Əliyev-Putin-Ruhani görüşü-regionun tale yükü

  • 08 avq 2016, 22:57
Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycana gəlib. Dövlət başçısı İlham Əliyev rusiyalı həmkarını prezident sarayında qəbul edib və tərəflər arasında danışıqlar başlayıb. 
"Sizi yenidən Azərbaycanda salamlamağa şadam. Vladimir Vladimiroviç, son üç ildə bu, Sizin Azərbaycana üçüncü səfərinizdir. Bu, özlüyündə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir”-deyə  Azərbaycanın dövlət başısı deyib.

İlham Əliyev bildirib ki, "biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq. Siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var. "Humanitar əməkdaşlıq da inkişaf edir. Sentyabr ayında Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Beynəlxalq Humanitar Forum keçiriləcək. Bütün bunlar bizim münasibətlərimizin inkişafı üçün möhkəm zəmin yaradır”.

Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiyanın rolunu xüsusi qeyd edib: "Biz bu rolu qiymətləndiririk və tənzimləmə prosesinin irəliləməsində sizin şəxsi iştirakınız çox böyük əhəmiyyət kəsb edir. İyun ayında Sankt-Peterburqda keçirilən görüş əsasən bu problemə həsr edilmişdi və şəxsən sizin həmin prosesdə fəal iştirakınıza görə təşəkkür edirəm.”
İlham Əliyev üçtərfli görüşə də toxunub: "Bu gün (avqustun 8-i) həm də İran, Rusiya və Azərbaycan liderlərinin ilk üçtərəfli görüşü keçiriləcək. Çox ümidverici olan bu yeni format ikitərəfli əməkdaşlıq çərçivəsində yaxşı potensiala malikdir. Bu gün qarşılıqlı regional fəaliyyətin mühüm məsələləri müzakirə ediləcək. Fikrimcə, bu, həm ölkələrimizin iqtisadi inkişafına, həm də bizim regionda təhlükəsizlik sisteminin möhkəmlənməsinə şərait yaradacaq”.

Putin də öz növbəsində münasibətlərin xarakterinə dair Əliyevin qiymətləndirmələrini bölüşdüyünü deyib.  "Mühümdür ki, bizim əməkdaşlığımız bir sıra sahələrdə xeyli inkişaf edib. Bu gün bizim valyutaların fərqli kursları problemi haqda danışmaq yerinə düşərdi. Çünki ticarət dövriyyəsinin fiziki həcmi kifayət qədər yüksək səviyyədə qalır”-Putin deyib. Rusiya prezidentinin sözlərinə görə, Bakı və Moskva arasında energetika layihələri, Xəzərdə əməkdaşlıq da inkişaf edir. Bundan əlavə ikitərəfli ticarət-iqtisadi əlaqələrin şaxələndirilməsinə dair dialoq da mühümdür. Bu, ölkələrə sovet dövründən miras qalmış problemdir.

Putin Qarabağ haqda da danışıb və deyib: "Biz çalışacağıq ki, Ermənistan və Azərbaycan arasında elə həll yolu tapılsın ki, kompromislərə əsaslansın, eyni zamanda hər iki tərəf üçün məqbul olsun. Elə həll yolu ki, qaliblər olmasın, ancaq iki ölkə xalqları özlərini qalib hiss etsinlər və hər iki dövlət hiss etsin ki, onlar bu mürəkkə problemi bu günkü və gələsək nəsillərin maraqları naminə həll etməyə nail oldu”.

İlk üçtərəfli Rusiya, İran, Azərbaycan liderlərinin görüşü keçirilib. Görüş zamanı iqtisadiyyat, təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizinin statusu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə edilib.
Oxşar xəbərlər