Demokratik TV
"Şoyqu Bakıya Azərbaycanı müharibəyə hazırlaşdırmaq üçün gedib" - Erməni iddiası
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri həm Rusiya , həm də Ermənistan mətbuatında maraqla izlənilir.
Təbii ki, bu məsələdə ən narahat mövqe sərgiləyən təcavüzkar qonşularımızdır.
Hazırda Şoyqunun Bakı səfərinin erməni mətbuatının gündəmini həbs etdiyini söyləsək, yanılmış olmarıq.
Rusiya müdafiə nazirinin rəsmi səfərinə qarşı ən sərt təpki Ermənistanın radikal-millətçi KİV-ləri tərəfindən gəlib.
Məsələn lragir.am yazır ki, Şoyqu Bakıya Azərbaycanı müharibəyə hazırlaşdırmaq üçün gedib.

Digər erməni yazar Naira Ayrumyan isə deyəsən daha isterik vəziyyətdədir. Bu isterika onun yazısındakı həyasızca səslənən fikirlərində də əks olunub: "23 ildir ki, hələ də Qarabağda kimin qalib olduğunu deyən yoxdur. Heç bir virtual qələbə və ya məğlubiyyət yoxdur. Konkret torpaq var və bu torpaq qənimət hüququ kimi Ermənistana verilməlidir. Bu qələbəni və torpaq hüququnu tanımayanlar Ermənistanın dostu ola bilməz”.
Rusiyanın ermənipərəst regnum.ru saytının baş redaktoru Modest Kolerov isə Rusiyanın bölgədə balans mövqeyində durmaq prinsipinə sadiq qaldığını düşünür: "Putinin ərazi bütövlüyü ilə bərabər, xalqların öz müqəddəratını həll etmək hüququnun adını çəkməsi onu göstərir ki, artıq Azərbaycan Rusiya üçün birinci prioritet sayılmır”, - deyə o bir erməni saytına verdiyi müsahibədə söyləyib.
Modest Kolerov bunu ermənilər üçün çox vacib nəticə hesab edib.
Kolerov münaqişədə kompromis variant olaraq Qarabağın müstəqilliyinin tanınması ehtimalının gündəmə gəldiyini iddia edib:
"Əgər qarşılıqlı güzəşt olmasa nizamasalma bir müddət daha təxirə salınacaq. İndiki vəziyyət isə Ermənistana və Dağlıq Qarabağa çox sərf edir. Bu vəziyyət nə qədər çox davam etsə o zaman münaqişənin nizamlanmasında onların mövqeyi güclənəcək”.
Bununla bərabər Modest Kolerovun Rusiyanın Qərblə münasibətlərinin kəskinləşməsi fonunda Ermənistanın vəziyyətinin necə olacağı barədə sualla ilə bağlı isə söylədikləri də maraqlıdır: "Əgər Rusiyanın və Qərbin münasibətlərinin pisləşməsi Qarabağ münaqişəsində də əks olunsa, Ermənistan bir dövlət kimi məhv ediləcək. Mən Ermənistanda bu məsələdə hansısa oyun oynamaq istəyən adamlara təəccüblənirəm.
Əgər Qarabağ münaqişəsində Rusiyanı və Qərbin ortaq mövqeyi olmasa Ermənistan məhv olacaq, çünki Ermənistanın təhlükəsizliyini Rusiyanın və Qərbin ortaq mövqeyi xilas edir”, deyə Kolerov bildirib.
****
Rusiyanın Bakıya silah tədarükü ilə bağlı Ermənistan rəhbərliyi hələ ki, açıq şəkildə etiraz etməyə cürət etmir.
Əslində Ermənistanın buna nə halı var, nə də ciddi imkanları.

Məqalədə Rusiyanın Azərbaycana satılan silahları ilə bağlı Ermənistanın kifayət qədər narahat olmağa əsası olduğuna işarə vurulur:
"Rusiyanın Azərbaycana silah ixracatı 2010-cu ildən sonra sürətlə artıb. Müqayisə üçün qeyd olunur ki, 2005-ci və 2006-cı illərdə Rusiyanın Azərbaycana silah satışı heç 1 faizi keçmirdisə, 2011-ci ildə bu pay 6 faizə qədər yüksəlib.
Rusiyanın Azərbaycana satdığı S-300 "Favorit” tipli Hava Hücumundan Müdafiə kompleksləri Ermənistan tərəfindən ciddi etirazlara səbəb olmayıb. Lakin Moskva daha sonra Bakıya hücum və zərbə xarakterli silahlar satmağa başlayıb. 2010-2014-cü illərdə Rusiya Azərbaycana 24 Mi-35 M helikopteri, 18 ədəd "Qasırğa” tipli yaylım atəşli raket sistemi, 18 ədəd 152 mm-lik "Msta-S” özüyeriyən artilleriya qurğusu, 18 ədəd 120 mm-lik "Vena” özüyeriyən artilleriya qurğusu, 6 "Solntsepyok” tipli 1A tipli Ağır Odsaçan Sistem (rusça TOS 1 A), 94 ədəd T-90 S tankı (əlavə 94 tank da veriləcək), 100 ədəd PDM-3, onlarla ZTR 80A və ZTR-82 silah satıb... Moskva indi Ermənistanın qayğılarını anladığını bildirir. Lakin hazırkı situasiyada yalnız silah satışının tamamilə vaz keçilməsindən deyil, onun intensivliyinin azalmasından danışıla bilər”, deyə məqalə müəllifi yazır.
****
Bütün bu deyilənlərlə bağlı nəticə olaraq qeyd etmək lazımdır ki, Azərbaycan aprel döyüşlərində silah arsenalının sadəcə cüzi bir qismindən istifadə etməklə, müharibənin nəticəsini çox az bir müddətdə öz xeyrinə dəyişə biləcəyini əyani şəkildə sübut edib. Ermənistan rəhbərliyinin özünü təmkinli aparmaq cəhdlərinə rəğmən erməni ictimaiyyəti bunu çox gözəl başa düşür.
Bu səbəbdən ermənilər mümkün qədər çox vaxt qazanmaq, münaqişənin həllini on illərlə uzatmaq və mövcud status-kvonu saxlamaq istəyirlər.
Bu səbəbdən Azərbaycanın regionda istənilən ani həmləsi onlar üçün əsl kabus xarakteri daşıyır.
Bu mənada Azərbaycan yerinə oturub gözləyə bilməz. Rusiyanın "balans” yaratmaq siyasəti kimə nə dərəcədə sərf edir yəqin ki, hər kəsə bəllidi. Çünki işğal altında olan bizim torpaqlardı, ermənilərin deyil...
Müsavat.com
