Qərbin "rəngli inqilab" iğtişaşlarına qarşı resept - İslahat və dialoq (Bizim şərh)

  • 24 dek 2015, 21:09
Qərbin Yaxın Şərqdəki siyasəti xaos və dağıntılara gətirib çıxartdı. Milyonlarla insan vəd edilən xoşbəxtliyi qazana bilmədilər. Zamanında aparılmayan islahatlar son nəticədə xaosa səbəb oldu.  

Ümumiyyətlə, sosial kataklizmlər və  böhran ölkənin inkişafına mənfi təsir göstərir. Bu baxımdan, vətəndaş sülhünə nail olmaq əsas məsələdir.  Bölgədəki proseslər sanki öncədən yazılmış ssenari üzrə cərəyan edir. Belə vəziyyət supergüclərə hadisələrin axarını nəzarətdə saxlamağa, hətta idarə etməyə, "düzgün məcraya” yönəltməyə imkan verir. Qərb ideoloqları yarana biləcək başıpozuqluqları da yönəldə bilməkdən ötrü ən müxtəlif nəzəriyyələr, o cümlədən "idarəolunan xaos” konsepsiyasını yaradıblar. Bu gün çoxlarını, o cümlədən Qərb siyasi dairələrini Azərbaycandakı proseslərin gələcək taleyi, proqnozlaşdırılmayan xaosun meydana çıxa bilmə ehtimalı narahat edir.  Lakin bütün bunlar Yaxın Şərq təcrübəsini yenidən yaşatmağa yönəli addımlara daha çox bənzəyir.

Azərbaycanın siyasi və iqtisadi modeli Yaxın Şərqdən xeyli dərəcədə fərqlənir. Burada liberal bazar iqtisadiyyatı hökm sürür. Lakin Azərbaycanda siyasi fəaliyyət o dərəcədə dar çərçivəyə salınıb ki,  ictimai nəzarəti təmin etmək xeyli qəlizləşir. Bu baxımdan, istər iqtidar, istərsə də müxalifət düşərgəsində yeni simaların əsas mövqelərə sahib olması, yeni siyasi konturların yaradılması da adi hesab oluna bilməz.

Siyasi mübarizənin küçə və meydanlara transfer ehtimalı narahatçılığa əsas verir. Bu demokratik inkişafa səbəb ola bilməz, əksinə,  ölkənin müstəqilliyin itirilməsi ilə sonuclana bilər. Bu baxımdan, fors major ehtimalı islahatlara mane ola bilər və odur ki, ölkə rəhbərliyi qanunlara nəzarəti sərtləşdirir.  Azərbaycanla maraqlanan bəzi dairələr ölkədə xaosa nail olmaq istəyirlər. Azərbaycanda "acların qiyamı” baş verərsə, hədəfdə konstitusiya islahatları deyil, bahalı villalar, supermarketlər ola bilər. Bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur. Odur ki, iqtidar və müxalifət qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atmalıdırlar.

Psixoloq və sosioloqların təxminləri onu deməyə əsas verir ki, vaxtilə Latın Amerikası ölkələrində baş verənləri Azərbaycana transfer etmək istəyənlər az deyil. Siyasi münasibətlərin daraldığı yerdə sosial kataklizmlərin baş verməsi çox ölkələrdə təkrar olunub.  Odur ki, Azərbaycan siyasi elitası ilk növbədə  siyasi spektrlər arasında münasibətləri normallaşdırmaq istəyir.

Nəzərə alsaq ki, müəyyən mötədil qruplaşmalar, eyni zamanda silahlı qruplara malik olanlar fors major anında tam nəzarətdən çıxa bilərlər, fəsadların miqyasını ehtimal edə bilərik. Odur ki, ilk baxışdan sərt görünən qabaqlayıcı addımlar atılmalıdır.  Son zamanlar qanunverici zəmində belə addımlar atılır. 

Bir sözlə, bəzi Qərb dairələri siyasi münasibətləri hamının hamıya qarşı savaşı müstəvisinə transfer etdirməyə çalışırlar. Belə ehtimal cəmiyyətin mövcudluğunu sual altına qoya bilərdi. Odur ki, iqtidar vəziyyətdən çıxış yolları aramaqdadır. Burada bir zəruri xatırlatmaya da ehtiyac yaranır. Yaxın Şərqdə cərəyan edən proseslər də sübut etdi ki, korrupsiyaya bulaşmış məmurlarla işləmək sonsuza qədər davam edə bilməz. Cəmiyyət əvvəl axır təzyiqlərdən cana yığılır və qadağalara baxmayaraq, sözünü meydanlarda deyir. Əslində, son kadr islahatlarının mahiyyətində bu amil dayanır. 
Mübarizənin kabinetlərdə deyil, küçə və meydanlarda aparılması  cəmiyyət üçün müsbət nəsnə vəd etmir. 

Heç bir halda küçə və meydanların alovlanması təkamül prosesindən üstün sayıla bilməz. Odur ki, proseslərin açıq savaş müstəvisinə transferinin qarşısını almaqdan ötrü hakimiyyət islahatlara getməyi özünün başlıca vəzifəsi hesab edir.
 
Cəmiyyətdəki gərginliyi aradan qaldıra bilməkdən ötrü sivil formada mübarizə aparan siyasi spektrlə dialoqa başlamaq zərurirəti də yaranır.  Lakin müxalifət və vətəndaş cəmiyyəyi də dialoqa hazır olmalı və lüzumsuz tələblər irəli sürmək əvəzinə, daha konstruktiv mövqelərə malik olmalıdır.

Avropa.infonun ekspert qrupu
Oxşar xəbərlər