Ulu Öndər Heydər Əliyev siyasət olimpini fəth edən nəhəng şəxsiyyətdir!

  • 11 may 2022, 02:08

Möhkəm siyasi iradə, cəsarətli milli mövqe, dönməz mübarizə əzminə malik dahi şəxsiyyət olan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü hər bir azərbaycanlı tərəfindən dərin məhəbbət və yüksək ehtiram ilə qeyd edilir. Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndə onun böyük zəhmət hesabına inkişaf etdirdiyi iqtisadiyyat tamamilə dağılmış, Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış, ölkəmiz iqtisadi cəhətdən xarici ölkələrdən tamamı ilə asılı vəziyyətə düşmüşdü. İslahatların həyata keçirilməsində hər bir sahəyə məxsus olan spesifik xüsusiyyətləri nəzərə alan Ümumilli Lider bu islahatların son nəticə etibarilə sosialyönümlü olmasının hədəf kimi seçilməsini xüsusilə zəruri hesab edirdi. Bu yanaşma eyni zamanda Azərbaycanda həyata keçirilən islahatların əsas meyarı kimi istehsalın səmərəliliyinin yüksəldilməsi və bu əsasda xalqın həyat səviyyəsinin yüksəldilməsində özünü büruzə verən sosialyönümlü bazar iqtisadiyyatı modelinə üstünlük verilməsini bir daha sübut edir. Ulu öndərin iqtisadi islahatların həyata keçirilməsi istiqamətində baxışlarını səciyyələndirən ən vacib xüsusiyyət – islahatların həyata keçirilməsinin istiqamətlərini düzgün proqnozlaşdırmaqdan ibarət idi.Sahibkarlığın inkişafı ilə yanaşı dövlət mülkiyyətinin özəlləşdirilməsi iqtisadi islahatların həyata keçirilməsində bir tamlıq, vəhdətlik yaratmış oldu. Ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafını sürətləndirdi. İqtisadi islahatların keçirildiyi zaman ümumi sosial-iqtisadi vəziyyətin aqrar sektorda aparılan islahatlarla qarşılıqlı əlaqə və asılılığını təmin edilməsi Heydər Əliyev iqtisadi islahatlar strategiyasının əsas istiqamətlərindən biri idi. Ən başlıcası isə ondan ibarətdir ki, iqtisadi islahatlar strategiyası liberallaşma ilə sosial-iqtisadi inkişaf arasında ümumi bir vəhdət təşkil etmişdir. Yeni iqtisadi sistemin formalaşdırılmasında Ulu Öndər müvafiq qanunvericilik bazasının yaradılmasına xüsusi əhəmiyyət verərək, qanunların aliliyinin təmin olunmasını iqtisadi islahatların uğurla həyata keçirilməsi üçün başlıca zəmin hesab edirdi. 1993-2003-cü illərdə Azərbaycanda həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın Azərbaycan modelinin formalaşmasına zəmin yaratmışdır. Ümummilli Lider Heydər Əliyevin mükəmməl əsəri olan Azərbaycan modeli ilk növbədə ölkə vətəndaşlarının sosial rifahı səviyyəsinin yüksəldilməsinə istiqamətlənmişdir. Respublikanın milli iqtisadi inkişaf modelində başlıca xüsusiyyətlərindən birini isə sosialyönümlülük təşkil etmişdir. İstehsal sahibkarlığının inkişafı, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin həlli ilə əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil etmişdir.
Heydər Əliyevin həyata keçirdiyi islahatlar, Azərbaycan iqtisadiyyatının gücləndirilməsiistiqamətində reallaşdırdığı geniş miqyaslı quruculuq işləri ölkəmizin beynəlxalq miqyasda güclü mövqe tutmasına səbəb oldu. Ulu Öndərin həyata keçirdiyi islahatlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. Heydər Əliyevin rəhbərliyi dövründə (1993-2003) ÜDM 1,7 dəfə, büdcə gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əmək haqqı 6,2 dəfə artdı. İnflyasiya səviyyəsi 2– 3 faizədək azaldı.Bu  dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcimində investisiya qoyuldu. 1993-2003-cü illər Azərbaycanda sabitlik və inkişaf dövrü oldu.1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” Azərbaycanın geosiyasi mövqelərini möhkəmləndirdi, iqtisadiyyatın sürətli inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına təkan verdi. Heydər Əliyevin neft strategiyası Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına əzmlə inteqrasiya etməsinə şərait yaratdı, xarici investisiyaların cəlb edilməsi ölkəmizi maliyyə çatışmazlığından xilas etdi,həmin dövrdə dünyanın bir çox aparıcı neft şirkətləri ilə sazişlər imzalandı. 
