Politoloq: “Qarabağla bağlı məsələlərin 80 faizi razılaşdırılıb”

  • 10 sen 2014, 15:01
Politoloq: "Qarabağla bağlı məsələlərin 80 faizi razılaşdırılıb”
 09.09.2014, 11:56
 

"Böyük sülh sazişi sadəcə olaraq ideyadır. Bu ideyaya isə müxtəlif yanaşmalar mövcuddur. ABŞ-ın Böyük sülh sazişi Azərbaycanın mövqeyini müdafiə edir. Azərbaycan tərəfi deyir ki, müəyyən məqamlarla razılaşmırıqsa, onda Böyük sülh sazişini bağlayaq və ondan sonra başqa məsələləri də razılaşdıraq”.

Bu sözləriModern.az saytına politoloq Qabil Hüseynli Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürülən Böyük sülh sazişinin perspektivini şərh edərkən deyib. Onun sözlərinə görə, ABŞ bu ideyanı prioritet hesab edir və Rusiya bunun əleyhinədir. Ekspert düşünür ki, ideya yaxşı olmasına baxmayaraq, onu razılaşdırmaq, reallaşdırmaq o qədər də asan məsələ deyil: "Çünki Ermənistan da bu ideyanın əleyhinədir. Ermənistan üçün Dağlıq Qarabağın statusu ön plandadır. Ona görə də Böyük sülh sazişini gerçəkləşdirmək məsələsində ciddi çətinliklər yaranır. Bu çətinlikləri dəf etmək üçün ciddi diplomatik səylər olacaq”.

Politoloqun fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ və Fransa səylərini birləşdirsələr və bu işdə BMT-də aktivlik göstərsə, o zaman nəyəsə nail oluna bilər. Siyasi təhlilçi bu qənaətdədir ki, Dağlıq Qarabağ problemi ilə bağlı məsələlərin 80 faizdən çoxu razılaşdırılıb: "Lakin 2 məsələ ətrafında problemlər ortaya çıxır. Bunlar Dağlıq Qarabağın statusu və Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Bu iki prinsipial məsələ ətrafında  Ermənistan qeyri-konstruktiv və işğalçı mövqe nümayiş etdirir. Ona görə də dialoqların davam etdirilməsi məqsədəuyğun görülür. Böyük sülh sazişini hazırlayanlar güman edir ki, tərəflər ortaq məxrəcə gələcəklər”.   

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin Uels görüşünün bəzi detallarını açıqlayıb. O bildirib ki, ABŞ Böyük sülh sazişi ilə bağlı təkliflə çıxış edib.

Prezidentlərin Uels görüşünün təşəbbüskarı ABŞ idi. Müzakirələrdə ABŞ dövlət katibi Con Kerri də iştirak edib.   

Aqşin Kərimov