Xəbər lenti
Bütün xəbərlər

İlham Əliyev Süleyman Dəmirəlin vəfatı ilə bağlı başsağlığı verdi

  • 17 iyun 2015, 20:58

 

"O Azərbaycan xalqının əsl dostu idi”.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Süleyman Dəmirəlin vəfatı ilə bağlı başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

"Görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Süleyman Dəmirəl bütün həyat və fəaliyyətini doğma Türkiyənin rifahına həsr etmişdir. O, Türkdilli xalqlar və dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfələr vermişdir. Süleyman Dəmirəl eyni zamanda Azərbaycan xalqının əsl dostu idi. Azərbaycana qəlbən bağlılığı onun müstəqilliyimizə dəstəyində, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi sahəsində xidmətlərində öz ifadəsini tapmışdır.

Bu ağır itki ilə əlaqədar Sizə, qardaş Türkiyə xalqına, eləcə də mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük.

Allah rəhmət eləsin!”.
Oxşar xəbərlər