"Moskva Ankaraya uduzacaq"

  • 12 dek 2015, 22:33
FOCUS dərgisi Ankaraya savaş açmaqla Putinin öz sonunu gətirdiyini bildirir

"Rusiya ilə Türkiyə arasında konflikt artıq çoxdandır diplomatik problem həddini aşıb. Yavaş-yavaş dünya "prezident Putin hansı kursu seçəcək” sualı üzərində düşünməyə başlayıb. Bu durum Putin üçün daxili siyasi problemə də çevrilə bilər. Çünki Rusiyadakı dünyəvi gəncliyin bir hissəsi dünyada Rusiya haqqında nə düşünürlər məsələsini diqqətlə izləməkdədir”.

Bu sözlər Andreas Umlandın ünlü FOCUS dərgisinin son sayında çap olunan "Sonun başlanğıcı? Türkiyə ilə konflikt Putinin ziyanınadır” məqaləsindəndir.

Müəllif yazır ki, iki ölkə arasında yaranan uçaq krizi uzun illərin əməkdaşlığını yox edib:"2015-ci ilin noyabrında Türkiyə hava məkanını pozan Rusiya bombardmançı uçağını vurdu. Bundan sonra baş verənlər göstərir ki, olay Ankara ilə Moskva arasında diplomatik toqquşma olmaqdan çıxıb. Kreml artıq Türkiyə şirkətlərinə və vətəndaşlarına qarşı sanksiyalar tətbiq edir. Böyük ehtimalla bundan sonra bu iki əsas Avrasiya dövləti uzun illər davam edən dostluq və əməkdaşlıq münasibətlərinə yenidən baxacaq.

Amma yenə də İŞİD-ə qarşı Rusiya və Türkiyənin içərisində olduğu koalisiya qurulması mümkündür. Uçaq krizi Rusiya-Türkiyə münasibətlərində ciddi soyuqluq yaratsa belə, bu koalisiyanın geopolitik dəyərini hər iki ölkə anlayır.

O da faktdır ki, Rusiyanın beynəlxalq imici getdikcə pisləşir. Türkiyə ilə konflikt Rusiyanın daxilində də bir sıra gərginliklər yaratmaqdadır. Onsuz da buna qədər Kremlin başı daxildəki ciddi iqtisadiyyat və təhlükəsizlik məsələlərinə qarışmışdı. İndi durum lap pisləşir. İndi Ankara ilə gərginlik Putin rejiminin sabitliyini də təhdid altına qoyur. 
 
Suriya-Türkiyə sərhədində baş verən iki ölkənin qısa hərbi toqquşması Rusiyanın NATO-ya üzv ölkə ilə ilk rəsmi silahlı toqquşmasıdır. Ancaq haqqında danışılan fakt Rusiyanın yalnız Qərbdə deyil, digər ölkələrdəki imicini də ciddi şəkildə zədələyib. Siyasi hakimiyyətdən fərqli olaraq Moskva elitası bu məsələyə yanaşmasında dünyaya özünü proqressiv tərəf kimi göstərdi. Sözsüz, hakimiyyətin diktəsi altında işləyən media Rusiya-Türkiyə gərginliyini əhaliyə Kremlin rakursundan göstərib və bu təbliğat davam edir. Ancaq bir çox rus aydını məsələyə obyektiv mövqedən baxa və fikirlərini topluma çatdıra bilib. Rusiya hakimiyyətindəki manipulyatorlardan fərqli olaraq Rusiyanın aydın elitası, iş adamları, təhsilli gəncliyi Moskvanın xarici dövlətlərə qarşı döyüşkən addımlarını alternativ informasiya qaynaqlarından öyrənə və beynəlxalq siyasət açısından dəyərləndirməyi bacarıb. 

Ölkənin imperiyapərəst, radikal anti-Qərbçi kəsimi isə prezident Vladimir Putini əvvəlkindən daha çox müdafiə edir. Bu kəsimə aid xeyli sayda həvəskar tarixçi son konfliktin köklərini Rusiya ilə Osmanlı arasında dəfələrlə savaşa səbəb olmuş 800 illik səbəblərə bağlayır. 
Rusiya ilk dəfədir gerçəkdən də güclü rəqibə qarşı çıxıb. Ölkənin sağlam düşünə bilən şəhər əhalisi, orta təbəqəsi durumu fərq edir. Yəqin ki, Rusiya aydınlarının bir hissəsi Rusiyanın Gürcüstana, Ukraynaya, Suriya müxalifətinə hərbi müdaxiləsindən yumşaq desək, məyusdurlar. Bir məsələni də vurğulamaqda fayda var - indiyə qədər Rusiyanın üzərinə getdiyi ölkələr geopolitik zəiflər olub. Qərb onlara simpatiya duysa da müdafiələrini təşkil etməyi vacib saymayıb.

