Parlamentdə bu qanunlara dəyişiklik edilib

  • 10 mart 2017, 20:19
Milli Məclisin iclasında bir sıra qanunlara dəyişiklik edilib. Öncə "Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi 5 fəsil 24 maddədən ibarətdir. Qanuna görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər.
Qanun layihəsi məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək.
Layihədə bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.
 Layihəyə əsasən, məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir.
 Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq.
Bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə, onların lisenziyası ləğv edilir.
Layihə ikinci oxunuşda səsə qoyularaq, qəbul edilib.

Sərhədçilər nəqliyyat vasitələrini və yükləri yoxlaya biləcəklər

Daha sonra  "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki,  layihəyə əsasən qanunun 12-ci maddəsi (Şəxslərin, nəqliyyat vasitələrinin və digər əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılması) dəyişdirilərək yeni formada verilir. Buna uyğun olaraq nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər, onların nümayəndələri Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının, əməliyyat-axtarış, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sərhəd qoşunlarının tələbi əsasında gömrük orqanlarının iştirakı ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar. Hazırkı maddəyə əsasən isə nəqliyyat sahibləri ümumiyyətlə, sərhəd qoşunlarının, gömrük və digər aidiyyəti orqanın istənilən tələbinə görə yükü açmağa borcludurlar.
 Layihəyə görə, yeni formaya belə bənd də əlavə edilir: "Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi, dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədilə nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitəsi barəsində səlahiyyətli olan digər şəxslər, onların nümayəndələri sərhəd qoşunlarının tələbi ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar".
 Yeni maddəyə görə, şəxslərin Azərbaycan dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə sərhəd qoşunları dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə, başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirirlər. 
Oxşar dəyişiklik "Sərhəd qoşunları haqqında" da edilib.

Mobil rabitə xidmətlərinə lisenziya 10 illik veriləcək

Azərbaycanda mobil rabitə xidmətləri ilə bağlı fəaliyyət növünə lisenziya 10 il müddətinə veriləcək. Modern.az xəbər verir ki, "Lisenziyalar və icazələr haqqında" qanununa dəyişiklik təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsinə əsasən, "Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı"na "Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)" fəaliyyət növü əlavə edilir. Bu fəaliyyət növünə lisenziyanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 10 il müddətinə verəcək. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
"Reklam haqqında” Qanuna da texniki xarakterli dəyişiklik edilib.
Oxşar xəbərlər