QARABAĞDA YENİDƏN MÜHARİBƏ BAŞLAYA BİLƏR?..

  • 29 okt 2016, 13:19
Böyük eyforiyadan və ümidverici diplomatik vədlərdən sonra gözlənildiyinin əksinə olaraq yayın son iki ayında bir qədər arxa plana keçmiş, elə bil unudulmuş Qarabağ problemi ətrafındakı sükut yenidən pozulmaqda və kiçik də olsa, tərpəniş müşahidə olunmaqdadır...

Bəli, seyrək də olsa, bəyanatlar səslənir. Seyrək də olsa, diplomatik səfərlər olur. Belə ki, Minsk Qrupunun həmsədrləri elə bu yaxınlardaca bölgəyə daha bir səfər etdilər və dekabrın ilk günlərində Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə çalışacaqlarını bildirdilər...

Azərbaycan tərəfindən isə təbii ki, daha çox iki detal yadda qaldı. Birincisi, rəsmi Bakı bir qədər gec olsa da, ABŞ-ın dövlət katibi C.Kerrinin məşhur bəyanatı ilə bağlı açıqlama verdi və belə deyildi ki, Azərbaycan bunun heç də ABŞ-ın rəsmi, dövlət mövqeyi olduğuna inanmır, çünki ABŞ prezidenti də dəfələrlə Qarabağdakı hazırkı status – kvonun məqbul olmadığını deyib...

Digər yadda qalan bir açıqlama isə Dağlıq Qarabağın siyasi statusu ilə bağlı oldu. Rəsmi Bakı Qarabağa müxtar respublika statusunu verməyə hazır olduğunu bəyan etdi. Amma buna qarşı tərəfdən – Ermənistandan heç bir münasibət gəlmədi... 

Bəlkə də ona görə ki, əvvəlki vaxtlarda Bakı Qarabağa bundan da artıq status verməyə hazır olduğunu bildirmişdi. Di gəl, elə o vaxtlar da erməni tərəfi buna elə bir reaksiya verməmişdi. Məsələ də bundadır ki, erməni tərəfi həmişə Dağlıq Qarabağın müstəqilliyində israr edib...

Elə bu səbəbdən də tamam mümkündür ki, bu il dekabr ayında prezidentlər bir daha görüşəcəklər. Amma bu görüş nəyi dəyişəcək? Nə ilə yadda qalacaq? Çox təəssüf ki, bu sualların elə bir nikbin cavabı yoxdur. 

Təsadüfi deyildir ki, bəlkə də məhz bunu irəlicədən duyaraq mediada artıq seyrək də olsa, yenidən hərbi əməliyyatlara müraciət etmək haqda çağırışlar səslənir...
Amma son söz medianın deyil, hökumətindir. Sözsüz ki, son anda hansı üsula və yola müraciət ediləcəyini hökumət müəyyən edəcək. Amma gəl ki, hökumət də bu haqda hələ konkret bir açıqlama vermir...

Bizə elə gəlir ki, bu da səbəbsiz deyil. Apreldə hərbi əməliyyatların çox qısa çəkməsi əslində o demək idi ki, bu yolda da konkret maneələr var. Üstəlik, ötən bir neçə ay ərzində Rusiyanın da mövqeyində müəyyən korrektələr hiss olunur. Sanki yayda İrəvanda polis binasının ələ keçirilməsilə başlanan siyasi insident Rusiyanı daha "tədbirli” olmağa və Ermənistandakı "ovqat”ı nəzərə almağa təhrik etdi. 

"Putin planı” ətrafındakı böyük bir eyforiyadan sonra belə güman etmək olardı ki, Rusiya Ermənistana bir az təzyiq edəcək və onu daha realist siyasət yürütməyə sövq edəcək. Amma belə olmadı və sanki Ermənistan özü Rusiyaya təzyiq etməyə başladı. 

Hələ bu da azmış kimi, "dost”umuz Rusiya İrəvanın küçələrində öz "İsgəndər”lərini nümayiş etdirdi. Bəs niyə belə oldu? Niyə görə Rusiya Ermənsitanı sülhə məcbur etməyin əvəzinə onu bir az da qızışdırmağa və arxayınlaşdırmağa çalışdı?..