Türkiyəyə gəlincə, orada durum başqadır. Aydındır ki, bundan sonra Rusiya ilə Türkiyə arasında silahlı insident olmayacaq. Ancaq uçaq krizi Ankara ilə Moskva arasında dərin və uzunmüddətli siyasi gərginliyə, davamlı diplomatik toqquşmalara, iqtisadi, elmi, mədəni sahələrdə sonu görünməyən repressiyalara səbəb ola bilər. Ən pis halda Rusiya ilə Türkiyə Suriyada və başqa ölkələrdə bir sıra hərbi və digər xarakterli konfliktlərdə sonu bilinməz rəqiblərə çevrilə bilərlər.

Türkiyənin siyasi, iqtisadi, hərbi sanbalı var. Türkiyə həm Qara dəniz, həm də Aralıq dənizi hövzəsində önəmli rola sahibdir. Ankaranın Moskva üçün böyük önəmi olan postsovet müsəlman dövlətləri, xalqları və etnik qrupları ilə çox sıx əlaqələri var. Bu coğrafiya Krım tatarlarından başlayır, Volqaboyu daxil olmaqlar, Azərbaycanı və Mərkəzi Asiyada dövlətlərini əhatə edir.

 Ankara müsəlman aləmində də böyük nüfuza sahibdir və Avropa Birliyinin İslam dünyasındakı ən yaxın tərəfdaşıdır. Son gərginliyə qədər Türkiyə Rusiya üçün çox önəmli ticarət və investisiya ortağı idi. İki ölkənin enerji sahəsindəki işbirliyi hətta geoiqtisadi önəm daşıyırdı. Rusiya ilə Türkiyə arasında işlək olan və planlaşdırılan qaz kəmərlərinin taleyi sadəcə Moskva ilə Ankara üçün deyil, Brüsseli üçün də önəmlidir.


Türkiyənin NATO-nun uzunmüddətli və önəmli üzvü olmasının da bu məsələyə təsiri az deyil. Rusiyanın Gürcüstana, Ukraynaya və Suriyaya hərbi müdaxilələri avantüralı olsalar da Moskva üçün daha az riskli idilər. Kremlin Türkiyə ilə açıq-aşkar beynəlxalq toqquşma səviyyəsində gərginlik yaratmaq istəyi Moskvanın odla oynamağa hazır olduğundan xəbər verir. Rusiya NATO ölkəsi ilə böyük konfliktə girişməklə həm də onu göstərir ki, Putin özünün beynəlxalq avantüralarının "stavkaları" və risklərini qaldırıb. Təhsil görmüş rusiyalılar bunu anlamaya bilməz.

Qırıcı ilə bağlı insident, onun ardınca  Moskvanın Ankaraya yönəlik ritorikasındakı və siyasətindəki eskalasiyalar Rusiyanın həm NATO məkanı, həm də İslam dünyası ilə münasibətlərini çökdürür. Bu ikiqat çökmə eyni zamanda Rusiyanın uzun müddətdir təbliğatını apardığı və Qərblə münasibətlərə alternativ kimi ortaya çıxarmaq istədiyi Çinlə yaxınlaşma məsələsindəki gerçəklikləri də üzə çıxarır.

Yaxın günlərə qədər Kreml mediası Çini Rusiyanın əvəzsiz tərəfdaşı kimi öyürdü. Ancaq son aylarda bəlli olub ki, Çinin Rusiya ilə sıx iqtisadi işbirliyi üçün potensialı o qədər də yüksək deyil. Bu o deməkdir ki, Türkiyə ilə konfliktə girişməsi Rusiyanın dünyadan təcridini daha da gücləndirir.



Merkel haqlı idi? Putin paralel dünyada yaşayır?

Bütün hallarda ya Türkiyə, ya da Suriya hava məkanında baş verən hərbi toqquşma və ondan doğan diplomatik və iqtisadi sonuclar Rusiyanın Qərbdə olan qalan tərəfdarlarının mövqeyini də getdikcə zəiflədir. NATO üzvü ilə kəllə-kəlləyə gəlməyi gözə alması Putin haqqında Almaniya kansleri Angela Merkelin 2014-cü ildə dediyi "o paralel dünyada yaşayır” fikrinin nə qədər əsaslı olduğunu da sübut edir. Rusiya dövlət başçısı hətta bir zamanlar rusiyapərəst olan almanlar üçün də getdikcə izahedilməz simaya çevrilir. Rusiya həddən artıq ölkədə - Qara dəniz, Baltik dənizi sahillərindən başlayaraq, Donbasa, Suriyaya, indi də Türkiyəyə qədər çox bölgədə son dərəcə şübhəli insidentlərə qarışıb.

Sadalanan səbəblər görə, beynəlxalq birliyin Kremlə durmadan artan inamsızlığı Rusiyanın təhsilli insanlarında narahatlıq yaratmaya bilməz. Doğrudur, Ankara ilə münasibətlərinin buz bağlaması yaxın gələcəkdə Putinin devrilməsinə səbəb olmayacaq. Ancaq onun xarici siyasətdə yol verdiyi hələlik son yanlışı Kreml liderinin sonunun başlanğıcını gətirə bilər”.

Hazırladı Aygün Muradxanlı 
Oxşar xəbərlər