Əli Kərimli niyə susub?-

  • 30 dek 2016, 10:35

AXCP lideri son vaxtlar kölgəyə çəkilib; onu bitirə biləcək bir olay yaşandığı iddia olunur; Razi Nurullayev: "Topladıqları xalları xərcləməklə fəaliyyət göstərirlər”

 


Sentyabrın 26-da keçirilən referendumdan sonra ölkənin öndə olan siyasi partiyalarının liderləri demək olar ki, siyasətdən qeybə çəkiliblər. Son üç ayda ölkə daxilində siyasi və iqtisadi sahələrdə müxalifətə birbaşa aidiyyəti olan proseslər getsə də, partiya liderləri baş verənlərlə bağlı sanki seyrçi mövqedə dayanıblar. 

Təsadüfi deyil ki, elə liderlər var ki, ümumiyyətlə, Tarif Şurasının qərarı ilə qaz və işığın bahalaşmasına mövqe belə bildirməyib. 

Ən maraqlısı isə odur ki, son vaxtlaradək, belə demək mümkünsə, guruldayan Əli Kərimli də kölgəyə çəkilib. Davamlı olaraq facebook səhifəsində radikal açıqlamalarla çıxış edən Ə.Kərimli indi yalnız baş qatmaqla məşğuldur, bəzən günlərlə status paylaşmır. 

Bəzi iddialara görə, Əli Kərimlinin ətrafında və ona yaxın olan şəxslərlə bağlı ciddi bir proses həyata keçirilir və həmin kəsin ciddi "çp”-ləri var. Bu səbəbdən Əli Kərimlinin başı özünə qarışıb və o, bu prosesin üzə çıxmaması üçün maksimum çalışır və hətta acizanə şəkildə mövqeyindən çəkilmiş kimi də görünür...

Image result for Razi Nurullayev

Əli Kərimlinin susqunluq nümayiş etdirməsinə münasibət bildirən əski silahdaşı, yeni elan edilən AXCP qanadının sədri Nurullayev bildirdi ki, kadr və ideya cəhətdən liderlər tükəniblər: "Biri atı üzü yoxuşa tərəf sürərsənsə, tez yorular. Azərbaycanda ənənəvi müxalifət daim üzü yoxuşa tərəf gedib və özünü yorub. Eyni zamanda üzü yoxuşa tərəf gedib və bilib ki, nəticəsi olmayacaq. Siyasi proseslər olan zaman aktivlik çoxalır. Ənənəvi müxalifətdən fərqli olaraq, yeni qüvvələr-burada biz də varıq - daha çox xalqla yaxınlaşmağa önəm verirlər. Bunu da həyata keçirirlər. 

Əminəm ki, getdikcə bu qüvvələrin mövqeyi güclənəcək. Əvvəlki aylarla müqayisədə bizim fəaliyyət günü-gündən güclənir, üzv olmaq istəyənlərin sayı durmadan artır. İnsanlar dediklərimizə, təkliflərimizə reaksiyalar verirlər. Artıq zamanı və səbri zorlamaq olmaz. Onlar dediklərini deyiblər, etdiklərini ediblər. Bundan sonra yeni bir şey desələr belə, xalqın inamı olmayacaq. Onlara siz gedin kimi çağırışlar etmək də mənasızdır. Xalqın fəallaşması, yeni qüvvələrin getdikcə güclənməsi ilə onlar yavaş-yavaş yoldan çəkiləcəklər. Son zamanlar çoxsaylı gənclə görüşmüşəm və əmin olmuşam ki, insanların yeni qüvvələrə maraqları artıb. Ənənəvi müxalifətin perspektivsiz olduğu anlamına gəliblər. Əli Kərimlinin liderlik etdiyi  Milli Şura dar çərçivəli, bağlı bir klubdur. Xalqın bütün qüvvələrinin birləşdiyi bir təşkilat deyil. Bu qurumdan nəsə gözləmək, onu gündəmə gətirmək xalqın marağında deyil. Şəxsən bizə də maraqlı deyil. Xalqı onlar düşünsəydilər, şəxsi ambisiyalarını kənara qoyub, bütün qüvvələrin qurumda təmsil olunmalarına şərait yaradardılar. 

Bu isə yoxdur. O klubda təmsil olunan şəxslər 1988-ci ildən başlayaraq topladıqları xalları xərcləməklə fəaliyyət göstərirlər. Bu xallar da artıq sıfır nöqtəsinə yaxınlaşmaqdadır. O da bitəndən sonra onsuz da özləri də bitəcəklər. Onun üçün yeni birliklərə ehtiyac var. 2017-ci ildə müxalifətin birliyi, vahid namizəd müəyyən etmək yolunda kifayət qədər ciddi addımlar atacağıq. Azərbaycanda yeni qüvvələrin birliyi yaranacaq. Ondan sonra şəffaf fəaliyyət görünəcək. Milli Şura da artıq siz jurnalistlərin, ictimaiyyətin belə diqqətindən düşəcək”.

R.Nurullayev AXCP-nin qeydiyyat müəmmasına da toxundu: "Hakimiyyətə vəziyyətin bu şəkildə davam etməsi sərf edir. Biz də bu halla müəyyən qədər barışmışıq. Partiyanın qeydiyyatının olmaması bizə ciddi maneələr törətsə də, hədəflərimizə maneçilik törətmir”.

Cavanşir ABBASLI
Oxşar xəbərlər