Azərbaycan Avropa İttifaqına, üstəlik, NATO-ya can atmır
Ötən həftə Ukrayna və Moldova Avropa İttifaqına üzvlüyə namizəd statusu alıblar. Gürcüstana isə hələlik namizəd statusu verilməyib. Bundan sonra ölkədə etirazlar başlayıb.Bəs Azərbaycanın Avropaya İnteqrasiyası nədən ibarətdir? 2017-ci ildə Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında başlanan danışıqların mahiyyəti nədən ibarətdir?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turan-a bildirib ki, Azərbaycan dövləti Avropa İttifaqına üzv olmaq niyyətində deyil: "Biz həm Qoşulmama Hərəkatının üzvüyük, həm də orada sədrlik edirik".
O qeyd edib ki, Azərbaycan Avropaya inteqrasiya istiqamətində addımlar atır: "Lakin inteqrasiya özündə üzvlüyü əks etdirmir. Biz Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsi xəttinə sadiqik".
Deputatın sözlərinə görə, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında sənəd üzərində iş gedir: "Bu, assosiativ saziş deyil, biz strateji tərəfdaşlıq haqda sənədə üstünlük veririk. Assosiativ saziş Avropa İttifaqını təmsil edir və öz şərtlərini diqtə edir. Strateji tərəfdaşlıq haqqında sənəddə isə qarşılıqlı razılaşma əsasında dövlət özü Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsini müəyyənləşdirir. Strateji tərəfdaşlıq haqqında sənədin müəllifi Azərbaycandır. Saziş layihəsi 95 faiz hazırdır. Bir neçə məsələ üzrə işlər aparılır ki, tərəflərin 100 faiz razılığı əldə edilsin".
Komitə üzvü qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın qorunub saxlanmasında, inkişafın dərinləşməsində maraqlıdır: "Buna daha böyük ehtiyac var, xüsusilə enerji təhlükəsizliyi baxımından və Avropa İttifaqı Azərbaycanı yeni, Alternativ enerji mənbəyi kimi qəbul edir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerjiyə artan tələbatını nəzərə alsaq, Azərbaycan-Avropa İttifaqı enerji dialoqunun yaradılması məntiqlidir və bu proses artıq başlayıb".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan hakimiyyəti NATO və Avropa İttifaqına üzv olmağa çalışmır. "Hətta cəmiyyətdə də bu barədə diskussiya getmir. Biz qarşıya belə məqsəd qoymamışıq".
Onun sözlərinə görə, NATO bu mənada daha problemlidir: "Çünki NATO-ya üzvlük Azərbaycanın Rusiya və İranla münasibətlərinin gərgin olacağı anlamına gəlir. Bizə əlavə gərginlik lazım deyil. Əgər Azərbaycan NATO-ya üzv olmağı hədəfləsə belə, bizi oraya qəbul etməyəcəklər, əvəzində isə təzyiq artacaq. Buna baxmayaraq, biz NATO-nun ikinci böyük dövləti olan Türkiyə ilə sıx əməkdaşlıq edirik və ordumuz Türkiyə standartlarına uyğun qurulub".
Politoloq hesab edir ki, Avropa İttifaqı ilə sıx əməkdaşlığa çalışmaq lazımdır: "Hazırda Avropa İttifaqı Azərbaycanın Avropaya daha çox enerji resursları nəql etməsində maraqlıdır. Avropa İttifaqı ilə danışıqlar süni şəkildə uzadıla bilməz. Strateji saziş üzrə danışıqlar illərdir aparılır və təəssüf ki, nəticə yoxdur".