Dövlət hesabına vəkillik özünü niyə doğrultmur?

  • 16 sen 2016, 07:15
Azərbaycan Konstitusiyasının 61-ci (hüquqi yardım almaq hüququ) maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var və qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ var.

Azərbaycanın ratifikasiya etdiyi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) tələbinə görə də, ittiham olunan şəxs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ var. 

Azərvaycan qanunvriciliyinə əsasən, şübhəli və təqsirləndirilən şəxslərlə bağlı bir çox istintaq hərəkətləri aparılarkən müdafiəçinin olması mütləqdir. Bu isə vəkillik institutuna olan tələbatı artırıb. Ekspertlər bildirirlər ki,  Azərbaycanda Vəkillər Kollegiyasına üzv olan minə yaxın vəkil olsa da, onların sayı vətəndaşlara tam və keyfiyyətli hüquqi yardım göstərmək üçün yetərli deyil. Həmçinin, son illərdə 10-dan çox vəkilin Vəkillər Kollegiyasından uzaqlaşdırılaraq, vəkillik fəaliyyətinə xitam verilməsi də problemi dərinləşdirib.

Cinayət Prosessual Məcəlləsinin 19-cu maddəsinin (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi) tələbinə görə, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Şəxs tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququna malikdir. Həmçinin şəxsən özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüququ da var.

"Həmin vəkillər təqsirləndirilənləri aldadıb ittihamın xeyrinə olan sənədlərə qol çəkdiriblər”

Bəs təcrübədə necədir, dövlət vəsaiti hesabına təyin olunmuş vəkillər müdafiəni lazımi səviyyədə həyata keçirirlərmi?

Ləğv olunmuş Sabiq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilərək məhkum olunmuş və ölkə başçısının əfv fərmanı ilə azadlığa çıxmış jurnalist Pərviz Həşimli bildirir ki, həbs olunarkən ona da dövlət tərəfindən müdafiəçi təklif edilib. "Dövlət vəsaiti hesabına təyin olunan - "pulsuz vəkil” dediyimiz müdafiəçilərə çox da etibar yoxdur. Xüsusən həbsi həyata keçirən güc nazirliklərinin nəzarətində olan bir neçə vəkil var. Həbs etdikləri şəxslərə həmin gün o vəkilləri təqdim edirlər. Mənə də eyni qaydada iki vəkil təqdim edilsə də, dərhal onlardan imtina etdim. Sonradan öyrəndim ki, həmin vəkillər MTN-in həbs etdiyi bütün şəxslərə təklif edilir. Cəzaçəkmə müəssisəsində olarkən bir neçə məhkum mənə danışdı ki, həmin vəkillər onları aldadıb və istintaq orqanının xeyrinə olan ifadələrə, protkollara və digər sənədlərə qol çəkdiriblər. Ona görə də, təqsirləndirilən şəxslər o cür vəkillərə etibar etmir və onların xidmətindən imtina edirlər” - deyə jurnalist bildirir. 

Hansı hallarda məcburi qaydada vəkil təyin edilir?

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən (vəkildən) imtina etməsi nəzərdə tutulub. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü, müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. 

Şəxs müdafiəçidən imtina etdiyi andan özünü müstəqil müdafiə edən hesab olunur. Müdafiəçidən imtina etmiş şəxs bu imtina qəbul edildikdən sonra  cinayət prosesinin hər hansı anında bununla əlaqədar öz mövqeyini dəyişə də bilər. 

Ancaq elə hallar və istintaq hərəkətləri var ki, şübhəli və ya təqsirləndirilən müdafiəçidən imtina etsə belə, ona məcburi qaydada müdafiəçi təyin olunur.

