Solmaz Tohidi: “Tarix lehimizə işləyir” – deyir Rəsulzadə VƏ

  • 28 may 2022, 14:34
28 may 2022. Bu gün milli müstəqil dövlətçiliyimizin ən möhtəşəm tarixi gününü – Azərbaycan Cümhuriyyətinin 104-cü ildönümünü qeyd edirik. Bu dövlətçiliyi bizə bəxş etmiş “qurucu babalar” dediyimiz, əslində o zaman cavan, amma amalı və əməli ilə artıq Ulu Şəxsiyyətlərin adlarını ehtiramla dilə gətiririk. O şanlı tarixə az-çox bələd olan bir tədqiqatçı kimi 28 may günündə xalqımızın yekdilliklə bu hadisəni ürəkdən bayram etdiyinə, tədbirlər keçirdiyinə, xüsusilə medianın və gənclərin bu işdə fəallığına hədsiz sevinirəm. Təbii ki, Cümhuriyyət dövrünün hətta peşəkar tarixçilər və mütəxəssislər tərəfindən də birmənalı dəyərləndirilməyən məsələləri, eləcə də Cümhuriyyət xadimlərinin bu və ya digər tarixi məqamlarda rolu və iştirakına dair fərqli nəzərləri var və bu da təbiidir. Amma bir qənaət şəksizdir! Bu insanların Azərbaycan adlanan Vətən, Azərbaycan adlanan dövlət və Azərbaycan adlanan xalq-millət qarşısında xidmətləri danılmazdır və bu qənaət saysız sənədlərlə təsdiq və sübut edilir. Bu təddiq və sübut heç də yalnız tarixi sənədlərlə məhdudlaşmır. Ortada həmin Şəxsiyyətlərin hər birinin öz həyat hekayəti var. Cümhuriyyət qurucuları vaxtilə məsuliyyətini və təhlükəsini anladıqları bir yükün altında girərkən yəqin ki, taleyin onlara heç də həmişə lütf etməyəcəyini göz önünə gətirmişdilər və bu yolda bütün məşəqqətlərə, hətta ölümə hazır idilər. Lakin tarixin “İstiqlalçılar” adlanan bütöv bir nəslə qarşı bu qədər ədalətsiz və amansız olacağını, onları həyatda saxlayıb, amma bu sevimli Vətənə, qurduqları Dövlətə, “azadlığın ləzzətini dadızdırdıqları” xalqa ömürlük həsrət qoyacağını bəlkə heç ağıllarına da gətirmirdilər…
Bu gün cismi faciəvi surətdə haralardasa Vətən torpağına qovuşmuş Nəsib bəy Yusifbəylidən başqa Cümhuriyyət xadimlərinin böyük əksəriyyətinin məzarları qürbətdədir. Yaxın Gürcüstan, qardaş Türkiyə və bir sıra Avropa ölkələri indiyədək qismətlərinə Vətəndən kənarda ölmək yazılmış Dövlət qurucularımızın məzarlarını bizlər üçün ƏMANƏT saxlayır.
Məhz ƏMANƏT! Bu, Məhəmməd Əmin Rəsulzadənin sözüdür və o nəslin həmin gerçəkliyə verdiyi təyinatdır.
Dünyasını uzaq diyarlarda, məcburi mühacirətdə dəyişmiş çoxsaylı cümhuriyyətçilərdən yalnız ikisinin vəfatı hələ öz zamanında silahdaşları, xarici məsləkdaşları və dostları tərəfindən ümumi matəm günü kimi qəbul edilmiş və ləyaqətli dəfn mərasimi ilə müşayiət olunmuşdur. 1934-cü ilin 5 noyabrında əbədiyyətə qovuşmuş Əli Mərdan bəy Topçubaşovun nəşi noyabrın 8-də Paris yaxınlığındakı Sen-Klu məzarlığında bir çox ölkələrin siyasi mühacirət liderlərinin iştirakı ilə, rus işğalı nəticəsində istiqlalını itirmiş dövlətlərin milli bayraqları, o cümlədən Azərbaycanın üç rəngli bayrağı önündə torpağa tapşırılmışdır. Milli Azərbaycan Mərkəzinin rəhbəri kimi həmin mərasimi aparan Məhəmməd Əmin Rəsulzadə vida nitqini bu sözlərlə başlamışdı: “Millət yolunda çalışanlarımızdan bir Böyüyü ilə halallaşırıq. Heyhat! Azərbaycan Parlamentinin şanlı Rəisini, Vəkalətli heyətin sayğılı başçısını müsafiri bulunduğumuz Fransa torpağına ƏMANƏT edirik”.