Neftin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorosiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşasına dair saziş imzalandı. Neft strategiyasının ən böyük uğurlarından olan Bakı- Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Azərbaycan qazının ixracının təmin olunması üçün Ulu Öndərin təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı. 1999-cu ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Dövlət Neft Fondunun yaradılmasında əsas məqsəd neft yataqlarının xarici şirkətlərlə birgə fəaliyyəti üzrə neftin satışından əldə edilən gəlirlərin səmərəli idarə edilməsi və iqtisadiyyatın prioritet sahələrinin inkişafına yönəldilməsindən ibarət idi. Heydər Əliyevin təşəbbüsü ilə Dövlət Neft Fondunun ilk vəsaiti qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. O vaxtdan etibarən Dövlət Neft Fondu neft və qaz hasilatından əldə edilən vəsaitlərin səmərəli idarə edilməsi prinsipinə sadiq fəaliyyət göstərir.Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.
Heydər Əliyev parlaq zəkası və bənzərsiz təşkilatçılıq qabiliyyəti ilə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də burada milli hərbi hissənin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi və bununla da respublikanın iqtidarında olan qüvvələrə də dövlətçilik nümunəsi göstərdi. Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, ordunın ayrı-ayrı qruplarının fəaliyyətindən doğan ehtiyatlılıq və nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı, ordu da vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu. Atəşkəsin əldə edilməsindən sonra ordu quruculuğuna diqqət heç də zəifləmədi. Əksinə,Heydər Əliyev dinc fürsətin əldə edilməsini ordu quruculuğunun sürətləndirilməsi üçün münasib imkan kimi qiymətləndirdi. Atəşkəs dövründə ordu quruculuğunun uğurlu aparılması üçün Heydər Əliyev dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl bir hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi daimi diqqət altına alındı.
O da vurğulanmalıdır ki, Heydər Əliyev strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutmasında, qlobal və transmilli şirkətlərin 10 milyardlarla ölçülən investisiyaların cəlb olunmasında, heç şübhəsiz ki, etibarlı tərəfdaş kimi mövqelərimizin, milli maraq və mənafelərimizin təminatı baxımından misilsiz dividentlər qazandırmışdır.Eyni zamanda regional münasibətlər baxımından da ölkəmizin cəlbediciliyi artmış, beynəlxalq nəqliyyat dəhlizlərinin bilavasitə ölkəmizdən keçməsi Ulu öndərin məqsədyönlü və titanik fəaliyyətinin nəticəsi idi. Bütün bunlar nəhayətdə xalqımızın hərtərəfli inkişafı, onun rifah halının yüksəlməsi və sosial dövlət statusunda qazandığı uğurların memarı kimi ümummilli liderin uzaqgörən və müdrik siyasətinin təntənəsi kimi qəbul edilir.
Tarixi zəfərlə başa çatmış Vətən müharibəsində Qarabağın Ermənistanın 30 illik işğalından azad edilməsi Ulu Öndər Heydər Əliyevin sadiq davamçısı, böyük sərkərdəlik məharətinə, güclü iradəyə, qətiyyətli əzmə malik Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi rəşadətli qələbələrlə yanaşı həm də diplomatiya meydanında da müvəffəqiyyətli zəfərlərlə şərtlənir. Başqa sözlə, İkinci Qarabağ müharibəsində əldə edilən Zəfər hərbi-diplomatik qələbə kimi tarixdə qalacaqdır. Ümummilli Liderin layiqli davamçısı İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirmiş övlad, həm də Onun memarı olduğu dövlətin rəhbəri, qüdrətli Ordunun Ali Baş komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür.
 
Natiq Cavadov – YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədri                              
Xaləddin Tağıyev YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədr müavini   
Oxşar xəbərlər