Bizə elə gəlir ki, bütün bunlar ona görə belə oldu ki, Azərbaycanla Rusiyanın "söhbət”i, danışığı baş tutmadı. Dəfələrlə yazmışdıq ki, Rusiya heç bir halda siyasi filantropiya ilə məşğul olmaz. Qarabağın müqabilində o, heç şübhəsiz ki, Azərbaycandan Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatına və yaxud da ki, Avrasiya İttifaqına üzv olmağı tələb edəcəkdi. Həm də Rusiya Qarabağ kimi "rıçaq”lı heç vaxt əlindən verməz və ilk olaraq ağla gələn də bu idi ki, beş və yaxud da yeddi rayon qaytarılnadan sonra Rusiya bölgəyə öz "sülhməramlı”larını gətirməyə çalışacaq. 

Elə Yerevanda "İsgəndər”lərin nümayiş etdirilməsi də ciddi bir mesaj idi və sanki bununla Rusiya Azərbaycana da KTMT-də olmağın üstünlüklərini nümayiş etdirmək istəyirdi...
Ümumiyyətlə, bizə elə gəlir ki, nə qədər ki, Rusiya ayaq üstədir, nə qədər ki, bu ölkə dünya və bölgə siyasətində söz sahibidir, o, heç bir halda Qarabağın Azərbaycana qaytarılmasına imkan verməyəcək, çünki bu ölkənin "Qarabağ kartı” zamanın sınağından keçdi və hətta Rusiyanın ən çətin bir durumunda da ona Azərbaycanı və Ermənistanı öz orbitində saxlamağa imkan verdi...

Təbii ki, Azərbaycanı hələ də Rusiyanın siyasi orbitində saxlayan təkcə Qarabağ problemi deyil, ölkədəki siyasi sistemin özəl maraqları da burada az rol oynamır. 
Amma heç şübhəsiz ki, Qarabağ problemi Rusiyanın bölgədə əsas "rıçaq”ıdır. O ki qaldı digər ölkələrə və xüsusən də ABŞ-a, əslində C.Kerri ölkəsinin məsələyə münasibətini açıqlamışdı. 

Üstəlik, ABŞ indi prezident seçkisi ərəfəsindədir və Obama administrasiyanın üzvləri hazırda daha çox hakimiyyət dəyişikliyindən sonra nə ilə məşğul olacaqlarını düşünməklə məşğuldurlar...

Böyük ehtimalla seçkidə qalib H.Klinton olacaq və bunu bir neçə dəfə yazmışıq. Hərçənd ki, bu qələbə asan başa gəlməyəcəkdir. Ən azı sosioloji sorğularar inansaq, Tramp da, necə deyərlər, az aşın duzu deyil. Bütün hallarda, belə düşünmək olardı ki, hakimiyyət ölkə demokratlarının əlində qalır. Amma hətta belə olsa da, nə B.Obama özü, nə də ki, H.Klinton dövlət katibi olarkən Qarabağ problemilə bağlı hər hansı bir şəkildə yadda qalmadırlar. 

Hələ bu, azmış kimi, dövlət katibi olarkən xanım Klintonun Türkiyə ilə Ermənistan arasında məşhur Sürix protokolları imzalanarkən sifətində elə bir təntənə və sevinc vardı ki, sanki ömrünün ən gözəl bir çağlarıını yaşayırdı...

Ona görə də yazının lap əvvəlindəki suala qayıdaraq bir daha demək olardı ki, böyük ehtimalla ilin sonuna qədər bir şey baş verməyəcəkdir. Bəli, ola bilsin, ilin sonlarına yaxın və ya gələn ilin əvvəlində prezidentlər görüşəcəklər... 

Elə hərbi teatrda da hansı dəyişikliklərin baş verəcəyi də gələn il aydın olacaq. Qərəz ki, bu ilin son aylarının payına sadəcə, gələn il nələrin baş verəcəyini təxmin etmək düşür...
 
Demokratik.Az
Oxşar xəbərlər