Əli Kərimlinin daha bir villası və gizli biznesi – FOTOLAR

  • 05 noy 2015, 22:28

 

Adətən hakimiyyətə rəqib kürsüdə əyləşən müxalifət liderləri özlərini cəmiyyətinin gözündə yüksək tutmaq üçün məsum roluna girib, kasıb, məzlum təbəqənin nümayəndəsi kimi görünməyə can atırlar. Amma gerçəkdə bu, heç də belə olmur. 

Kiçik bir araşdırma bəs edər ki, üzdə kasıb görünən siyasətçilərin sahib olduqları villalar, gizli biznesləri, gəzdikləri lüks maşınlar və daha nələr-nələr üzə çıxsın.

AzVision.az Azərbaycanda müxalifətə rəhbərlik edən şəxslərin hamıdan sirr kimi saxladıqları villalarını, gizli bizneslərini və bahalı maşınlarını araşdırmağa çalışıb. 

Başlayaq AXCP sədri Əli Kərimlidən. 

Ötən saylarımızda onun Şüvəlan qəsəbəsində tikdirdiyi villanın fotolarını dərc edib, bu barədə oxucularımıza ətraflı məlumat vermişdik. Qısaca xatırladaq ki, Əli Kərimlinin təqdim etdiyimiz villasının qiyməti yarım milyon manat civarındadır. 

AXCP sədri bu villanı ötən il 500 min manata satışa çıxarsa da, real alıcı tapa bilməyib. Villanın tikintisi üçün torpağı Əli Kərimliyə 1992-1993-cü illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş Rauf Gülməmmədov bağışlayıb. Bundan əlavə, AXCP sədrinin Bakının mərkəzində yeni tikilən hündürmərtəbəli binalarda bir neçə mənzilinin olduğu da məlumdur.

Amma üzdə kasıb libasına girən Ə.Kərimlinin sahibi olduqları bununla yekunlaşmır. Apardığımız araşdırma zamanı məlum olub ki, AXCP sədrinin Şüvəlandakı villası ilə yanaşı, Bakının Dübəndi kəndində də üçmərtəbəli dəbdəbəli villası var. Bu villanın real qiyməti təxminən 1milyon manatdan yüksəkdir. Cənab Kərimli çox nadir hallarda həmin villaya baş çəkir. Ora əsasən Kərimlinin qohumları nəzarət edirlər. Kərimli bəzən yay aylarında bir neçə günlük Dübəndidəki evinə gəlib, dincəlir. 



Məlum olub ki, bu mülk də digərləri kimi Əli Kərimlinin öz adına deyil, yaxın qohumlarının adına qeydiyyata alınıb. 

Bundan başqa, daha öncə mediada yayılan məlumatlara görə, Kərimlinin özü və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan fantastik məbləğdə - 8 milyon 603 min 364 manat pul çıxarıblar. Özü də nağd şəkildə... 

Nə qədər ilginc olsa da işsiz statusu daşıyan Kərimliyə 8 milyon pulu kimin göndərməsi, yaxud bu fantastik məbləği onun haradan əldə etməsi sirr olaraq qalır. 

Əli Kərimlinin oğlu Türkel Kərimli dünyanın ən nüfuzlu Bristol Unuversitetində təhsil alır. Heç yerdə işləməyən AXCP sədri oğlunun təhsil haqqı üçün illik 25 min funt-sterlinq pul ödəyir. Xaricdə təhsil almaq adı ilə ölkədən gedən Türkel Kərimli qızlarla kef məclisləri, gecə həyatı, bar əyləncələri ilə bir neçə dəfə gündəmə gəlib. Onun sosial şəbəkələrdə paylaşdığı fotolar cənab Kərimlinin heç də pis yaşamadığını , Avropada əsl kef çəkdiyini göstərir. 

1993-cü ildən heç bir yerdə işləməyən Əli Kərimlinin oğlunun aylıq xərcləri minimal hesabla 2500-2800 manat, bəlkə də daha çoxdur. Cəbhəçilərin dediyinə görə, Ə.Kərimli Londonda oğlu üçün mənzil alıb.

Əli Kərimli son model "Mazda CX9” avtomobilində gəzir. O, indiyədək bir neçə dəfə avtomobil dəyişib. Bu avtomobilin bazar qiyməti isə 30 min dollardan yüksəkdir. "Kasıb” partiya sədrinin şəxsi sürücü və cangüdənləri də var. Təxmini desək, onlara ayrılan aylıq maaş 1500-2000 manat civarındadır.

Keçmiş cəbhəçilərin bildirdiyinə görə, AXCP sədri hələ cəbhə hakimiyyəti dövründə özü üçün gizli biznes də qura bilib. Hazırda onun bir neçə obyektinin olduğu bildirilir. Bu obyeklərdən Kərimli ailəsinin büdcəsinə kifayət qədər icarə pulu daxil olur. 

 

AXCP-dən ayrılan cəbhəçilər Əli Kərimli ilə bağlı saytımıza daha ilginc faktlar da açıqlayıblar. Məlumata görə, onun Saatlı, İmişli rayonlarında 120 hektarlıq ferması, mal-qara sürüsü, hektarlarla əkin sahəsi var. 

Əli Kərimlinin gizli biznesi bununla bitmir. Sabiq cəbhəçilərin bildirdiyinə görə, AXCP sədrinin paytaxtda bir neçə apteki də var. 

Əli Kərimlinin gizli biznesini qardaşı Şaiq Kərimli idarə edir. 

AXCP sədrinin gizli dünyası əlbəttə təqdim etdiyimiz faktlarla bitmir. Heç şübhəsiz ki, onun bizm bilmədiyimiz daha nələri var.

Və nəhayət, bütün bunlardan sonra ciddi bir sual yaranır: Bu imkan Əli Kərimlidə haradandır? İşsiz, gəliri olmayan Əli Kərimli bu mülklərə necə sahib olub?