Bir ailəni külə döndərən yanğın barədə-reportaj

  • 30 noy 2016, 08:23

Qısa qapanma 4 köçkünün - ata-ana və iki azyaşlının həyatına son qoydu; onlarla insan evsiz qaldı...

 


 

Noyabrın 29-da gecə saat 2 radələrində Bakıda bir ailənin faciəsi ilə nəticələnən yanğın hadisəsi baş verib. Nizami rayonunda sovet dövründən tikintisi yarımçıq qalmış yaşayış binasında baş verən yanğın qısa zamanda 4 ailənin yaşadığı  97 kvadrat metr əraziyə yayılıb.


Dəhşətli yanğın zamanı bir ailənin üzvləri olan 1983-cü il təvəllüdlü Seymur Əkbər oğlu Babaşov, həyat yoldaşı -  1986-cı il Cəvahir Əlövsət qızı Babaşova və övladları 2005-ci il təvəllüdlü Fərhad Seymur oğlu Babaşov, 2007-ci il təvəllüdlü Elşad Seymur oğlu Babaşov yanaraq həyatlarını itiriblər. Hadisə barədə daha detallı məlumat əldə etmək üçün dünən yanğın baş verən ərazidə olduq. 

Faciə yaşanan gün səhər saatlarında hadisə yerinə Nizami rayonunun icra başçısı Arif Qasımov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və digər rəsmi şəxslər gəliblər. Onlar digər köçkünlərlə görüşüb, durumları ilə maraqlanıblar. 

Söhbət etdiyimiz Etibar Nəbiyev - yarımçıq binanın sakini bildirdi ki, yanğınsöndürənlər zamanında gəlməsəydi, digər 22 ailənin də mənzili yanaraq kül olacaqmış: "Gecə səsə ayıldıq, gördük ki, bina alışıb. Ancaq yanğın nəticəsində bizim mənzilə zərər dəyməyib. Burada Füzuli, Ağdam və digər işğal olunmuş rayonların sakinləri məskunlaşıblar. 1993-cü ildən etibarən burada yaşayan ailələr var. Hadisə zamanı rəhmətə gedənlər Füzuli rayonundan məcburi köçkün idilər. Çox gözəl, gənc ailə idilər. Yanğın elə onların mənzilindən başladığı üçün imkan edib çölə çıxa bilməyiblər. Nəticə də məlumdur... 

Əli Həsənov bizimlə görüşü zamanı bildirdi ki, bu bina əslində özəldir. Buranı alıblar. Söylədi ki, həmin şəxslərlə də danışacam, buranı söküb yerində hündürmərtəbəli bina tikəcəyik. Söylədi ki, hazırda burada məskunlaşanlara bina tikilən müddətdə başqa yerdə kirayə qalmaları üçün ödəniş olunacaq. Bildirdilər ki,  binanın tikintisi başa çatdıqdan sonra oradan sizə də mənzil veriləcək. İcra hakimiyyətindən də çox razıyıq. Onlar da gəlib maraqlanıb, bizə nə yardım lazımdırsa, edəcəklərini bildirdilər”.

Yanğın baş verən binanın dörd tərəfi göydələnlərdir. Göydələnlərin arasında qalan bu yarımçıq binada yaşamaq heç də asan deyil. Binaya daxil olmaq üçün təxminən 2 metr aşağı düşmək lazımdır. Yəni bina torpaq örtüyündən təxminən 2 metr aşağıda yerləşir. Bu baxımdan, yanğın baş verən zaman oradan qurtulmaq çətin məsələdir. Sakinlər söylədilər ki, qış aylarında binada nəmişlik, yayda  da həşəratlar əlindən yaşamaq çətindir. 
Onu da qeyd etdilər ki, nə qədər çətinlik olsa belə,  məcburiyyətdən hər kəs özünə müəyyən şərait qurub, burada yaşayırdı. Binanın qaz xətti yoxdur. Ona görə də yanğının qazdan baş verməsi ehtimal olunmur. Elektrik xətti isə binanın özü kimi köhnədir. Bu baxımdan, hesab olunur ki, yanğın qısa qapanma nəticəsində baş verib.

Hadisə nəticəsində faciəvi şəkildə məhv olan ailədən başqa, digər iki ailənin də mənzili yanıb. Ərazidə olduğumuz zaman onlar binanın yanan daşları arasında gəzişir, yanmayan əşyalarını axtarırdılar. Hadisənin şokundan hələ çıxmayan sakin Əfqan Məmmədovla söhbətimiz zamanı öyrəndik ki, onların bütün  əşyaları yanaraq kül olub: "Dünən gecə dam örtüyünün yanmasının səsinə ayıldıq. Gördük ki, binanı alov bürüyüb. Təkcə əynimizdəki paltarı çıxara bildik. Biz çölə çıxan kimi tavan uçdu. Bir qədər də geciksəydik, biz də içəridə qalıb öləcəkdik. Ailədə 4 nəfərik. 2 övladım hazırda cəbhə zonasında hərbi xidmətdədir. Yoldaşımla mən isə bax bu cür şəraitdə yaşayırıq”.

Sakinlər gecəni harada keçirəcəklərini bilmirlər: "Bizi başqa yerə köçürmədilər. Dedilər ki, sabah işə baxıb, qalmanız üçün yer verəcəyik. İndi biz də yoldaşımla daşın üstündə oturub gözləyirik. İnanın ki, ayağımdakı ayaqqabını, başımdakı papağı belə qonşular verib. Heç əynimizin paltarını da çıxara bilməmişik. 1997-ci ildən burada yaşayırıq. Bütün əşyalarımız yanıb kül oldu. Əsgərlikdə olan övladlarıma paltar, bəzi əşyalar almışdım ki, yanlarına gedəndə aparım. Onlar da yanıb kül oldu”.

Mənzili yanmış digər sakin Rəna Zamanova: "Gəlib maraqlansalar da bizim gecəni harada keçirəcəyimizi deyən olmadı. Deyirlər ki, burada bina tikəcəklər. Guya hansısa şirkət bu ərazini alıb ki, bina tiksin. Ancaq bu günə qədər bizim qapımızı döyüb, bu barədə nə isə söyləyən olmayıb”.

Sakinlər bildirdilər ki, üzvləri yanan ailənin uşaqları evin içərisində, ata-ana isə hamamda yanaraq kül olublar. Müşahidə etdik ki, bina demək olar ki, yaşamağa tam yararsızdır.

Ancaq bu gün də orada 18 ailə yaşayır. Onlar da təbii ki, bu cür hadisədən sığortalanmayıblar. 

Tikili yarımçıq olduğu üçün binanın ətrafı karton, sellofan və digər bu kimi yanmaya meyilli əşyalarla tutulub. Binanın elektrik xətləri isə tam yararsız vəziyyətdədir.





 


Əli RAİS
Oxşar xəbərlər