Xəbər lenti
Bütün xəbərlər

Partiya sədrləri açılış mərasiminə xüsusi avtobusda aparılacaq

  • 12 iyun 2015, 10:40
Azərbaycan hakimiyyəti ilə dekabr ayından başlanan və üç dəfə keçirilən görüşlərdə iştirak edən siyasi partiyaların sədrləri Avropa Oyunlarının açılış mərasiminə rəsmi dəvət olunublar. Srağagün həmin partiyaların sədrlərinə dəvətnamələr gəlib. Onlardan bəziləri, o cümlədən "Azadlıq-2015" seçki blokuna daxil olan siyasi partiyaların rəhbərləri həmin gün toplantı keçirərək dəvəti qəbul etdiklərini və oyunların açılış mərasiminə qatılacaqlarını bildiriblər. Bəziləri isə dəvət aldıqları barədə mediaya məlumat belə verməyiblər.


Həmin partiyalardan biri ADP-dir. Modern.az-ın məlumatına görə, partiya sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat”a bildirib ki, dəvətnamə məsələsini xüsusi hay-küylə ona görə qabartmağa lüzum görməyib ki, bunu normal bir hadisə sayır:

"Bu məsələni biz Əli Həsənovla sonuncu görüş zamanı razılaşmışdıq. Əli Həsənov da demişdi ki, Avropa Oyunlarına siyasi partiyaların rəhbərləri də dəvət olunacaq. Dediyi kimi də oldu. Dialoqda iştirak eləyən bütün partiyaların rəhbərlərinə, o cümlədən mənə və ”Qarabağ" blokundakı müttəfiqimiz Ümid Partiyasının sədri İqbal Ağazadəyə dəvətnamə gəlib. Biz Avropa Oyunlarının açılışına dəvət olunmamızı ona görə dərhal mediaya xüsusi bir xəbər kimi yaymadıq ki, bu hadisəni normal, adi bir hadisə olaraq qəbul edirik. Azərbaycanda iqtidar-müxalifət münasibətlərində o qədər qeyri-normal münasibətlər, hadisələr olub ki, indi normal bir hadisə baş verəndə insanlar qeyri-adi reaksiyalar verirlər, təəccüblənirlər, eyni zamanda sevinirlər. Kimlərsə bunu çox böyük qeyri-adi hadisə hesab edibsə, hərənin bir baxışı var".

S.Cəlaloğlu qeyd edib ki, müttəfiqi İqbal Ağazadə ilə bu məsələ ilə bağlı söhbəti olub: "Hər ikimiz Avropa Oyunlarının açılış mərasiminə gedəcəyik. Siyasi partiyaların rəhbərlərini biletlə yox, qonaq qismində xüsusi dəvətnamə ilə dəvət ediblər. Bizi deputatlarla birlikdə Milli Məclisin qarşısından xüsusi avtobuslarla aparacaqlar mərasim keçirilən arenaya. Xüsusi qonaqlar üçün ayrılmış yerlərdə oturacağıq”.

S.Cəlaloğlu Müsavatla AXCP-yə dəvət gəlməməsinə belə münasibət bildirib: "Onlar əgər Avropa Oyunlarını boykot eləmək çağırışı ediblərsə, bu oyunların əleyhinə olan mövqe ortaya qoyublarsa, onlara dəvət göndərməyin nə əhəmiyyəti olardı. Onların özləri getməzdilər”.
Oxşar xəbərlər