Barak Obama Kubadadır

  • 21 mart 2016, 19:38
Xəbər verildiyi kimi,ABŞ prezidenti Kubada tarixi səfərdədir.

Kubaya tarixi səfərə gələn prezident Barak Obama ilk olaraq ABŞ-ın Havanadakı səfirliyində olub.

Sputnik Ağ Evin yaydığı rəsmi açıqlamaya istinadla xəbər verir ki, prezident Barak Obama, bu səfəri tarixi imkan kimi dəyərləndirib. O deyib ki, bu səfər iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda atılan ilk addımdır. 

Səfirliyin əməkdaşları ilə görüşdən sonra Obama xanımı Mişel, qızları Malia və Saşa ilə birlikdə Qədim Havananı — şəhərin tarixi mərkəzini dolaşıb. Yağışlı hava şəraiti Obama ailəsinə Kuba paytaxtının tarixi mərkəzini və küçələri dolaşmağa mane olmayıb. 
Gəzintidən sonra Obama ailəsi Havana kafedral kilsəsinə gəliblər və burada Kubanın arxiyepiskopu Haym Orteqa ilə görüşüblər.

Bu gün Obamanın Kuba prezidenti Raul Kastro ilə görüşü olacaq. Amma Obamanın Fidel Kastro ilə görüşü planlaşdırılmayıb.

Obama özü ilə səfərə qaynanası Merian Robinsonu da aparıb. Nümayəndə heyətinə Nümayəndələr palatasında demokratik azlığın lideri Nensi Pelosi, senatorlar Patrik Lixi, Dik Durbin və Ceff Fleyke də daxildir.

Obama Kuba ilə münasibətləri normallaşdırmaq barədə 17 dekabr 2014-cü ildə bəyanat vermişdi. Hər iki ölkə 20 iyul 2015-ci ildə Vaşinqton və Havanada öz səfirliklərini açıblar.

Obama Kubaya 88 ildən sonra səfər edən ilk ABŞ prezidentidir.
 
Demokratik.Az
Oxşar xəbərlər