayırlar?

 

– Müasir dünyada diasporun rolu ciddi şəkildə dəyişilib. Əgər əvvəllər əksər ölkələrdə diasporlar müxtəlif müharibələr zamanı dövlət sərhədlərinin dəyişməsi və ya siyasi rejimlərin və ya ictimai quruluşun dəyişməsinə görə məcburi miqrasiyalar nəticəsində formalaşırdısa, bu günkü diasporlar əksər ölkələrdə dünya iqtisadiyyatının qloballaşması, sosialist sistemin aradan qalxması və dövlət sərhədlərinin açılması fonunda yaranır. Buna görə əgər əvvəlki diasporlar daha çox ölkələri bir-birindən uzaqlaşdırır və siyasi-dissident xarakteri daşıyırdısa, bugünkü diasporlar əsasən ölkələr arasında inteqrasiya funksiyası yerinə yetirən iqtisadi faktorların nəticəsində formalaşır. Buna misal olaraq azərbaycanlıların Rusiyaya və digər MDB ölkələrinə, həmçinin Avropa ölkələrinə və Türkiyəyə kütləvi miqrasiyasını göstərmək olar. Həmvətənlərimiz bu ölkələrə vətəndə qalan ailələrini saxlamaq üçün qazanc dalınca gəliblər. Buna görə də hazırkı diasporlar, o cümlədən də Azərbaycan diasporları qazanc dalınca gəldikləri ölkə ilə vətənləri arasında münasibətlərin yaxşılaşmasına maksimum səy göstərirlər. Bununla əlaqədar müasir diasporlar Azərbaycan və həmvətənlərimizin olduğu digər ölkələr arasında iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün yaradılmış körpüyə çevrilirlər.

Beləliklə də müasir diasporlar, istər-istəməz, kütləvi xalq diplomatiyası rolu oynayır, onlara daha çox dostluq xarakteri qazandıraraq dövlətlərarası münasibətlərin möhkəmlənməsinə xidmət edir. Mübaliğəsiz demək olar ki, bu gün hər bir azərbaycanlı olduğu ölkədə Azərbaycanı öz ölkəsinin fərdi səfiri kimi təmsil edir, Azərbaycanda isə qazanc dalınca getdiyi və ya daimi yaşadığı ölkənin iqtisadi və mədəni maraqlarını təbliğ edir. Və Azərbaycan diasporunun Azərbaycanla belə əlaqələri nə qədər çox olarsa, Azərbaycanla həmvətənlərimizin yaşadıqları ölkələr arasında münasibətlər də daha sıx və dostcasına olar. Məhz Azərbaycan diasporu tərəfindən yaradılan belə iqtisadi, humanitar və mədəni əlaqələr Azərbaycan və həmvətənlərimizin kütləvi emiqrasiya etdiyi ölkələr arasında daha sonrakı dostluq münasibətlərinin təminatıdır.

Nəzərə alsaq ki, dünya iqtisadiyyatının qloballaşması daha da sürətlənəcək, deməli, təbii ki, dövlətlərin sıx inteqrasiyası prosesi də davam edəcək, eyni zamanda gündən günə diasporun dövlətlərarası münasibətlərdə rolu və təsiri də əhəmiyyətli şəkildə artacaq. Buna görə də bizim diaspor təşkilatlarımız bütün bu proseslərin içərisində olmalıdırlar. Buna isə yalnız bütün dünyadakı Azərbaycan diasporlarının birliyi sayəsində nail olmaq olar. Əksər ölkələrdə diasporumuzun qarşılaşdığı problemlərə ümumi yanaşma tapmaqla yalnız əhəmiyyətli uğurlar əldə edə bilərik. Bu müvəffəqiyyətin sirri isə, sözsüz ki, birlikdədir. Birləşmədən heç nəyə nail ola bilmərik.

 

– Fizuli müəllim, 24 noyabr tarixində rus bombardmançı SU-24 təyyarəsinin Suriya sərhədində türk qırıcıları tərəfindən vurlmasından sonra qəfil pisləşən rus-türk münasibətlərinə dair nə deyə bilərsiniz? İki ölkə arasındakı əvvəlki mehriban qonşuluq münasibətlərin bərpa etmək olarmı?

 

– Mən nikbinəm. Buna görə də əminəm ki, hələ də Rusiya-Türkiyə münasibətlərini əvvəlki məcraya qaytarmaq mümkündür. İmkan vermək olmaz ki, ölkələrimizi sevməyən bəd niyyətlilər bu mübahisələri bizim özümüzə qarşı çevirsinlər. Artıq mövcud gərgin münasibətlərin həm Türkiyəyə, həm də Rusiyaya böyük iqtisadi ziyan  vurduğuna dair ciddi ekspert qiymətləndirmələri mövcuddur. Bu səbəbdən hər iki ölkə milyardlarla ziyan çəkir. Moskva və Ankara arasında "Sanksiyalar müharibəsi’’nə görə Türkiyə iqtisadiyyatının 1 illik zərəri 20 milyard, Rusiya iqtisadiyyatının 1 illik zərəri isə 24 milyard dollar təşkil edəcək. Buna görə də Moskva və Ankara arasında normal münasibətlər bərpa oluna bilməsə, biz Rusiya və Türkiyə arasındakı sıx iqtisadi əlaqələri tamamilə məhv edə bilərik və hətta iş iki ölkə arasında açıq hərbi qarşıdurmaya qədər gedib çıxa bilər. Hadisələrin bu şəkildə inkişafı nə Rusiyaya, nə də Türkiyəyə xeyir gətirməz. İki ölkənin iqtisadi əməkdaşlıq göstəriciləri sübut edir ki, Türkiyə Rusiya üçün çox sərfəli ticarət tərəfdaşıdır. Misal üçün, 2014-cü ildə – Rusiya-Türkiyə iqtisadi münasibətlərinin zirvədə olduğu dövrdə,  Rusiya – Türkiyə ticarətində müsbət saldo Rusiyanın xeyrinə 17,9 milyard dollar təşkil edirdi. Türkiyə Almaniyadan sonra Rusiya qazının ikinci ən böyük alıcısıdır. 2014-cü ildə Türkiyə 47,6 milyard kub metr qaz idxal edib ki, bunun da 27,4 milyardı Rusiya «Qazprom» un payına düşüb. Türkiyənin qaz idxalında Rusiyanın payı 60% təşkil edib. Gördüyümüz kimi Türkiyə və Rusiya arasında münasibətlərin pisləşməsi hər iki ölkəyə ciddi ziyan vurur.

Əgər iki il əvvəl desəydilər ki, Rusiya və Türkiyə müharibə ərəfəsində olacaqlar və Moskva irimiqyaslı anti-türk iqtisadi sanksiyaları tətbiq edəcək, bunu hər kəs tam absurd hesab edərdi. Lakin dünya qeyri – müəyyənliyə və gözlənilməzliyə doğru çox sürətlə dəyişir, ona görə də tam absurd hesab edilən bir şey reallığa çevrilir. 

 

– Fizuli müəllim, ixracatının böyük hissəsini neft, qaz və neft məhsulları təşkil edən Azərbaycan, neftin qiymətinin kəskin azalmasından sonra maliyyə-iqtisadi problemlərlərlə üzləşdi. Mərkəzi Bank iki dəfə milli valyuta olan manatın kəskin devalvasiyasına getməli oldu ki, bu da ölkədə sosial – iqtisadi vəziyyətin pisləşməsinə gətirib çıxardı. Bununla bağlı nə deyə bilərsiniz?

 

– Çox təəssüf ki, enerji resurslarının yüksək qiymətli zamanları artıq keçmişdə qaldı. Bu o deməkdir ki, 1 il əvvəl ixracının 95%-ni neft, neft məhsulları və qaz təşkil edən Azərbaycanda təcili olaraq alternativ iqtisadi sektorlar inkişaf etdirilməlidir, eyni zamanda xüsusi diqqət o sahələrə yönəldilməlidir ki, o sahələrdə daha çox iş yeri yaratmaq mümkündür. Buna görə də bu ilin yanvar ayında Azərbaycanın bəzi rayonlarında keçirilən etiraz aksiyaları məhz yüksək işsizlik səviyyəsindən və  milli valyutanın qəfil devalvasiyasından sonra qiymət artımlarından irəli gəlmişdi.

Manatın devalvasiyasına gəldikdə isə, deyim ki, neft qiymətlərinin kəskin azalması fonunda bu qaçınılmaz idi. Lakin dünya təcrübəsi göstərir ki, milli valyutanın devalvasiyası həmişə yerli istehsalçılara böyük üstünlük qazandırır. Son nəticədə bu ölkənin makroiqtisadi balansının bərpa olunmasında, yerli istehsalın stimullaşdırılmasında, idxal edilən mallarla yerli qeyri-neft məhsulları arasında rəqabətin artmasında müsbət nəticələr yaradır. 

Valyutanın devalvasiyası ikitərəflidir. Milli valyutanın məqsədli və nəzarət edilən devalvasiyası milli iqtisadiyyat üçün hər zaman faydalıdır, əhali üçün isə çox pisdir, çünki milli valyutanın devalvasiyası nəticəsində vətəndaşların gəlirləri qiymətdən düşür, alıcılıq qabiliyyəti azalır. Amma Azərbaycanın uzunmüddətli inkişafı nöqteyi-nəzərindən manatın devalvasiyası hətta neft qiymətləri kəskin düşməsə idi belə, zəruri idi. Əgər manatın yüksək sabit məzənnəsi olduğu dövrdə (0,78 manat = 1 ABŞ dolları) malların istehsalı, ilk növbədə kənd təsərrüfatı mallarının istehsalı zərərli fəaliyyət idisə, manatın ikiqat dəyər itirməsindən sonra yerli istehsal malları qiymətdə rəqabət üstünlüyü qazanacaq. Buna görə də manatın devalvasiyasını yerli iqtisadiyyatın inkişafı üçün bacarıqla istifadə etmək lazımdır. 

Əgər başqa sualınız yoxdursa, məqamdan istifadə edərək, saytınız vasitəsilə Azərbaycan xalqını qarşıdan gələn milli Novruz bayramımız münasibətilə təbrik edirəm və hər kəsə tərəqqi, sülh, stabillik və xoş günlər arzu edirəm.(Strateq.az)

Oxşar xəbərlər