Əli Mərdan bəyin Azərbaycanın və Rusiyanın türk-müsəlman xalqlarının istiqlal savaşındakı yerini ən yüksək ifadələrlə qiymətləndirən Rəsulzadənin daha sonra “Ey davamızın yorulmaq bilməyən vəkili!” – deyə Əlimərdan bəyə xitabən: “İstəmişdin ki, bütün həyatını yoluna sərf etdiyin Azərbaycan qurtulsun və sən də oraya dönəsən. Həm də sadə özün və arxadaşların deyil, istəmişdin ki, çox sevdiyin oğlunun burada əmanət buraxılan baqiyəsini də özünlə bərabər alasan və Vətənə öylə qovuşasan” – sözləri isə hələ Əlimərdan bəyin özünün Vətənə dönmək və 1925-ci ildə Parisdə xəstəlikdən vəfat etmiş oğlu Rəşidin də nəşini Vətən torpağına tapşırmaq arzusundan xəbər verirdi.
Əlimərdan bəy Topçubaşov.
Azərbaycan Parlamentinin ilk sədri.
Məzarı – Paris, Fransa.
“Fəqət, əcəl sənə aman vermədi” – təəssüfü ilə yanaşı Rəsulzadə nikbindir: “bu məzarıstanda biz azərbaycanlılar, biz, sənin getdiyin yolla gedən, müdafiə etdiyin dava üzərində qurulan Azərbaycan çalışanları sənə söz veririk: Var qüvvəmizlə duracaq, milli davanı müvəffəqiyyətlə başaracağız!”.
Rəsulzadə və silahdaşları buna əmindirlər! Çünki “bərabər getdiyimiz və səndən sonra da davam edəcəyimiz yol doğru və çatacağımız mənzil haqdır. Yol – Millət yolu, mənzil – İstiqlal mənzilidir!”
“Tarix lehimizə işləyir” – deyir Rəsulzadə və Millət yolu ilə gedənlərin mütləq İstiqlal mənzilinə yetişəcəyinə inanır. Həm də bu inamını yalnız müasirlərinə deyil, gələcək nəsillərə də ünvanlayır. Və yalnız bundan sonra – Yol başa vurulub Mənzil başına çatdıqdan sonra – haqq etdikləri bir arzunu dilə gətirir: “ÇOX ÇƏKMƏZ, MƏMLƏKƏT QURTULAR və o zaman MÜTƏŞƏKKÜR MİLLƏT ilk Parlaman rəisi, istiqlal davasının vəkilini XATIRLAR, gələr səni oğlunla bərabər BURADAN ALAR, ARZU ETDİYİN VƏTƏN TORPAĞINA GƏTİRƏR VƏ XATİRƏNİ ƏBƏDİLƏŞDİRƏR!”
Bu VƏSİYYƏTDİR!
Bir “Böyük Yurdçunun hələ əskiməmiş məzarı başından” edilən XATIRLATMADIR!
“Qədir bilən hər bir azərbaycanlı” qarşısında “Vətənindən uzaqda dəfn edilən möhtərəm rəisin baqiyəsini sevdiyi Vətənə köçürməyi imkan halına gətirmək” kimi qoyulan VƏZİFƏDİR!
Bəs nə baş verir…
Zamanmı çox çəkdi?
Məmləkətmi qurtulmadı?
Millətmi mütəşəkkür çıxmadı?
Azərbaycanlımı qədirbilən olmadı?

Bəlkə illərdir deyilən, dərc olunan, təkrarlanan, xatırlanan bu sətirlərin məhz Vəsiyyət – Vəzifə olduğu anlamı yetişməyib hələ?
Bu günlərdə bəzi dostlar bir-birindən xəbərsiz mənə bir millət vəkilinin Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi ilə bağlı verdiyi bəyanatın mətnini göndərmişdi. Millət vəkili buna “ciddi zərurət” görmür, belə ki, Rəsulzadənin dəfn edildiyi Türkiyə də bizə doğma torpaqdır.
