Əliyev və Sarkisyanın Qarabağla bağlı yeni görüşü gözlənilir

  • 21 iyun 2016, 14:47

 

Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsi ilə bağlı yeni görüşləri gözlənilir". ANS PRESS-in məlumatına görə, bu barədə Fransanın Ermənistanda fövqəladə və səlahiyyətli səfiri Jan Fransua Şarpante bildirib.

Onun sözlərinə görə, prezidentlər arasında Qarabağ münaqişəsi ilə bağlı keçiriləcək yeni görüşlərin formatı dünən Sankt-Peterburqda baş tutan görüşdən seçilməyəcək. 

Fransız tərəfinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsi imkanlarına dair səfir bunları qeyd edib: "Niyə də yox. Hazırda əlavə edə bilərəm ki, Sankt-Peterburqda keçirilən görüşün kontekstində, həmçinin o formatda başqa görüşlər gözlənilir. Fransaya gəlincə, Qarabağla əlaqəli Fransada görüşlər keçirməyə biz həmişə öz hazırlığımızı vurğulayırıq".

Ötən gün Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Qarabağ münaqişəsi ilə bağlı birgə görüş keçirib. Tərəflər bununla bağlı birgə bəyanat yayıblar. Bəyanatda münaqişənin həllində dinamik danışıqların aparılması xüsusi vurğulanıb. Həmçinin prezidentlər Qarabağda ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı razılığa gəliblər.

2008-ci ildən bəri Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 20-dən çox görüşü keçirilib. Sonuncu dəfə Putinin iştirakı ilə İlham Əliyev və Serj Sarkisyan arasında görüş 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilib. Həmin vaxt prezidentlər ərazi bütövlüyünə hörmətlə yanaşaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə dərhal həll edilməsi barədə razılığa gəliblər.

Oxşar xəbərlər