1988-ci ilin BU GÜNÜ VƏ 5 dekabr – müəmma dolu gün

  • 17 noy 2018, 10:32

1988-ci il...Düz 30 il bundan əvvəl...

 

"Dekabrın 5-i möhtəşəm 17 noyabr mitinqiləri öz tarixi missiyasını başa vuracaqdı. Qarşıdan isə 20 Yanvar gəlirdi.

5 dekabra qədər bir çox maneələrə sinə gərən, "fövqələdə vəziyət”, "komendant saatı” qorxusunu öz içində boğa bilən millət, 5 dekabrın soyuq günündə meydandan bir qalib ədası ilə ayrıldı. Qarşıdan isə 20 Yanvar gəlirdi..".

Bu gün -17 noyabrda, düz 30 il bundan qabağın ab havasını bir daha yaşayıb, xəyalən o günlərə qayıdırıq.

Elə məni bu yazını işıqlandırmağa vadar edən də, dağınıq uşaqlıq xatirələrim oldu. Bəri başdan onu da deyim ki, bu yazdıqlarım heç bir mənbəədən götürülməyib. Bu yazı mərhum jurnalist həmkarımız, o illərin canlı şahidi Məhəmməd Novruzlunun eyniməzmunlu yazısına əsaslanır.

     Qoy, 1988-ci ildən "Çənlibel” Elmi Ədəbi Birliyində, Təzə Pir Məscidindəki yığıncaqlarda mərhum Xəlil Rza Ulutürkün "Boz qurd” adlandırdığı "Nu paqadi”, ziyalıların toplaşdığı

"Sahil” çayxanalarında aparılan söhbətlərdə sıravi bir üzv kimi iştirak etmiş, lazım olanda müəyyən fikirlər də bildirmiş azadlıq fədaisi, mərhum jurnalist dostumuz Məhəmməd Novruzlunun ruhu şad olsun!!!.

...17 noyabr mitinqdən başlayaraq, 5 dekabr gününə qədər, yəni mitinqlər dağılan ana qədər Azadlıq meydanında onun iştirakı olub və bu yazı da Məhəmməd Novruzlunun öz müşahidələrinə, xatirələrində, arxivində qalan materiallar əsasında qələmə alınıb.

      *********************

...17 noyabr Azərbaycan dövlətinin təqvimində "Dirçəliş Günü” kimi qeydə alınsa da, həmin gün daha çox xalq hərəkatının pik nöqtəsi kimi yadda qalıb. Milli Azadlıq hərəkatından söz düşərkən istər-istəməz 1988-cu ilin o qədər də soyuq olmayan 17 noyabr günü göz önündə canlanır və ianmıram ki, həmin gündən başlayaraq dekabrın 5-nə qədər davam edən mitinqlərdə hansısa Bakı sakini bir gün də olsa iştirak etməsin. Əslində 1988-ci ilin fevralın 19-da Mənsur Əlisoyun alovlu çıxışı ilə başlayan mitinq milli dirçəlişin əsasını qoydu. Bu, mərhələlərlə noyabr mitinqinə qədər davam etdi.

...1988-cu ilin noyabr ayında başlayan proseslər isə artıq hadisələri başqa mərhələyə yönəltdi və demək olar ki, ilk vaxtlar SSRİ rəhbərliyinə yönəlmiş ittihamlar öz yerini daha kəskin tələblərə verməyə başladı. Topxana meşəsində bir neçə ağacın kəsilməsinə etiraz əlaməti olaraq başlanan aksiya, Azərbaycanın SSRİ tərkibindən çıxması kimi bəyənatlarla davam etdi.

1988-cu ilin 14-16 noyabrında Məhəmməd Hatəminin başçılığı ilə Sabir bağında, sonra isə 17 noyabrda Qoşaqala qapısında başlayıb meydanda bərqərar olan çoxminlik və gecə-gündüz davam edən mitinqlər Azərbaycanın qələbəsi idi, yoxsa məğlubiyyəti?...

