Ərdoğanın devrilməsi üçün 70 milyon – Üç ölkə və “ən çirkli adamı”n ŞOK PLANI

  • 19 yan 2016, 20:16

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı yeni bir çevriliş planı hazırlanır.

 

Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyənin "Gerçək Hayat” jurnalı çıxış edib.

 

Nəşrin iddiasına görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya və İran Ərdoğanın devrilməsi üçün 70 milyon dollarlıq büdcə yaradıb. Bildirilir ki, Misirdəki hərbi çevrilişdən bu yana BƏƏ, Rusiya və İran Türkiyə əleyhinə kampani­ya aparır. Əvvəl ərəb mediası, ardınca Türkiyə mediası üzə­rindən terrorun dəstəklənəcəyi deyilir. Məlumata görə, Ərdoğanın devrilməsi planında əsas işi Yaxın Şərqin "ən çirkli adamı” hesab olunan Məhəmməd Dahlan icra edəcək.

 

Fələstin lideri Yasir Ərafatın ölümündə ittiham olunan "Fəth” üzvü Məhəmməd Dahlana Ərdoğanın devrilməsi üçün 70 milyon dollarlıq büdcə ayrılıb. BƏƏ-nin Gəzi Parkı hadisələrində Dahlan üzərindən AKP hökumətinə zərər vermək üçün çalışdığı bildirilir.

 

İddiaya görə, Ərdoğanın Misir prezidenti Məhəmməd Mursi kimi hakimiyyətdən uzaqlaşdırılması planlaşdırılır. İordaniya kəşfiyyatının da iştirakı nəzərdə tutulan çevrilişin ilk mərhələsində Ərdoğana qarşı "qara piar” kampaniyası təşkil edilməlidir. Ərəb mətbuatında başlanacaq kampaniya dünya mətbuatına daşınacaq.

 

Məhəmməd Dahlanın Misirdəki hərbi çevriliş zamanı ölkə mediasını pulla susdurduğu və medianı Mursinin əleyhinə "danışdırdığı” bildirilir. Dahlan 14 dekabr 2015-ci il tarixində Əbu-Dabidə media dünyası və siyasətçilərdən ibarət 15 nəfərlik bir qrupla toplantı keçirib. Toplantıda Ərdoğana qarşı aparılacaq kampaniyanın detalları müəyyənləşdirilib:

 

1. Ərəb və türk mediasında Ər­doğanla bağlı "qara piar” kampaniyasının aparılması.

 

2. Ərdoğan və AKP-nin Türkiyədəki rəqiblərinə maliyyə dəstəyinin verilməsi.

 

3. Türkiyədə xaosun genişləndirilməsi və PKK-ya dəstəyin verilməsi.

 

4. Ərdoğanın ordunun içindəki rəqiblərinin dəstəklənməsi.

 

Hərbi çevrilişdən sonra Rusiya ilə əlaqələrini gücləndirən və yavaş-yavaş Səudiyyə Ərəbistanından uzaqlaşan Qahirə Dahlanı "Fəth” təşkilatının yeni lideri kimi görür. Buna görə də beynəlxalq platformalarda onun tez-tez görünməsini təmin edilir.

 

Xatırladaq ki, Küveytli məşhur analitik Abdullah əl-Nəfsi ötən həftə analoji bir iddia ilə çıxış edib. Analitik körfəz ölkələrindən birinin İran və Rusiyanın dəstəyi ilə Ərdoğanın hakimiyyətdən salınması layihəsini maliyyələşdirdiyini deyib.

 

Türkiyəli ekspertlər Abdullah əl-Nəfsinin barəsində danışdığı ölkənin Birləşmiş Ərəb Əmirlikləri olduğunu bildirirlər. Birləşmiş Ərəb Əmirlikləri Türkiyə və Moskva arasında yaranan təyyarə böhranından sonra Rusiyanın yanında yer almış və ölkənin Xarici İşləri Nazirliyi Türkiyəni qınadığını açıqlamışdı.

 

Ömər Dağlı