Ermənistanda Xaos - Netanyahunun Bakı səfəri

  • 15 dek 2016, 09:04

Netanyahunun Azərbaycan ziyarəti ilə bağlı düşmən tərəfdə baş qaldıran təlaşın maraqlı pərdəarxası var; ekspert: "Prezident İlham Əliyev və İsrailin baş naziri ilk dəfə açıqladılar ki...” 

 


İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfəri, gözlənildiyi kimi, ən çox işğalçı Ermənistanı narahat etdi. Bunu səfərlə bağlı erməni mediasında gedən yazılar əyani şəkildə sübut edir. Düşmən tərəfin narahatlığı da təbiidir, çünki İsrail sıradan bir dövlət deyil, Qərbdə sanballı söz sahibi olan və Azərbaycana strateji tərəfdaş ölkələrdən biri, öncəliklə bizimlə hərbi-texniki sahədə yüksək səviyyədə əlaqələr qurmuş dövlətdir. 

Səfər çərçivəsində bu faktor hər iki tərəfdən liderlərin verdiyi bəyanatlarda bir daha qabarıq şəkildə öz təsdiqini tapdı. Ortaq qənaət belədir ki, İsrail-Azərbaycan hərbi əməkdaşlığı bundan sonra da genişlənəcək və inkişaf edəcək - həm kəmiyyət, həm də keyfiyyət baxımından. 

Önəmlisi həmçinin odur ki, yəhudi dövləti ilə ölkəmizi təkcə hərbi sferada əlaqələr deyil, başqa sahələr üzrə də yaxşı əməkdaşlıq birləşdirir və Bakıda imzalanan sənədlərdən də göründüyü kimi, bu sahələr də inkişafa kurs götürüb. Ermənistanı təlaşlandıran həm də budur. Nəhayət, dünya yəhudi lobbisinin rəğbətinin Azərbaycan tərəfdə olmasından dolayı da narahatlıq var işğalçı tərəfdə.

***** 
Ancaq əlbəttə ki, hərbi və hərbi-texniki əməkdaşlıq ikitərəfli münasibətlərdə xüsusi, daha dəqiqi, prioritet yer tutur. Çünki Azərbaycan ərazisinin bir qismi üçüncü on ildir erməni işğalı altında olan ölkədir. Bu üzdən ölkənin hərbi qüdrətini artırmaq, təcavüzkar ölkə üzərində hərbi üstünlüyü saxlamaq üçün rəsmi Bakının İsrail kimi modern silah sənayesinə və hərbi texnologiyalara malik bir dövlətlə əməkdaşlığa məxsusi diqqət ayırması təəccüblü deyil. 
Ən önəmlisi, Ermənistandan fərqli olaraq Azərbaycanın buna maddi imkanları var - hansı məqama ki, Azərbaycan prezidenti İlham Əliyev İsrail baş naziri ilə birgə mətbuat konfransında ayrıca toxunmaqla Ermənistana faktiki göz dağı vermiş oldu. 


Sitat: "Sözsüz ki, bu səfər ölkələrimiz arasında ikitərəfli əlaqələri genişləndirəcək. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bu gün imzalanmış sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Biz həmçinin müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edirik və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və indiki əməkdaşlığın səviyyəsindən çox razıyıq. Münasibətlərimiz çox geniş, şaxələnmiş münasibətlərdir, bir çox sahələri əhatə edir”. 

Əksər analitiklərə görə, Azərbaycan-İsrail hərbi əməkdaşlığı Ermənistanın son vaxtlar çox öyündüyü "İsgəndər” raket kompleksləri ilə bağlı arxayınçılığını aradan qaldırır. İsrail mənbələrinin yazdığına görə, Azərbaycanın ondan aldığı "Dəmir günbəz” raket əleyhinə müdafiə sistemi əslində uzaq mənzilli raketləri də ("Isgəndər” raketləri bu qəbildəndir) neytrallaşdırmaq qabiliyyətindədir. Bu şəksiz ki, işğalçının yuxusunu qaçıran bir xəbərdir, çünki İrəvanda düşünürdülər ki, "Dəmir günbəz” yalnız yaxın mənzilli (70 km) raketlərə qarşı effektlidir. 