Üstündən qosqoca 30 illik zaman keçsə də, bu sualın birmənalı şəkildə cavablandırmaq hələlik kimsəyə nəsib olmayıb. Milli Azadlıq Hərəkatının başlaması o günün tələbi və reallığı olub. Amma, 1990-cı ilin 20 yanvar faciəsinin 1988-cu ilin noyabrından start götürməsi tarixi reallıq kimi görünür.

Milli Azadlıq Hərəkatı milli ideologiyanı formalaşdırsa da, təşkilatlandıra bilmədi. Millətin ali məqsəd və mənafelərinə sahib çıxan olmadı. Müstəmləkə əsarətindən qurtulmaq istəyən və dövlət müstəqilliyini qurmaq arzusunda olan bu millətin güclü sərkərdəsi yaranmadı. (Mərhum prezidentlər - Əbülfəz Elçibəy və Heydər Əliyevdən başqa, xalqın iradəsi ətrafında güclü siyasi liderlik qabiliyyəti kimsədə görünmədi - O.N) Hadisələri idarə etmək funksiyası, təşkilatçılıq qabiliyyəti, siyasi savadı olmayan bir fəhlənin üzərinə düşdü. Bir neçə nəfər istisna olmaqla, toplum şəklində milli vətənpərvərlərin ziyalılarının olmaması isə milli gücü vahid təşkilata yönəltməyə mane oldu. Doğrudur, həmin ərəfədə Azərbaycan Xalq Cəbhəsi (AXC) vardı. Amma nədənsə, bu təşkilat da tanınmış ziyalıları özündə birləşdirə bilmədi, elə yarandığı ilk vaxtdan AXC daxilində fikir ayrılıqları baş verdi. Sonralar "Azərbaycan dövlət müstəqilliyini qoruyacağıq” deyən "millət ataları” isə nədənsə heç gözə dəymirdi. Dövrünün yeganə təşkilatı olan AXC isə heç cür xalqın cəbhəsi ola bilmədi. Beləcə, özünənəzarəti itirən milli hərəkatın yolunun 1990-cı ilin qanlı 20 yanvarından keçəcəyi qaçılmazlığa çevrildi və bu baş verdi.

Hələlik isə yenə 17 noyabrdayıq   

Tarixi hadisələrdən biri kimi yaddaşlara yazılan 17 noyabr...Hələ ki, qüvvələr birdi...Hələ ki, xalq nə tayfa, nə qəbilə, nə də mafiyalara bölünməyib...

Məhəmməd Hatəminin başçılığı ilə Sabir bağından yürüşə başlamış böyük bir dəstə meydana gələndə artıq tribuna zəpt edilmişdi. Mikrafona isə həmin vaxtlar Coğrafiya İnstitutunda işləyən Ənvər Əliyev adlı müəllim rəhbərlik edirdi. Həmin şəxs mitinq iştirakçılarına maraqlı bir fikir təlqin edirdi. ”...elə bu meydandan Qarabağa yürüş etmək, erməniləri oradan qovmaq lazımdır.” Həmin dövrdə Qərbi Azərbaycandan yurddaşlarımızın kütləvi şəkildə qovulması emossiyaları coşdururdu. Hadisələrin hansı sonluqla bitəcəyini düşünən isə yox idi.

Üstündən uzun illər ötəndən sonra bizə məlum olacaqdı ki, həmin dövrdə tribunanı işğal edənlər elə sonradan hakimiyyəti kortəbii ələ alanlar olub. O zaman isə hamı bütün bunlardan bixəbər idi. Ayağa qalxmış könüllü şəkildə hərəkata qoşulmuş xalq bakılıya, gəncəliyə, naxçıvanlıya, qarabağlıya bölünməmişdi... Xalq hərəkatında çox möhkəm vəhdət yaranmışdı...

Sonradan o da aydın olacaqdı ki, bu vəhdəti pozmaq üçün içəridən pozmaq üçün xeyli qruplar fəaliyyətdə imiş...