Bu millət vəkilini çoxdan tanıyıram, bir yerdə işləmişik, elmi səfərdə olmuşuq, ziyalı, savadlı, təvazökar, dürüst bir adamdır. Qarşılıqlı hörmətimiz var. Bu baxımdan, söylədiyi fikirlərdə hər halda səmimi olduğunu, həqiqətən Türkiyə amilindən çıxış etdiyini və ən başlıcası, yuxarıda gətirilən tarixi mətnlərdən – Cümhuriyyət xadimlərinin öz arzularından xəbəri olmadığını düşünürəm. Əks halda bu məsələdə “ciddi zərurət” söhbəti etməzdi. Çünki bu Zərurət var və həm də olduqca Ciddidir. Özü də məhz Rəsulzadə nümunəsində. Belə ki, bu məsələdə – Cümhuriyyət xadimlərinin dünya ölkələrinə səpələnmiş məzarlarına münasibətdə həmin ölkələrin “doğma” və ya “yad” olması amili əsassızdır.
Cümhuriyyətin süqutundan sonra ölkədən çıxmağa müvəffəq olmuş cümhuriyyətçilərin sığınacaq tapdıqları ölkələrə fərq qoyulmadan yalnız bir Vətəni olub – Azərbaycan. Və bu məqam mühacirət dövrünə aid istənilən sənəd, mətbuat, məktub və hər növ ədəbiyyatda öz əksini tapıb. Rəsulzadə üçün xüsusilə. Belə ki, həyatı boyu 3 dəfə fasilələrlə Türkiyədə yaşamalı olan Rəsulzadə bu ölkəyə bütün sevgisinə baxmayaraq burada fəaliyyətə başladığı ilk gündən ömrünün sonlarına qədər yalnız və yalnız Azərbaycan savaşı aparıb!
Fətəli Xan Xoyski
Və Cümhuriyyət xadimlərinin cismən Vətənə qayıtmaq arzuları nə zamansa reallaşanda bu qayıdış ilk olaraq məhz Rəsulzadə ilə başlamalıdır. Bu “birincilik” haqqı Rəsulzadənin Azərbaycanın istiqlal mücadiləsi və dövlətçilik tarixində müstəsna rolu ilə, o cümlədən Azərbaycançılıq ideologiyasının banisi və ölkənin siyasi həyatında aparıcı siyasi partiyanın – Müsavatın, daha sonra Azərbaycan siyasi mühacirətinin lideri olması ilə məhdudlaşmır. Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin – milli müstəqil Azərbaycanın ilk dövlət başçısıdır. Özünün iştirak etmədiyi, taleyüklü məsələlərin həll olunduğu bir iclasda gizli səsvermə yolu ilə bu vəzifəyə seçilmiş Rəhbərdir. Bu iclasın müxtəlif siyasi qüvvələri təmsil edən tərkibi nəzərə alınmaqla, Azərbaycanın əsasən zadəgan nəsillərinə məxsus, Xan və Bəy titulları daşıyan, hər biri özlüyündə bir siyasi və dövlət xadimi olan insanların ölkə üçün ən gərgin və təhlükəli bir vaxtda ölkə başçısı qismində məhz Rəsulzadəni görməsi çox məqamlardan xəbər verir və yəqin ki, bu mövzunu uzatmağa ehtiyac yoxdur.
Təbii ki, Rəsulzadədən başlayaraq Cümhuriyyət xadimlərinin məzarlarının Vətənə gətirilməsi ayrı-ayrı insanların istək, mövqe və imkanlarından asılı olmayıb, Dövlət səviyyəsində görülməli və müəyyən hazırlıq mərhələlərindən keçməklə bir çox problemlərin həllini tələb edən böyük bir prosesdir.
Əlbəttə, Rəsulzadənin qurduğu və başçısı olduğu dövlətin paytaxtında bu günə kimi hələ də nə heykəli, nə ev muzeyi, hətta yaşadığı evin divarında bir barelyef-xatirə lövhəsi belə yoxdursa, onun məzarının Vətənə gətirilməsi məsələsi ilk nəzərdə qeyri-ciddi, ən yumşaq deyilərsə “hələ vaxtı yetişməmiş” söhbət kimi görünə bilər. Lakin bu reallığın səbəbləri üzərində durmadan, burada bir məqam xüsusi vurğulanmalıdır: Cümhuriyyət xadimlərinin məzarlarının Vətənə dönüşü hər hansı səviyyədə heç bir müzakirə obyekti olmamalıdır və nə vaxtsa mütləq həyata keçiriləcək bir Vəzifə kimi bütün Cəmiyyət tərəfindən birmənalı qəbul edilməlidir.
