İlham Əliyev zalı tərk etdi, Sərkisyan həmsədrlərlə qaldı

  • 19 dek 2015, 19:28

ATƏT-in Mİnsk qrupu həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü başlayıb.

APA-nın xəbərinə görə, bu barədə məlumatı Ermənistan dövlət başçısının mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan "twitter” səhifəsində paylaşıb.

Prezidentləri İsveçrənin xarici işlər naziri Didye Burkhalter qarşılayıb.

Görüşdə həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edirlər.

Qeyd edək ki, Ermənistan Azərbaycan prezidentlərinin sonuncu görüşü 2014-cü ilin oktyabrın 27-də Parisdə baş tutub.

***

Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü əvvəlcə Mink Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andire (Fransa), ATƏT sədrinin şəxsi nümayəndəs Anjey Kasprşkin iştirakı ilə başlayıb.

Ermənistan prezidentinin mətbuat xidməti bildirir ki, daha sonra prezidentlər təkbətək görüşə keçiblər.

Görüş başlamazdan əvvəl Azərbaycan və Ermənistan prezidentləri İsveçrə xarici işlər naziri Didye Burkhalterlə ayrı-ayrılıqda görüş də keçiriblər.

Azərbaycan və Ermənistan prezidentləri arasında İsveçrənin Bern şəhərində keçirilən təkbətək görüş bu dəqiqələrdə başa çatıb.

Virtualaz.org saytı xəbər verir ki, amerikalı həmsədr Ceyms Uorlik İlham Əliyevlə Serj Sərkisyanın təkbətək görüşünün 1 saatdan bir az çox çəkdiyini yazıb.

C.Uorlik öz Twitter səhifəsində bildirib ki, bundan sonra prezidentlər Minsk Qrupunun həmsədrlərini və xarici işlər nazirlərini zala dəvət ediblər.

Görüşün cəmi 1 saat çəkməsi bunu deməyə əsas verir ki, Qarabağda artilleriya və tanklardan da istifadə olunmaqla şiddətli döyüşlərin getdiyi bir vaxtda Azərbaycan və Ermənistan dövlət başçıları münaqişənin nizamlanması yollarının axtarılmasında ortaq nöqtələr tapa bilməyiblər.

Gözlənilir ki, görüş xarici işlər nazirlərinə müzakirələri davam etdirmək barədə protokol xarakterli razılaşma ilə başa çatacaq.

***
İsveçrənin Bern şəhərində keçirilən danışıqların başa çatmasından dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev danışıqların keçirildiyi zalı tərk edib.

Ermənistan prezidenti Serj Sərkisyan isə Minsk Qrupu həmsədrləri ilə müzakirələri davam etdirib.

Bu haqda Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan bildirib.

V.Akopyan özünün Twitter bloqunda Azərbaycan prezidentinin xarici işlər naziri Elmar Məmmədyarovla zalı tərk etdiyini əks etdirən fotonu da yayıb.

Serj Sərkisyan həmsədrlərlə bir qədər müzakirələr apardıqdan sonra o da danışıqların keçirildiyi İsveçrə hökumət qəbul evini tərk edib.

Bundan əvvəl məlumat yayılmışdı ki, prezidentlərin təkbətək görüşü başa çatdıqdan sonra Minsk Qrupunun həmsədrləri və xarici işlər nazirləri zala dəvət olunub. Danışıqlar bu formatda davam etdikdən sonra prezidentlər mətbuata açıqlama vermədən oteli tərk ediblər.

***

"Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın təkbətək görüşü onların mövqelərinin dəqiqləşdirilməsinə imkan verib".

Bu fikirlər iki ölkə prezidentlərinin İsveçrənin Bern şəhərində keçirilən görüşünün yekununa dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb.

Bəyanatda bildirilir ki, görüş zamanı prezidentlər bu yaxınlarda təmas xəttindəki gərginliyin artmasından, ağır hərbi texnikadan istifadə nəticəsində mülki şəxslərin ölümündən narahat olduqlarını xüsusi olaraq qeyd ediblər.

"Prezidentlər həmsədrləin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər. Prezidentlər qarşılıqlı fəaliyyət göstərməyin davam etdirlməsini təsdqiləyərək, Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər" - sənəddə bildirilir.