Meydanda pozuculuq işi görən qruplara isə, artıq tribunada bölünmüş qruplar rəhbərlik edirdi. Tribunada isə, həm mərkəzi komitənin yaratdığı mitinq komitəsi, həm də Viktor Polyanişkonunyaratdığı ”Gənc Alimlər Klubu”, həm də Firuddin Cəlilovun rəhbərlik etdiyi "Meydanı Müdafiə Komitəsi” vardı.

Meydan hərəkatını Əbülfəz Elçibəy, Məhəmməd Hatəmi, Xəlil Rza Ulutürk, İsfəndiyar Coşqun, Mənsur Əlisoykimi vətənpərvərlər başlasa da, hərəkata başqaları sahib çıxmağa başlamışdı. Sonradan Nemət pənahov özü də etiraf edəcəkdi ki, meydanlar daha çox KQB nəzarətində idi.

Hərəkatın iki günü-17-18 noyabrda mitinq iştirakşılarına konkret sahib duran tapılmadı. Ermənistanda xalq keşiş vazgenin ətrafına toplaşdığından, meydanda Allahşükür Paşazadənin tapılıb gətirilməsi barədə şüarlar eşidilməyə başladı. Əvəzində şeyxin müavini Hacı Sabir xalq qarşısında peyda oldu və əlində "Qurani-Kərim”lə xalqı meydandan dağılmağa and verdi. Buna isə Məhəmməd Hatəmi, Xəlil Rza və tərəfdarları mane olurdu.

Meydana Nemət Pənahlı sahiblik etməyə başladı

Hələ 1988-ci ilin may ayından sonra ayrı-ayrı vəzifəli şəxslərin müəyyən qruplar yaratmaq cəhdi hiss olunurdu. Belələrinin içində ən fəalı isə Həsən Həsənov idi. Sonrakı proseslər aydın göstərdi ki, xalqın daha böyük qrupuna mərhum prezident Heydər Əliyev də "nəzarət” edib.

Meydanda Həsən Həsənovun açıq-aşkar təbliğ olunması, onun adından SSRİ rəhbərliyinə ünvanlanan radikal mövqeli bəyanatların yayılması yəqin ki, hərəkat iştirakçılarının çoxunun yadındadır. Bu isə belə düşünməyə əsas verirdi ki, Həsənovun dövlətdə birinci şəxs olmağa çox böyük iddiaları olub. Lakin, sonralar Həsən Həsənovu bu iddialarında geri çəkilməsi müşahidə olunub. Hətta o daha sonralar Nemət Pənahlı ilə bir komandada yer alıb. Maraqlı bir məqama da toxunmalıyam. Ümumiyyətlə, hazırda hakimiyyətdə bu və digər formada təmsil olunan bir çoxlarının kimliyinə baxsaq görərik ki, onların çoxu sözügedən hərəkatda müxtəlif fəaliyyətlə məşğul olub.

Yəqin, çoxları xatırlayar. Hazırki MM-in üzvü, millət vəkili Fəzail Ağamalı o zaman tribunadakılara su daşıyırdı...

Belə demək mümkündür ki, meydan öz daxilində iki yerə bölünmüşdü. Biri ümumxalq hərəkatı, hansı ki, buna Hatəmi Tantəkin rəhbərlik edirdi. Digəri isə ayrı-ayrı şəxslərin mənafeyinə xidmət edən qüvvələr...dediklərimizin ayrı-ayrı məqamlarda liderlər tərəfindən etiraf edildiyi məqamlar da olub. Mahal İsmayıloğlu "Aydınlıq” qəzetində baş redaktor olarkən Etibar Məmmədovla bir müsahibə dərc edilmişdi. Həmin müsahibədə AMİP lideri söyləyirdi ki, 1992-ci ildə biz hakimiyyəti bölməkdən ötrü, mən, Əbülfəz Elçibəy, Heydər Əliyev, Cəlal Əliyev və Rəsul Quliyev gecə saat 2-yə qədər müzakirələr aparmışıq.

