Masonların dostu, "kediciklər"in sevgilisi Adnan Oktar Ölkə.Az-a danışdı — "İmam Mehdiyə oxşayıram"

  • 08 may 2016, 10:13

Məşhur din adamı, A9 kanalının sahibi Adnan Oktar Ölkə.Az-a eksklüziv müsahibə verib:

Adnan Oktar kimdir? Özünüzdən bəhs edərdiniz...

Allahı dəli kimi sevən, Allah üçün yaşayan, dünyanın cənnət kimi olması üçün ömrünü vermiş bir qardaşınızam. Ankara şəhərində doğulmuşam. Ziyalı ailədə böyümüşəm. Məktəb vaxtlarından araşdırmağa meylli olmuşam, hər zaman oxuyub,  yeni-yeni şeylər öyrənirdim. Evdə kimya laborotoriyam olub və onunla məşğul olmuşam. Rəssamlıqla və heykəltaraşlıqla da tanışam. 1979-cu ildə Memar Sinan universitetinə 3-cülüklə qəbul olaraq İstanbula gəldim. Həmin zamanlarda bizim universitetdə Marksist Leninist hərakatları mövcud idi, amma mən bunların gərəksiz olduğunu və hər şeyin Allahın yaratdığını, İslam və Quranı təbliğ etməyə başladım. Bir çox təhdidlər aldım və şəxsimə qarşı dəfələrlə sui-qəsdə əl atıldı. Heç bir hüquqi sübut olmasa da, dəlixanada yatdım, üzərimə çox şər atıldı, həbsxanaya göndərildim, dəfələrlə məhkəmə önünə çıxdım, amma hər dəfə Allahın sayəsində qurtuldum və ağlandım. Mənə bu şər-böhtanları atanların hal-hazırda adları belə çəkilmir, harada olduqları bilinmir. Amma mən burdayam və şükür Allaha ki,  300-dən artıq əsərimlə, TV kanalımla, kitablarımla, etdiyim işlərlə bütün dünyada tanınıram.

Yeni kitab üzərində işlədiyiniz söhbətləri gəzir. Bir az məlumat verərdiniz.

Kitabım üzərində fasiləsiz işləyirəm. Bir müddət əvvəl "Amerikanın görə bilmədiyi təhlükə”, "PKK və qaranlıq təhlükə” kitablarım işıq üzü gördü. İndi isə bu kitablarımın ingilis dilinə tərcüməsi üzrə işlənilir. Diqqət etdinizsə, bu mövzular çox ciddidir və çox insan bunların üzərində durmur. İndi isə Mehdinin zühur etməsinin əlamətləri haqqında yeni bir kitab üzərində işləyirəm.

Azərbaycana gələrək burada da görüşlər keçirmək fikriniz varmı? Bəs burada Adnan Oktarın davamçıları, yaxud da qrupu mövcuddurmu?

Azərbaycanda da məni sevən, tanıyan, izləyən, kitablarımı oxuyan çox sayda dostlarımız var. Başda İlham Əliyev olmaqla Azərbaycan hökümətinə müasir, dindar, vətəninə sadiq, dövlətini sevən və onu qoruyan bir nəsil yetişdirdiyi üçün təşəkkür edirəm. Bütün bunlar Azərbaycan dövlətini qiyamət gününə qədər güclü edəcək arqumentlərdir. Mən Azərbaycan və Türkiyənin birləşəcəyi, bir olacaq günün tezliklə gəlməsini istəyirəm. İnşallah o gün tezliklə gələcək və İstanbuldan Xəzərə kimi heç bir sərhəd qapısında gözləmədən rahat şəkildə oraya gələcəyik.

Sizi sevənlərlə yanaşı sərt davrananlar da olur. Bu zaman onlara necə reaksiya verirsiniz?

1979-cu ildən bu yana kimi sərtliklərlə, şər-böhtanlarla üz-üzəyəm. Şükürlər olsun ki, hər zaman haqlı çıxdım. Allah da buyurub ki, cahillərə baş qoşmayın, onların səviyyəsinə enməyin. Mən də bu cür edirəm. Zatən haqlıyamsa, haqq məni qoruyacaq və ədalət hər zamankı kimi yerini tapacaq.

"Yəhudilik və masonluq” kitabınızda İsrail və masonları pisləmisiz. Amma indiki dövrdə isə onlarla aranızın yaxşı olduğu, hətta tez-tez görüşdüyünüz bildirilir. O zamandan bu yana kimi fikrlərinizin dəyişməsinə səbəb nə oldu?

"Yəhudilik və masonluq” kitabı ən çox satılan kitablarımdan biridir. Dünya dinsiz, ateist və masonluğun nə olduğunu mənim bu kitabımla öyrəndi. İndi masonluğu tənqid edənlər mənim bu kitabımdan öyrəndikləri məlumatlardan istifadə edirlər. Bu kitabım işıq üzü gördükdən sonra həbs olundum və ruhi xəstəxanaya göndərildim. Mən o zaman onları tənqid etdim, amma siz deyən qədər pisləmədim. Nöqsanlarını açıqladım. İndi də aramız yaxşıdır, İsraildən olan dostlarımla görüşürəm, həmçinin masonlarla da. Düzdür, fikirlərim dəyişib bir az da olsa, amma siz də haqq verərsiniz ki, üzərindən 30 ildən çox zaman keçib. İnsan oxuyur, araşdırır və daha yaxşı anlayır hər şeyi. Məndə də bu cür oldu.

