Günün xəbəri! “Toxunulmaz” Simonyançılar Azərbaycandan ÇIXARILDI

  • 11 iyun 2022, 18:56
“Sputnik Azərbaycan” saytının baş redaktoru Antonava Tryzno Veranika və onun həyat yoldaşı, media orqanının prodüsseri Pavel Antonovun Azərbaycanda iş icazəsinin vaxtının uzadılmasından imtina edilib. Beləliklə, hər iki şəxs ölkədən çıxarılıb.
Bu qərar gözlənilməz deyildi, çünki söhbət Rusiyada erməni lobbisinin aparıcı simalarından olan Marqarita Simonyanın rəhbərlik etdiyi və Azərbaycana qarşı açıq şəkildə erməni təbliğatı aparan “Sputnik”dən gedir. Antonovlar da Simonyanın göstərişilə Bakıda oturub Bakının əleyhinə işləyirdilər.
İstər 44 günlük Vətən müharibəsində, istərsə də Rusiya-Ukrayna hərbi qarşıdurmasında “Sputnik”in Azərbaycan əleyhinə işlədiyinə və bunu gizlətmək belə niyyətində olmadığına şahidlik etdik. Bu media orqanının nümayəndələrinin ölkədən çıxarılması Azərbaycan cəmiyyətinin tələbi idi. Burada məsələ Azərbaycanın Rusiyanı təmsil edən media resursuna qarşı addımı yox, Rusiyanı təmsil edən media orqanının Azərbaycan əleyhinə fəaliyyətinə qarşı adekvat addım atmasıdır.
Vətən müharibəsində “Sputnik”in Azərbaycan və Ermənistan nümayəndəliklərinin fəaliyyəti arasındakı təbliğat fərqi aydın görünürdü.
Azərbaycan nümayəndəliyi torpaqlarımızda 30 ildir davam edən erməni işğalına son qoyulmasına loyal münasibət göstərir, ən azı neytrallığı ilə işğalçıya dəstəyini nümayiş etdirirdi.
Ermənistan nümayəndəliyi Azərbaycanın əleyhinə aparılan informasiya müharibəsinə liderlik edirdi və müharibədən iki ilə yaxın keçməsinə baxmayaraq, “Sputnik Ermənistan” anti-Azərbaycan fəaliyyətində liderliyini davam etdirir.
Halbuki, hər iki nümayəndəlik Rusiyanın media resursu olduğu üçün ən azı neytral qalmalı idi. Azərbaycan nümayəndəliyinin neytral qalması, Ermənistan nümayəndəliyinə isə hücum etmək göstərişi verilmişdi. Təəccüblü deyildi, çünki “Sputnik”ə rəhbərlik edən Marqarita Simonyanın Azərbaycana münasibəti bəllidir və Simonyan Rusiya dövlətinin ona yaratdığı imkanları Bakıya qarşı düşmən təbliğatının aparılması işində geniş şəkildə istifadə edir.
Hətta Simonyan özünü Qarabağın Rusiyaya birləşdirilməsi çağırışlarını edə biləcək qədər “toxunulmaz” hesab edir. Rusiyanın Ukraynada “DNR” və “LNR”-in müstəqilliyini tanımasından və müharibəyə başlamasından sonra Simonyan sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin Rusiyaya birləşdirilməsi təbliğatını aparır, Qarabağda Rusiya bayrağından yaradılmış “Z” simvolikasını dəstəkləyir, separatçıların “nə vaxtsa biz də Rusiyanın tərkibində olacağıq” şərhinə “ümid edirəm” cavabını yazır.
Bu, Rusiya ərazisində, eləcə də Rusiyanın adı altında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdiddir və bu təhdidi irəli sürən Simonyanın rəhbərlik etdiyi “Sputnik”in nümayəndələrinin Azərbaycandan çıxarılması o deməkdir ki:
– Rəsmi Bakı öz suverenliyinə yönəlik istənilən fəaliyyətə qarşı barışmaz mövqeyindən geri çəkilməyəcək;
– Antonovların ölkədən çıxarılması “Sputnik”in Azərbaycan nümayəndəliyinin fəaliyyəti üçün bir xəbərdarlıqdır: ya obyektiv işləyəcəklər, ya da işləməyəcəklər;
Asif Nərimanlı
Oxşar xəbərlər