Etibar Məmmədovun söylədiklərinə əsasən, belə düşünmək olar ki, hələ meydandaykən hakimiyyətin taleyi müəyyənləşmişdi.

Hər hansı kontekstdə yanaşmamıza baxmayaraq,  17 noyabr bu xalqın tarixinə düşməyə layiq bir rəqəmdir. Ən azı ona görə ki, millət bu tarixdə ən böyük qələbəsini qazanmışdı. Özü öz içində olan qorxaqlığa, köləliyə qalib gəlməyi bacarmışdı.Ən əsası isə bu vətəni, bu torpağı sevmək, uğurunda ölmək anlamına qədər şərəfli bir məqama yetişmişdi...

Yəqin ki, 23 noyabr tarixi də kimlərinsə yadındadır. Bu Azərbaycan tarixində ilk dəfə olaraq fövqəladə vəziyyət elan olunduğu gündür.

Azadlıq istəyənlər tanklar tərəfindən mühasirəyə alınmışdı. Elə bu zaman tanklardan biri meydanın kənarına çəkilmiş xəttdən içəri keçməyə cəhd etdi.Tankın meydanda dəstə-dəstə əyləşmiş insanların üstünə yeriyəcəyini düşünən 14-15 yaşlı bir gənc özünü tankın tırtılları altına atdı. Yəqin ki, tankçı əylənci bir saniyə də gec bassaydı, adını bilmədiyimiz o gənci torpağa tapşıracaqdı.

Bu gün həmin yaşda gəncin analoji addım atacağına nədənsə inanmağım gəlmir.

Daha bir unudulmuş məqam elə həmin gün 23 noyabrda elan olunan fövqəqadə vəziyyət və komendant saatının sona çatdığı məqam oldu.

Fövqəladə vəziyyətin sonuna qədər meydanda duruş gətirən KİŞİLƏR səhərin ala-toranında heç kimin görməməsi üçün bir daldaya, ağac altına çəkilib hönkür-hönkür ağlayırdılar. Çünki içdəki qorxu dəf edilmişdi. Duruş gətirmişdik. İnsana ən ləzzət verən qələbə öz-özünə qalib gəlməkdir. Özünə qalib gəlməyi bacardınsa, bütün sədləri dəf etməyə qadirsən. Təəssüf ki, zaman-zaman bu keyfiyyətimizi də gömmüşük.

Nə qədər yazılsa da, bu tarixlə bağlı bir çox məqamlar qalır. ”Ən yeni tarix” yazmaq iddiasında bulunanların bu cəhdi hələki alınmayıb...

Dirçəliş günü-niyə məhz 17 noyabr    

Axı 1988-ci ilin 19 fevralından, 1988-ci ilin 17 noyabrına qədər xeyli sayda mitinqlər olub. May mitinqi isə izdihamına görə noyabr mitinqini də geridə qoyub. Bəlkə bütün bunlar hansısa hərəkat liderlərinin adlarının tarixdə qalacağının əndişəsi idi?...

ANS televiziyasının 2000-ci ildə lentə aldığı "Ən Yeni Tarix” teleşousunda Fazil Qəzənfəroğlunun qeyri-səmimi çıxışıda bunlardan xəbər verməyib? Məgər 1988-cu ilin 17 noyabrında Fazil Qəzənfəroğlu adlı şəxsin siyasi mövcudluğunu kimlərsə hiss edibmi?

Və nəhayət. Hər bir tarixi prosesin öz adı ilə çağırılmaması nəyə xidmət edə bilər?...

27 illik zaman ayrılığı bu suallara cavab tapmayıb.Amma nə vaxtsa tapmacalar açılacaq. Tarix kimiləri zibbilliyinə atacaq, kiminin yerini də gülüstanlıq edəcək...

 

Hazırladı: Osman Nərimanoğlu  

 

Oxşar xəbərlər