Ermənistan Rusiyaya xurma, kivi kimi meyvələr ixrac edirmiş....

  • 06 fev 2017, 17:17

Yeni açıqlanan ixracat rəqəmləri ermənilərin özlərini güldürür; Ermənistan Türkiyədə istehsal olunan məhsulları erməni malı adı ilə Rusiyaya ötürüb

 

Ermənistan Statistika xidmətinin açıqladığı rəqəmlərə görə, Ermənistanın Rusiyaya ixracatı 2016-cı ildə 392 milyon dollar təşkil edib. 2015-ci ildə isə bu rəqəm 257 milyon dollar civarında olub. Beləliklə, Ermənistan rəsmilərinin iddiasına görə ixracat bir ildə birdən-birə 53%-lik bir artış göstərib.

Ermənistanın "Məlumatlı vətəndaşlar birliyi” adlı təşkilatının eksperti Andranik Manukyan iqtisadiyyatın cəmi 0,5 %-lik artması fonunda ixracatın bu dərəcədə şişməsinin olduqca maraqlı olduğunu bildirib.

Bunu Ermənistandan ixrac olunan malların strukturundan da görmək mümkündür.

Belə ki, təkcə 2016-cı ilin yanvar-sentyabr aylarında tomat ixracı birdən-birə 2000%, pendir və kəsmik ixracı 450%, kürü və hazır balıq ixracı isə 300%-ə qədər yüksəlib!

Maraqlıdır ki, bu cür yüksəliş Ermənistanda qida sənayesinin sadəcə 2,6% artdığı bir dövrə təsadüf edir.

Bununla bərabər müxtəlif meyvələrin ixracatında da 580%-lik artma müşahidə olunub. Həm də elə meyvələr ki onların bəziləri ümumiyyətlə Ermənistanda yetişdirilmir.

Buraya Avrasiya iqtisadi ittifaqında 0810 kateqoriyasına aid edilən xurma, kivi, durian kimi ekzotik meyvələr də daxildir.

Özü də rəsmi rəqəmlərdə Ermənistanda məhsulun 12% aşağı düşdüyü də qeyd edilir.
Bundan başqa, Ermənistanda parça, trikotaj, kişi və qadın geyimləri ixracatının da 21 milyon dollar məbləğində artması xüsusi təəccüb doğurub.

Sənayenin bir sıra dar ixtisaslı sahələrdə ixracat isə 960% şişib. Halbuki 2016-cı ildə Emrənistanda tekstil sənayesinin 4,8% aşağı düşdüyü bilinirdi.

Bütün bunlarla bərabər ağır sənayedə də "rekordlar” qeydə alınıb.

Məlum olub ki, Ermənistan vaksinlərin ixracatını 9,6 dəfə, gil ixracını 8,3 dəfə,qızdırıcı sistemləri, kondisioner detalları, uzaqdan idarə olunan sistemlər və s. digər avadanlıqların ticarətini 3,6 dəfə artırıb.

"Lakin hər kəsə məlumdur ki, Ermənistanda bu cür mallar ümumiyyətlə istehsal edilmir”, - Andranik Manukyanın yazısında göstərilir.

İxracatın artışı ilə ölkədə olan real iqtisadi göstəricilər arasındakı uyğusunzluq erməni iqtisadçılarını bunun səbəbini başqa yerlərdə axtarmağa sövq edib.

Ermənistan ekspertlərinin rəyinə görə, bütün bu ixrac edilən mallar əslində Türkiyədə emal olunub.

2015-cil ilin noyabrında məlum təyyarə vurulması hadisəsindən sonra Rusiya Türkiyə mallarına embarqo tətbiq etmişdi.

Bu səbəbdən türk malları yalnız Ermənistan vasitəsilə Rusiya bazarına daxil olurdu.

Bu cür təkrar ixracat mexanizmi isə olduqca sadədir: vahid iqtisadi zonada yerləşən dövlət digər dövlətlərin idxal edə bilmədiyi ölkələrdən malları alaraq, onu hədəf ölkəyə təkrar ixracatını təmin edir. 

Bundan isə bir qrup, xüsusilə hakimiyyətlə sıx bağlı monopolistlər milyardlarla gəlir qazanırlar.

Erməni mətbuatı bütün bunlarla paralel olaraq Ermənistanın özündə istehsal olunan, yəni real malların ixracatında ciddi düşüş olduğunu qeyd edir.

Belə ki, keçən ilə nisbətdə Ermənistan ərik, gilas və armud ixracatı 36%, konservləşdirilmiş tərəvəz 23%, müxtəlif dərman məmulatlarının ixracı isə 20% azalıb.

Bundan başqa, Ermənistana xas sənaye sahələrində də ciddi enmə müşahidə olunub. Ermənistanın ağır metallar və ondan hazırlanan məhsullarının ixracı 3% düşüb. 

Burada diqqəti cəlb edən xüsus Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsində çılpaq gözlə müşahidə olunan artışdır. 

"Düşmən” saydıqları Türkiyənin mallarını Ermənistanda istehsal olunurmuş kimi sataraq iqtisadi "pripiska” siyasəti həyata keçirən Ermənistan hakimiyyətinin "dost” Rusiyaya bu yolla kələk gəlməsi ayrıca bir mövzudur.

Vaqif Hüseyn, 
Musavat.com
Oxşar xəbərlər