Bakıda mitinq keçirildi

  • 26 okt 2015, 08:13

Müsavat Partiyası bu gün "İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda mitinq keçirib. 

 

Demokratik.az xəbər verir ki, mitinqdə müsavatçılar və partiyanın parlament seçkilərində iştirak edən namizədləri iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verdiyi mitinq həm də Müsavatın 15 saylı Yasamal seçki dairəsindən deputatlığa namizədi İsa Qəmbərin seçiciləri ilə görüşü hesab edilirdi. 

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər mitinqdə çıxış edərək, hakimiyyətin siyasətini sərt şəkildə tənqid edib.

Müsavat başqanı Arif Hacılı isə mitinqdə çıxışı zaman polisin siyasi məhbusların fotolarının mitinq iştirakçılarının əllərindən alınmasını tənqid edib.

A.Hacılı deyib ki, Müsavatın 1 noyabr seçkisindən imtinası hələ də aktualdır: "Bu, oktyabrın 28-də son dəfə müzakirə olunacaq”.

Deputatlığa namizəd İsgəndər Həmidov seçicilərə müraciət edərək, onları Müsavatın namizədlərinə səs verməyə çağırıb. 

Çıxış edən partiya funksionerləri seçiciləri fəal olmağa, müsavatçı namizədlərə səs verməyə çağırıblar.

Sonda mitinqin qətnaməsi səsləndirilib. Qətnamədə seçki mühiti tənqid edilib, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi tələb olunub.

Oxşar xəbərlər