Müsavat İltizam Əkbərliyə töhmət verdi

  • 10 noy 2015, 20:28

Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Divan üzvü Nailə Yaqublu Türkiyənin Ankara şəhərində M.Ə.Rəsulzadənin silahdaşı, Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünalla görüşü barədə məlumat verib.    

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı seçkilərlə əlaqədar məhkəmə prosesləri haqda məlumat verərək bildirib ki, namizədliyi qeydə alınmayan müsavatçıların Azərbaycan məhkəmə instansiyaları üzrə şikayətləri yekunlaşıb. Bütün şikayətlərlə bağlı Mərkəzi Seçki Komissiyasının əsassız qərarları qüvvədə saxlanılıb. Məhkəmə qərarlarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizələri hazırlanıb.   

Müsavat Partiyasının seçkidən çəkilməklə bağlı qərarına əsasən namizədliyini geri götürən müsavatçılar haqqında MSK-nın qanunsuz qərarlarından verilən şikayətlər Apellyasiya və Ali Məhkəmə instansiyalarında davam edir.   

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun həbsinin qanunsuz olması haqqında Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərar barədə Divan üzvləri məlumatlandırılıb.

Ədalətin tanınması yönündə qəbul edilən bu qərar təqdir olunub. Bu şikayətin məhkəmə instansiyalarını uğurla keçməsi üçün vəkil Nemət Kərimlinin fəaliyyəti yüksək qiymətləndirilib. 


Müsavat Partiyasının seçkidən iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qərarına rəğmən seçkidə iştirakını davam etdirən 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərlinin partiya intizamı məsələsinə baxılıb. Partiyadan xaric edilməsi və ona töhmət verilməsi təklifləri səsə qoyulub.

Səs çoxluğu ilə İltizam Əkbərliyə töhmət verilməsi barədə qərar qəbul olunub.     Divan son günlər İranın dövlət televiziyalarından birində soydaşlarımızın ünvanına səslənən təhqiramiz ifadələrdən sonra baslayan etiraz aksiyalarını dəstəklədiyini, aksiya iştirakçılarına qarşı İran rejiminin törətdiyi zorakılıqları qətiyyətlə pislədiyini bildirib.    

Müsavat Partiyası Cənubi Azərbaycanın bir çox şəhərlərində baş tutan aksiyalarda həbs olunan vətənpərvər fəalların dərhal azadlığa buraxılmasını tələb edib.