Həzrəti Mehdi və İsa peyğəmbərin zühur etdiyini bildirirsiniz. Nə zaman oldu bunlar? Haradan bilirsiniz?

Bunu tək mən yox, peyğəmbərlərimizin hədisləri, alimlər də deyir. Mehdinin hicri təqviminə görə, 1400-cü ildə zühur edəcəyi bildirilir. Peyğəmbərimizin hədislərində isə dünyanın ömrünün 7 min il olduğu və artıq bunun 5600 ilinin geridə qaldığı bildirilir. 7 mindən 5600 çıxdıqda isə 1400 qalır. Bu isə o deməkdir ki, Mehdi artıq zühur edib və dinsizlərlə qarşı mübarizə aparır. İsa peyğəmbər də hal-hazırda dünyadadır. O da gəlib.

Sizin də Mehdilik iddialarınızın olduğu söyləntiləri gəzir. Bundan başqa özünüzün Mehdiyə bənzədiyinizi və onun keyfiyyətlərini daşıdığınızı bildirmisiz.

Mənim heç zaman Mehdilik iddiam olmadı. Digər dediyiniz isə doğrudur. Mehdiyə çox bənzərliyim var, amma bu o demək deyil ki, mən Mehdiyəm. Mehdi ortaboylu, kürəyi vücudu geniş, gözləri yaşıl, saçları qara, qarını geniş, qaşları çatma, alnında iz, dişləri gözəl, siması nurlu, saqqallı biridir. Bunlar da məndə var. Tək məndə yox axtarsaq, çox adamda var.

Komandanızdakı qızlara niyə "kediciklər” adı qoymusuz? Kimdir bu "kediciklər”?

Pişiklər çox şirin heyvanlardır. Sevməyi və sevilməyi çox yaxşı bacarırlar. Qadınların isti, sevgi dolu, mərhəmətli hallarını ən çox aşılayan canlılar pişiklərdir. "Sevgililərimin” hamısı çox gözəl, mədəni, tərbiyəli, keyfiyyətli insanlardır. Verilişlərimdə və sosial mediyada gördüyünüz "kediciklər”in hələ bir qismidir. Sayları lap çoxdur.

İslamda açıq geyimlər, çox makiyaj günahdır. Sizin "kediciklər” isə bunlara əməl etmir.

Mənim üçün açıq geyinən də, hicab geyinən də müsəlmandır. Yetər ki, dinindən, haqq yolundan dönməsin. Geyimə və başqa şeylərə görə ayrı-seçkilik etmirəm. Qadınlara necə geyinməklərini, nə cür makyaj etmələrini, davranışlarını söyləməyi onları təhqir edirmiş kimi düşünürəm. Çünki onların öz ağlı və düşüncəsi var və nəyi nə cür etməyi özləri seçməlidir.

1983-85-ci illərdə dəli adlandırılaraq ruhi xəstəxanaya göndərilərək 9 ay orada qaldınız. Sizi oradakı ruhi xəstələrdən birinin öldürməyə çalışdığı doğrudurmu?

Bəli. 1986-cı ildə bir yazımda "Türk qövmündən, İbrahim ümmətindənəm” bildirmişdim. Bunu bəhanə edərək əvvəl saxlanılaraq həbsxanaya göndərildim. Ayağıma zəncir bağlanılaraq hürcələrə salındım. Sonra da Bakırköydəki dəlixanaya göndərilərək ən təhlükəli ruhu xəstələrin olduğu "14A” blokuna salındım. 300 ən təhlükəli ruhi xəstənin olduğu bir yerdə aylarla qaldım. Orada olduğum müddətdə 7 cinayət baş verdi. Bu cür xəstələrin içərisində cinayət artıq adi bir hal almışdı. Orada bir dəli mənə bir neçə dəfə məni öldürməyə çalışmışdı. Ümumilikdə həbsxana və dəlixanada 19 ay yatdıqdan sonra məhkəmənin qərarı, həmçinin həkimlərin yoxlanışından sonra sağlam olduğum ortaya çıxdı.

İslamda musiqi və rəqs haram olduğu deyilir. Amma sizin verilişlərinizdə bunlara üstünlük verilir.

Quranda belə bir şey yoxdur. Musiqi və rəqs Allahın bir lütfüdür. Biz doğru bildiyimizdən yayınmarıq.

Azərbaycanlılara nə tövsiyə edirsiniz?

Biz qardaşdan da o yanayıq. Azərbaycan bizim canımız, ruhumuzdur. Azərbaycan bilsin ki, biz hər zaman onların yanındayıq. İnşallah tez zamanda qovuşacağıq.

Sizin mason və İsrail agenti olduğunuz söyləntiləri var

Mənim mason dostlarım var. Ünsiyyətimiz olduqca yaxşıdır. İsraildə də olduqca tərəfdarım var. Həmçinin İsrail dövləti ilə də münasibətim yaxşıdır. Bu o demək deyil ki, masonam ya da İsrail agenti. Boş cəfəngiyatdır.

Niyam Şirinov

Ölkə.Az