"Qorotdel" müxalifətin mitinqi haqda açıqlama

  • 31 may 2015, 21:37
Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın mayın 30-da Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi barədə məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, saat 15:30-dan 16:30-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 400 (dörd yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Məlumatda o da deyilir ki, aksiya zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

***
Daha sonra mitinqin qətnaməsi oxundu.

6 bənddən ibarət qətnamədə hakimiyyətdən repressiyaları dayandırmaq, islahatlar aparmaq, bahalığın və əsgər ölümlərinin qarşısını almaq və s. tələb olunur. Bununla da aksiya insidentsiz başa çatdı.

Əli Kərimli aksiyadan sonra jurnalistlərin suallarını cavablandırıb. O, aksiya iştirakçılarının sayı məsələsinə toxunmayaraq yalnız onu deyib ki, əsas məqsədimiz etirazımızı bildirmək idi, onu da etdik: "Mitinq alındı".

16:14

Milli Şuranın sədri,  Cəmil Həsənli isə çıxışına tarixə ekskursla başladı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açdı.

C.Həsənli daha sonra hakimiyyəti Qarabağ məsələsini həll edə bilməməkdə günahlandırdı.



15:33

Müxalifətin mitinqi başladı.

Virtualaz.org saytının hazırda "Məhsul” stadionunda olan müxbirləri xəbər verir ki, aksiya məkanında bir neçə yüz nəfər adam toplaşıb. Amma adamlar meydana gəlməkdə davam edir.

Polis təxribatçı məzmunlu plakat və şüarları stadiona buraxmayıb.

Hazırda mitinqdə AXCP sədri Əli Kərimli çıxış edir. O, çıxışında Bakıda yaşayış binasında baş vermiş yanğına görə hökuməti, konkret olaraq məmurları günahlandırıb. Deyib ki, bu faciə onların tamahkarlığı ucbatından baş verib: "Biz bu üzlüklərin təhlükəli olduğunu hələ xeyli əvvəldən deyirdik".

O, çıxışında əsgər ölümlərindən də danışıb. Bu cinayətlərin araşdırlmadığını iddia edib. Hökuməti orduda baş verənləri ciddi araşdırmağa çağırıb.

Əli Kərimli hökumətin iqtisadi siyasətini də tənqid edib. Bildirib ki, hökumət iqtisadi islahatlar aparmalıdır: "İslahat aparılmır, hamı neftin bahalaşacağını gözləyir. Bizi isə növbəti devalvasiya, işsizlik və maaşların azalması gözləyir".

.

Daha sonra çıxış üçün söz "Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyevə verilib. R.Hacıyev öz çıxışında etiraz aksiyalarına çıxmağı "hamının vəzifəsi" adlandırıb.


Oxşar xəbərlər