Buna aşağıdakı hallar aiddir: 

-  Şübhəli və ya təqsirləndirilən şəxs lal, kor, kar olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi qüsurlar olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə kəmağıllığa, aşkar əqli zəifliyə və ya digər qüsurlara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə
- Cinayət təqibi üzrə icraat aparılan anda şübhəli və ya təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə
- Şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə,
- Cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda
- şübhəli və ya təqsirləndirilən şəxs məcburi qaydada xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirildikdə
- cinayət təqibi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədən şəxs barəsində həyata keçirildikdə
- şübhəli və ya təqsirləndirilən şəxsin fəaliyyət qabiliyyəti olmadıqda.
Müdafiəçinin məcburi təyin edildiyi hallardan biri də şübhəli və ya təqsirləndirilən şəxsin hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən müdafiəçidən imtina etməsidir. Bu halda da ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır.

Yalçın İmanov: «Dövlət hesabına vəkilliyi "xüsusi təyinatlı vəkillik” hesab edirəm» 

Vəkil Yalçın İmanov Bizimyol.info saytına bildirib ki, dövlət hesabına vəkillik institutu Azərbaycanda özünü doğrultmayıb. Bunun kompleks səbəbləri var və məsələyə də bu cür yanaşmaq lazımdır. Burada həm vəkillik üçün saathesabı ayrılan vəsaitin məbləği, həm vəkillik institunun özünün vəziyyəti, həm də vəkillərin hazırlıq səviyyəsi məsələni şərtləndirən amillərdəndir”.
Vəkil bildirir ki, dövlət hesabına təyin olunan vəkillərin hər saatı üçün 2 manat pul müəyyən edilib. "Bu vəsaitin özü dövlət hesabına vəkilliyin hansı miskin vəziyyətdə olmasının bariz nümunəsidir. Yəni indiki ağır iqtisadi vəziyyət şəraitində vəkil saata 2 manat əməkhaqqı alır. Belə olan halda vəkilin müdafiə etdiyi şəxsin səmərəli, effektiv müdafiəsi üçün fəaliyyət göstərəcyinə inanmıram. Yəqin ki, həmin vəkillərin özləri də inanmır. Halbuki bizim həm əsas qanunumuz olan Konstitusiyaya və digər qanunvericiliyə görə, yüksək keyfiyyətli hüquqi yardım vermək dövlətin konstitusion öhdəliklərindən biridir. Yəni, dövlət öz yurisdiksiyasında olan vətəndaşlara yüksək keyfiyyətli yardım vəd edir. Amma reallıqda bu, vəddən başqa bir şey deyil. Ona görə də həm özümün, həm də digər həmkarlarımın təcrübəsində eşitdiyim çox biabırçı faktlar ortaya çıxır. Məsələn, "Nardaran işi”ndə dövlət tərəfindən təyin edilmiş vəkillərin hansı vəziyyətdə olduğunun bir daha şahidi olduq. Ümumiyyətlə müdafiədən söhbət getməyib və bəzi halalrda müdafiəçi təqsirləndirilən şəxsə qarşı əməliyyatçıdan, müstəntiqdən daha amansız mövqedə olub.  İfadələrdən aydın olur ki, ittihamın sübut olunmasında vəkil müstəntiqdən daha artıq canfəşanlıq edib, bəzi hallarda hətta müdafiə etdiyi şəxsi işgəncə ilə hədələyiblər. Məsələnin məzmunu və sonu bundan ibarətdir. Ona görə də dövlət hesabına vəkilliyi "xüsusi təyinatlı vəkillik” hesab edirəm. "Xüsusi təyinatlı vəkillik” institutunun real vəziyyəti budur.  Problemin digər tərəfi də odur ki, Azərbaycanda ümumiyyətlə vəkillik institutu yox səviyyəsindədir. Ona görə də problem komleks araşdırılmalıdır. Burada hər hansı bir vəkilin vicdanına, onun peşəkarlığına bel bağlayıb məsələnin həlli istiqamətində təkliflər irəli sürmək qeyri-mümkündür. Bu, sistemli yanaşma tələb edir və olmayınca normal, səmərəli və effektiv mübarizədən söhbət hedə bilməz”.  

Qeyd edək ki, Cinayət Prossesusal Məcəlləsinə əsasən vəkilə  müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq qadağandır.

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər