2017-ci ildə ciddi kadr islahatları aparılacaq

  • 21 dek 2016, 19:28
2017-ci ildə Azərbaycanda ciddi kadr və struktur dəyişikliyinin olacağı gözlənilir. Ehtimal edilir ki, bir neçə qurum ləğv ediləcək, fəaliyyətində nöqsana yol verən məmurlar işdən çıxarılacaq. 

Millət vəkili Vahid Əhmədov struktur dəyişikliyinin labüd olduğunu hesab edir. Deputat vurğulayıb ki, islahatlar hazırlanan Strateji Yol Xəritəsinə əsasən həyata keçiriləcək.

"2017-ci ildə islahatlar sürətlə həyata keçiriləcək. Müəyyən qurumların ləğv edilməsi və birləşdirilməsi prosesi aparılacaq. Bazar iqtisadiyyatı sistemində islahatlar, təkmilləşdirilmə prosesi hazırda gedir və bu gələn il də davam edəcək. 

Hesab edirəm ki, struktur dəyişikliyi labüddür və bunu etmək lazımdır. Hansı qurumlarda dəyişikliklərin olacağına gəlincə, bu cənab prezidentin səlahiyyətində olan məsələdir”.

Deputat Musa Quliyev bildirib ki, qəbul edilən Strateji Yol Xəritələrinə uyğun olaraq müəyyən təşkilatlar birləşdirilə və ya ləğv oluna bilər: "Həmçinin bu istiqamətdə yeni təşkilatlar da yarana bilər. Struktur dəyişikliyini bütün təşkilatlarda gözləmək olar”. 

Millət vəkilinin fikrincə, dövlət qulluğu sistemində müəyyən struktur dəyişikliyinin və ixtisarların aparılması vacibdir: "Bunlarla dövlət büdcəsinin yükü müəyyən qədər azalmalıdır. Dövlət sektorunda işləyən insanların bir hissəsinin özəl sektora keçməsi məqsədəuyğundur”.(azvision.az)
Oxşar xəbərlər