Yaşadığı ailənin Böyüyünə, ona həyat vermiş Valideyninə hörmət edən, onun son arzusunu Vəsiyyət kimi qəbul edib yerinə yetirməyi özünə borc bilən hər bir övlad-vətəndaş kimi bizlərə Dövlət qoyub getmiş Böyüklərimiz – nəhəng “Yurdçuların” qarşısında bir millət olaraq mütəşəkkür, minnətdar olmağı bacardığımızı sübut etməliyik. Əks halda, bu dövlətdə yaşamaq haqqımız halal deyildir!
Mən çox nikbin adamam və Rəsulzadənin Topçubaşovun vida mərasimində “həqiqi azərbaycanlı” adlandırdığı insanların, xüsusilə gənclərimizin nə vaxtsa bu möhtəşəm işi reallaşdıracağına və bununla da adlarını tarixə yazaraq Millətin öz qurucularına olan borcunu qaytaracağına inanıram. Amma o günü özüm də görmək, bu işdə az da olsa iştirak etmək istərdim… Hələ ki, istəkdən o yana gedə bilmirik, çox təəssüf…
Bu yazını Topçubaşovla başlayıb Rəsulzadə ilə bitirməyim də təsadüfi deyil. Belə ki, Azərbaycan mühacirəti tarixində öz miqyası və ruhu ilə ən yaddaqalan ikinci dəfn 1955-ci ilin 6 martında vəfat etmiş Məhəmməd Əmin bəyin Ankara torpağına tapşırıldığı mərasim olub. Vaxtilə Rəsulzadə Topçubaşovun vəfatı ilə bağlı vida nitqlərini, dünyanın bir çox ölkələrindən Milli Azərbaycan Mərkəzinin rəhbəri kimi öz adına gələn hüzn məktubları və teleqramları toplayıb Berlində buraxdığı “Qurtuluş” jurnalının Əli Mərdan bəyə həsr edilmiş 1934-cü il, 2-ci sayında dərc etmişdi. Eynilə Məhəmməd Əmin bəyin də dəfn mərasimində söylənilən nitqlər, onun vəfatı münasibətilə dövrünün bir çox tanınmış xadimləri tərəfindən göndərilən hüzn məktubları, məqalələr, xatirələr, şerlər toplanaraq 1955-ci ildə Rəsulzadənin yaratdığı Azərbaycan Kültür Dərnəyinin mətbu orqanı olan “Azərbaycan” məcmuəsində nəşr olunmuşdu. Nə 1934-cü, nə 1955-ci illərdə Vətən Azərbaycandan bu iki Böyük Azərbaycanlının gedişi ilə bağlı bir soraq gəlməsə də “Vətən”, “Əmanət” kəlmələri və nə vaxtsa nəşi ilə bu Vətənə dönmək arzu və inamı Rəsulzadənin dəfni zamanı da dəfələrlə səslənmişdir:
“Sar köksünə Ankara, yurdumun zinətini,
Günü gəlincə istər sənnən ƏMANƏTİNİ,
Şükranını sunarkən bir gün hörmətlə sənə,
O sümüklər gedəcək! Gedəcək o VƏTƏNƏ!”

Mütləq! O gün gələcək!
İnanaq və bu yolda çalışmaqda davam edək!
Cümhuriyyət bayramımız mübarək, əziz dostlar.
Məzarları qürbətdə, ruhları Vətəndə olan Cümhuriyyət xadimlərimizi, bu yolda canlarını fəda etmiş, düşmən tərəfindən güllələnmiş, edam edilmiş, həbslərdə, sürgünlərdə məşəqqətlər çəkmiş bütün cümhuriyyətçiləri ən dərin ehtiramla yad edirik! Xatirəniz əbədidir! Əməlləriniz unudulmaz. Gənc nəsillər bizdən daha bacarıqlı, daha inadkar olacaq, bizim görə bilmədiyimiz işləri onlar başa çatdıracaq!
Borcumuzu qaytaracağıq!
Solmaz Tohidi
Oxşar xəbərlər