*****
"Netanyahunun Azərbaycana səfəri iki mühüm amillə yadda qaldı”. 

Bu fikir "Atlas” araşdırmalar mərkəzinin B.Netanyahunun Bakı səfəri ilə bağlı hazırladığı təhlildə yer alıb. 


Qurum onları belə sıralayıb: 

"Birinci amil: Azərbaycan prezidenti İlham Əliyev dedi ki, Azərbaycan bu günə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilələrin ümumi dəyəri isə 5 milyard dollardır. İlham Əliyev ilk dəfə idi iki dövlət arasındakı hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqlayırdı. Əslində bu, həm Ermənistana, həm də Rusiyaya mesaj idi. Prezident bu açıqlama ilə göstərdi ki, Rusiyanın Ermənistana yerləşdirdiyi ”İsgəndər" raketləri əleyhinə Azərbaycanın da İsraildən eyni tipli və qoruyucu raketlər almaq imkanı var.

İkinci amil: Benyamin Netanyahu dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin bu istəyi haqqında əvvəllər müxtəlif versiyalar səslənirdi. Ancaq ilk dəfə idi ki, İsrail baş nazir səviyyəsində öz qazını Azərbaycanın inşa etdiyi boru xətti ilə Avropaya nəql etməkdə maraqlı olduğunu açıqladı. Bu açıqlama iki ölkə arasındakı enerji əməkdaşlığını daha üst səviyyəyə qaldıracaq. Digər tərəfdən, bu enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək". 

***** 

Bir sözlə, İsraillə Azərbaycan arasında əməkdaşlıq iqtisadi-ticari, energetik sahələrdə də yüksəlişə doğru gedir ki, bu da yenə yekun etibarilə hərbi əməkdaşlıq üçün əlavə resurslar və stimul deməkdir. Bu fonda isə Serj Sərkisyanın bir neçə gün öncə öz xalqına, işğalçı silahlı qüvvələrə müraciətlə "çətinliklərə hazır olun” mesajı diqqət çəkməyə bilmir. 
Bu, ən əvvəl o anlama gəlir ki, düşmən müharibədən çəkinir. Çünki özünün hərbi, iqtisadi-maliyyə potensialını yaxşı bilir. Sərkisyanın işğal altındakı ərazilərimizdən qayıtdıqdan sonra verdiyi açıqlamalar bu xüsusda əsl pessimizm nümunəsidir ki var.

"Dağlıq Qarabağ münaqişəsinə dair heç bir danışıqlar aparılmır, ordu, əhali çətin dövrə hazır olmalıdır. Ordunun çoxlu tələbatı var və bu tələbatı dəyərləndirmək lazımdır. Çünki bizim imkanlarımız hüdudsuz deyil ki, bütün problemləri, bütün məsələlər həll edək” - Ermənistan prezidenti deyib.

Dünən isə Ermənistan parlamenti işğalçı ölkənin ağır iqtisadi durumundan doğan və faktiki, öz xalqının cibinə girməyi rəsmiləşdirən rüsvayçı bir qanunu qəbul edib. Həmin qanuna görə, bundan sonra hər bir işləyən erməni hər ay öz maaşından həlak olan və yaralanan hərbçi ailələrinə yardım fonduna 1000 dram ödəməlidir. Özü də bu, vergiyə bərabər öhdəlik hesab olunur. Başqa sözlə, Ermənistanda olan-qalan, kasıb ermənilər üçün məcburi xarakter daşıyır. 

Maraqlıdır ki, ölkədə buna qarşı ciddi etirazlar olsa da, yekunda qanun qüvvəyə minə bildi. Bu da erməni xalqının nə dərəcədə Sərkisyan klanının girovluğunda olduğunun bariz təsdiqidir. Erməni xalqı bu girovluqdan da, əlavə ağır vergilərdən də bir yolla qurtula bilər - indiki hakim rejimdən bacardıqca tez qurtulmaq və işğalçı ordunun Azərbaycan ərazilərindən çıxmasına nail olmaq. O zaman "həlak olan və yaralanan hərbçi ailələrinə yardım fondu” deyilən bir fond da lüzum qalmaz, o ki ola ona vergi ödəməyə... 

Analitik xidmət 

Oxşar xəbərlər