Neft, Suriya müharibəsi və Putinin həlledici səhvi — TƏHLİL

  • 03 yan 2016, 12:13

Neft və təbii qaz ixracatından əldə etdiyi gəlir 450 milyard dollardan 230 milyarda düşən Rusiya Yaxın Şərqin neft və qaz ixracatçılarının yolunu bağlamaq üçün Suriyada hərbi kampaniyaya başladı.

ABŞ Maliyyə Nazirliyinin Xəzinədarlıq idarəsinin hazırladığı hesabat bu gün Yaxın Şərqdə baş verənlərin əslində nədən qaynaqlandığını üzə çıxarıb. Hesabatda Yaxın Şərqin neft və qaz ixrac edən ölkələrinin Aralıq Dənizinə əsas çıxış marşrutuna diqqət yönəldilir və İŞİD-Əsəd-Rusiya üçlüyünün ortaq maraqlarından bəhs edilir. Rusiyanın Suriyadakı hərbi kampaniyasının məqsədinin Əsədin hakimiyyətini xilas etmək olmadığı, işin kökündə yenə də enerji daşıyıcılarının durduğu hər keçən gün daha aydın görünür. Əks təqdirdə böhranla boğuşan Rusiyanın büdcəsinə milyardlarla dollara başa gələcək Suriya avantürası nəyinə lazım ola bilərdi?

Bütün dünyanın Bəşər Əsədə arxa çevirdiyi bir dövrdə Putinin ölkəsinin beynəlxalq aləmdən izolyasiyasını belə göz önünə alaraq Suriya rejimini dəstəkləməsi getdikcə daha da ucuzlaşan neft və qaz qiymətlərinin Rusiya iqtisadiyyatını tam olaraq çökdürməməsi üçün artıq enerji daşıyıcılarının qiymətlərinə hərbi müdfaxilə ilə təsir etmək cəhdidir.

İraqın şimalında və Suriyanın şərqindəki neft yataqlarından çıxarılan neftin dünya bazarlarına çıxmasının qarşısını almaq üçün Rusiya Əsədi müdafiə adı altında əslində neft marşrutlarını bombalayır ki, bəlkə bu bölgədə çıxarılan neftin bir hissəsinin dünya bazarlarına daşınmasının qarşısını alsın və beləliklə qara qızılın qiymətlərinin artmasına nail ola bilməsə də, heç olmasa sabit qalmasına kömək etsin.

Federal büdcənin kəsirləri artdıqca qayğıları artan Putin bu düşüncələrlə ölkəsini uzun sürəcək və böyük itkilərə gətirib çıxaracaq alovlu müharibənin ortasına atdı. Artıq Rusiya ordusu ilk itkilərini verib. Bu itkilərin artacağı şübhəsizdir. Rusiya artıq Suriyadakı həmlələrini artırmağa və buraya əlavə, canlı qüvvələr göndərməyə məcburdur. Ona görə ki, başladığı işi yarımçıq buraxmaq Rusiyanın imicini birdəfəlik və çox ciddi surətdə zədələyə bilər. Həm də Putin bombardımanların köməyi ilə neftin dünya birjalarındakı qiymətlərinin yaxın vaxtda yüksələcəyinə ürəkdən inanır. Bu məsləhəti Putinə kimin verdiyini deyə bilməsək də, onun dəqiq Rusiyanın düşmanı olduğunu əminliklə deyə bilərik. Bunun bir neçə sübutu var:

Birini sübut ondan ibarətdir ki, Putinin arxayınlığı Türkiyənin hava sərhədlərini pozan təyyarəsinin vurulmasından sonra yoxa çıxdı, hətta demək olar ki, yuxusu belə çəkildi. Artıq Rusiyanın toxunulmaz olduğu stereotipi sındırılıb. İstər Suriya planı Putinin özünə məxsus olsun, istər məsləhətçisinə, təyyarənin vurulması və bu insidentdən sonra Rusiyada başlayan isteriya onu göstərdi ki, "Bizim təyyarəmizi heç kəs vura bilməz", "Bizə heç kim güllə ata bilməz" özünə arxayınlığı, özündən razılıq stereotipi dağıldı. Artıq Rusiya toxunulmaz olmadığını gözəl dərk edir. Türkiyənin isə Gürcüstan olmadığını daha gözəl dərk edir, xüsusən də NATO-nun insidentdən dərhal sonra verdiyi bəyanatdan sonra.

İkinci sübut Putinin hesablamalarına görə, bombardımanlardan dərhal sonra dünya bazarlarında neftin qiymətlərinin qalxacağı idi. Putin burada da yanılırdı. Bombardımanlar başlayandan sonra əksinə, neftin qiymətlıəri daha sürətlə düşməyə başladı. Rusiyanın guya İŞİD-in neft terminallarını bombaladığı haqda yaydığı videodan sonra bir həftə ərzində neft bir neçə dollar da ucuzlaşaraq 40 dollar civarına çatdı.

Üçüncü sübut, Putinin cəzasız şəkildə bütün Suriyanı, daha sonra isə bütövlükdə regionu nəzarəti altına alacağına sadəlövhcəsinə inanması idi. Türkiyənin son hadisələrdə tutduğu sərt və qəti mövqe rusların burnunun daşa dəyməsi ilə nəticələndi. İndi isə Putinə Türkiyəni "iqtisadi cəhətdən boğmağı" məsləhət görüblər. Özünün iqtisadi böhranla boğuşduğu, inflyasiyanın caynağında olduğu bir vaxtda başqa bir dövlətə sanksiyalar tətbiq etməsinə isə sadəcə sərsəmlik adını vermək olar.

Dünən Rusiya Müdafiə Nazirliyinin informasiya mərkəzində mənşəyi bəlli olmayan fotolar və ərazi görüntüləri yayımlanıb. Rusiyanın iddiasına görə, bu dəlillərdə Türkiyənin İŞİD-lə əlbir olduğunu, türklərin İŞİD neftini satdığını guya sübut edirlər. Amma quru yük avtomoillərinin aydınca görüldüyü foto və videokadrların, ümumiyyətlə harada çəkildiyi də məlum deyil. ABŞ Dövlət Departamentinin bu gün yayılan bəyanatında Türkiyənin İŞİD-lə heç bir əlaqəsinin olmadığı, Ankaranın bu teror təşkilatı ilə ciddi mübarizə apardığı öz əkisini tapıb.

Məsul redaktordan
Ölkə.az

Oxşar xəbərlər