“İran müstəqil Azərbaycan ideyasını qəbul etmir” - FAKT BUDUR!
“Dinin siyasiləşməsinin tərəfdarı deyiləm. Bütün problemlər insan haqları müstəvisində həllini tapmalıdır. Cəmiyyət yekcins deyil, odur ki, Mirzə Cəlilin “Anamın kitabı”nı həyatımızda yaşamaq istəmiriksə, Anamızın ( Vətənin) ölməsini istəmiriksə, qarşılıqlı hörmətlə yaşamalıyıq”. DİA.AZ xəbər verir ki, bu barədə “Sherg.az”a siyasi şərhçi Azər Rəşidoğlu bildirib. O, qeyd edib ki, heç bir dövlətin rəhbəri bizə nümunə deyil:
“Ümumiyyətlə, insanlar dəyər deyil, ancaq dəyər daşıyıcısıdır və biz dəyərlərə sadiq qalmalıyıq, fərdlərə deyil. Dini mövzu ağır mövzudur və məzhəb savaşı yüz illərdir, gedir. Əgər bir dini cərəyan vurulursa, digər daha radikal cərəyan o boşluğu doldurur.
Bunun isə fəsadları qaçılmaz olacaq. Bayrağımız bütün təbəqələri birləşdirir. Bayrağımıza sadiq çıxaq. Rəsulzadə “Əsrimizin Siyavuşu”nda bu probleminin həllini göstərir. Dahi öndərin ideyasına sadiq çıxaq. İrana münasibətim bəllidir. Mən Vahid Azərbaycan arzusundayam. Lakin heç bir sübutum olmadan heç kəsi agent adlandıra bilmərəm. Son zamanlar baş verənlər gələcəkdə ağır nəticələr doğura bilər. Əzməklə problem həll edilmir. Müstəqil məhkəmələr qurulmadan heç kəsin həbsini ədalətli adlandırmaq mümkün olmayacaq. Buna çalışmalıyıq”.
Siyasi şərhçi hesab edir ki, bir qrup dindarın aclıq aksiyasından klanlar və xarici ölkələr də istifadə edir:
“Qərb anlayır ki, Azərbaycanda dünyəviliyə qorxu yoxdur, odur ki, “islam xoxan”ı düzəltməklə onların rəyini dəyişmək mümkün olmayacaq. Odur ki, təklif irəli sürmüşəm ki, hörmətli şeyximiz Allahşükür Paşazadə, Hacı Şahin, Hacı İlqar öz nüfuzlarından istifadə edərək, aclıq aksiyasını dayandırmalıdırlar.
Nə qədər ki gec deyil. Məni ən çox ölkənin taleyi düşündürür və analitik olduğuma görə bunun hansı faciələrə səbəb olacağını da anlayıram. Bəli, İran müstəqil Azərbaycan ideyasını qəbul etmir. Lakin Tehranın agentlərini yalnız dindarların arasında axtarmaq yanlışdır. İran bu qədər sadə dövlət deyil ki, öz təsir agentlərini de-şifrə etsin.
Digər tərəfdən, Ruhulla Xomeyninin vilayəti-fəqih nəzəriyyəsinin hakim kəsildiyi İranda Xamneyi müqəddasata aid şəxsyyət hesab edilir. Vilayəti-fəqih nəzəriyyəsinə görə, şiələrin qeybə çəkildiyini iddia etdikləri İmam Mehdinin zühuruna qədərki dövrdə fəqihlər İslam hökuməti qura və onu idarə bilərlər. Bu halda fəqihlər məclisinin seçdiyi şəxs – Ali dini rəhbər İmam Mehdinin naibi sayılır.
Lakin Azərbaycan şiələrinin çoxu 44 günlük savaşda İranın tutduğu mövqe ilə razılaşmır və Tehranı tənqid edir. Odur ki, çaxnaşmanı kim salır sualına bir qədər dərindən cavab axtarmaq lazımdır”.