Sarkisyanın Qarabağ sayıqlamalarına CAVAB -rəsmi

  • 02 avq 2016, 20:50
Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ haqqında açıqlamasına Azərbaycanın Xarici İşlər Nazirliyindən açıqlama gəlib.

Demokratik.Az XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasını təqdim edir:

Ölkə daxilində və beynəlxalq səviyyədə nüfuzunu itirmiş Ermənistan rəhbərliyinin bu bəyanatı daxili auditoriyaya ünvanlanmış növbəti açıqlamalardan biridir. Bu bir daha onu göstərir ki, keçmişin əsiri olan Ermənistanın siyasi rəhbərliyi bu günün reallığını dərk etmir, hələ də keçən əsrin 80-ci illərinin sonuna xas "səhra komandiri” təfəkkürü ilə düşünür.

Tarixi saxtalaşdıran Ermənistan rəhbərliyinin yaddaşını təzələyərək ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar Ağdərə rayonunun Marağa kəndində 1978-ci ildə qurulmuş "Marağa-150” abidəsini xatırlatmaq istərdik. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlaması ilə "Marağa-150” abidəsi də 1988-ci ildə qəsdən ermənilər tərəfindən məhv edildi. Bu məntiqlə yanaşsaq ermənilər köç edərək bir neçə onilliklər ərzində yaşadıqları digər ölkələrə də "tarixi erməni torpağıdır” deyə ərazi iddiaları irəli sürə bilərlər.

Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğalı altında olan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi və suveren ərazisidir. Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyi gec-tez tam şəkildə təmin olunacaqdır. Buna əsla heç kimin şübhəsi olmasın!
 
Demokratik.Az
Oxşar xəbərlər