“Bu, millət vəkili adına yaraşmayan bir haldır”

  • 21 noy 2016, 18:07
ADP bəzi millət vəkillərinin yalnız öz maddi güzəranının yaxşılaşdılması haqda düşünməsini sərt tənqid edib

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti ilk növbədə "MTN işi” ilə bağlı keçirilən məhkəmə proseslərində ortaya çıxan cinayət faktlarına münasibət bildirib: "Nazirlərin, nazir müavinlərinin hər ay MTN əməkdaşlarına paket şəklində böyük həcmli pullar ötürməsi faktlarıını etiraf etmələri onu göstərir ki, məmurların fəaliyyəti üzərində heç bir nəzarət həyata keçirilməyib və bu sahədə tam özbaşınalıq hökm sürüb”. 
Korrupsiya və rüşvətxorluğun dövlət səviyyəsində həyata keçirilməsinin kadr siyasətində qohumluq, şəxsi sədaqət prinsipləri üzərində qurulması faktından irəli gəldiyinə diqqət çəkən partiya yetkililəri bu cür kadr siyasətinin yolverilməz olduğunu bildirib və ölkədə kadr siyasətinin onların peşə bacarığı, bilik və qabiliyyətləri əsasında həyata keçirilməsinin vacibliyini qeyd edib. 
İdarə Heyəti bir sıra millət vəkillərinin onlara verilən əmək haqqının azlığından şikayət etməsi ilə bağlı açıqlamalarına da münasibət bildirib. Ölkə əhalisinin yoxsulluq həddində yaşaması, müəllimlərin, həkimlərin və qeyri-maddi istehsal sahəsində çalışan əksər insanların aldığı əmək haqqının minimum yaşayışa yetmədiyi bir şəraitdə millət vəkillərinin yalnız öz maddi güzəranın yaxşılaşdılması haqda düşünməsini millət vəkili adına yaraşmayan bir hal kimi dəyərləndirib və ölkə başçısını artan qiymət, inflyasiya, manatın məzənnədən düşdüyü bir zamanda indeksasiya siyasəti həyata keçirməyə çağırıb.
İdarə Heyəti BMT Baş Assambleyasının müvafiq komitəsinin Krımda insan haqlarının durumu ilə bağlı qəbul etdiyi qətnamədə Rusiyanın işğalçı dövlət adlandırılmasını düzgün addım kimi dəyərləndirib, eyni zamanda regional münaqişələrin həllində ikili yanaşmaların yolverilməz olduğunu diqqətə çatdırıb və işğalçı dövlət haqda nəticəsi konkret icra tələb edən ümumi qətnamələr qəbul edilməsinin vacib olduğunu qeyd edib.
İdarə Heyəti Rusiyanın Ermənistanla ikili hərbi blok yaratmasından narahat olduğunu, bu addımın ATƏT-in Minsk qrupunun üzvü kimi üzərinə götüdüyü barış missiyasına, Azərbaycanla iqtisadi-siyasi əməkdaşlığına zidd olduğunu bildirib və hakimiyyəti bu hərbi bloka qarşı Pakistan və Türkiyə ilə birgə hərbi blok yaratmağa çağırıb.

İdarə Heyəti Respublika Prokurorluğunun, sosial şəbəkələrdə və internet informasiya ehtiyatlarında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə faktlarına görə daha ciddi cəzaların tətbiqinə istiqamətlənmiş Cinayət Məcəlləsində əlavə və dəyişikliklər edillməsi təşəbbüsünü alqışlayıb, eyni zamanda prokurorluq orqanlarını dövlət məmurlarının cinayətləri ilə bağlı KİV-də və internet resurslarında gedən məlumatlara da adekvat reaksiya verməyə, adları korrupsiyada, rüşvətxorluqda, qeyri-qanuni biznes işlərində hallanan məmurlar barədə tədbirlər görməyə çağırıb.

 

RAMİN

Oxşar xəbərlər