102 il əvvəlki və indiki Rusiya - dəyişiklik varmı?

  • 28 apr 2022, 12:10
Azərbaycanın sovet Rusiyası tərəfindən işğal edilməsindən 102 il keçir. Əslində bu gün də başımız üzərində Rusiya təhlükəsi hələ bitməyib. Hər keçən gün bu təhlükə ya artır, ya da azalır. Hazırda isə artdığını Ukrayna müharibəsinin fonunda demək olar.
Bu gün Rusiya təkcə bizə deyil, qonşu dövlətlərə də təhdid olmaqdadır. Əvvəldə qeyd etdiyimiz kimi, ortada Ukrayna nümunəsi var. Qarabağ nümunəsini də bu sıraya aid etmək olar. Amma bir gerçəklik də var ki, Putin Rusiya prezidenti olduğu dövrdə Azərbaycanla yaxşı anlaşdı. Son 22 ildə, yəni Putinin hakimiyyətdə olduğu müddətdə Rusiya ilə Azərbaycan arasında ciddi qarşıdurma, siyasi, hərbi, diplomatik böhran qeydə alınmayıb. 44 günlük Vətən müharibəsi dövründə Rusiyanın mövqeyi işimizə yaradı. Müharibə başlayandan bitənə kimi Moskva ənənəvi xislətini gizlətdi; Azərbaycana mane olmadı, əksinə, torpaqlarımızı işğal azad etməyimizə passiv dəstək verdi. Amma rus faktorunu mütləq nəzərə almalıyıq. İstənilən halda rusu özümüzə zorla düşmən etmək də yanlış siyasət olardı.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hesab edir ki, Azərbaycan Rusiya ilə dostluqdan daha çox uda bilər: “Rusiya keçmiş imperiya ənənəsinə sadiq olaraq keçmiş SSRİ məkanındakı ölkələri özünün ”arxa bağçası" olaraq görür, yəni öz “təsir zonası” kimi qəbul edir. Bu, 1993-cü ilin aprelində Rusiya prezidenti Yeltsin tərəfindən qəbul edilmiş xarici siyasət konsepsiyasında, həmin ilin noyabrında qəbul edilən hərbi doktrinada da açıq şəkildə ifadə edilib. Rusiya bu sənədlərdə bəhs edilən ərazilərdə “müstəsna haqlara” sahib olduğuna eyham vurur və bu ərazilərə xarici qüvvələrin müdaxilələrinə qarşı əks-həmlə davranışları nümayiş etdirəcəyini etiraf edir. Bu siyasət günümüzədək davam etməkdədir. Azərbaycanda Qarabağ, Gürcüstanda Abxaziya və Şimali Osetiya, Ukraynada Krım, Donbas, Moldovada Dnestryanı bölgədə yaşanan ərazi münaqişələri də məhz bu siyasətin region ölkələrindəki yansımasıdır. Təsadüfi deyil ki, ilk dəfə ABŞ 2015-ci ildə Mərkəzi Asiyaya yönəlik “C5+1", yəni Mərkəzi Asiyanın 5 ölkəsi, üstəgəl ABŞ arasında əməkdaşlıq formatını gündəmə gətirəndən az sonra ”Mərkəzi Asiyanın Dağlıq Qarabağı" adlı müzakirə mövzusu rus media və qələm aləmində dolaşmağa başlamışdı.
Şəhla Cəlilzadə: “Rusiya ilə düşmənçilikdən deyil, dostluqdan daha çox qazanarıq”
Rusiya öz maraqlarını təhdid edən istənilən ölkəni öz ayı pəncələri altında əzməyə hazırdır. 2020-ci ilin sonlarından etibarən Türkiyə müdafiə naziri Hulusi Akarın Mərkəzi Asiya ölkələrinə səfərləri, bölgənin “onurğa sütunu” adlandırdığı Qazaxıstan və Özbəkistanla hərbi əməkdaşlıq sazişləri imzalaması, 2021-ci ilin aprelində Bakıda Türk Şurasının yüksək rəsmilərinin görüşünün “Trans-Xəzər” dəhlizi mövzusuna həsr olunması, Türk Dövlətləri Birliyinin güclənməsi fonunda Rusiyanın davranış addımları gecikmədi, 2021-ci ildə Qırğızıstan-Tacikistan hərbi toqquşmaları və 2022-ci ilin yanvar ayında Qazaxıstanda KTMT-nin “sülhməramlı əməliyyatı” baş tutdu. Bunları hələlik “yumşaq müdaxilə” də adlandıra bilərik. Ukrayna kimi irəli, daha doğrusu, Qərbə sarı gedənlərin aqibəti isə göz önündədir.
Bu faktları bilərək və Rusiya maraqlarını, o cümlədən “qırmızı xətlərini” nəzərə alaraq hərəkət etmək labüd və bölgə ölkələrinin qaçılmaz taleyidir. Bunu coğrafi tale də adlandıra bilərik və bununla yaşamağı öyrənməliyik. Məhz bu əsnada Rusiyadan Ermənistan kimi vassal asılılığında deyil, bərabərhüquqlu müttəfiqlik münasibətləri qura bilən Azərbaycanın siyasi xətti region ölkələrinin və ümumiyyətlə, dünyanın marağını cəlb etməyə başlayib. Məhz uğurlu balanslaşdırma siyasətimizin nəticəsidir ki, bu gün Rusiyanın müti səssizliyi fonunda Azərbaycan torpaqlarını işğaldan azad edə bilib. Necə ki, 44 günlük müharibədən sonra bütün dünya Azərbaycanın hərbi əməliyyatlarının sirlərini öyrənməyə və müəyyən ölkələr isə yamsılamağa çalışır, eynilə Azərbaycanın xarici siyasətinin və diplomatiyasının da öyrənilməkdə olduğunu deyə bilərik. Məsələn, 2008-ci ilin avqustunda Rusiya ilə “5 günlük” müharibədə Rusiya zərbələrinin ağırlığını öz üzərində hiss edən Gürcüstan bu gün Rusiyaya münasibətdə daha ehtiyatlı davranır və anti-Rusiya sanksiyalarına qoşulmayacağını dəfələrlə ifadə edib. Odur ki, gələcəkdə Gürcüstanın nümayəndələrinin də “3+3" regional əməkdaşlıq masasında əyləşəcəyini təxmin etmək olar. Rusiya ilə düşmənçilikdən deyil, ”dostluqdan" daha çox faydalar əldə edə biləcəyimiz gerçəyindən hərəkətlə daha çox milli maraqlarımızı təmin edə bilərik".
Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə  hazırlığı yüksək səviyyədədir"
Akif Nağı:""Qızıl ortanı" tutub irəliyə getməliyik"
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bir sıra nümunələr gətirdi: “Regionda Rusiya amili ilə hesablaşmalıyıq. Ən azından bu amili nəzərə almalıyıq. Son 300 ildə rus amili ortadadır, hələ də təsir imkanlarını itirməyib. 102 il əvvəl biz xalq olaraq öz yolumuzu seçmişdik, sivil dövlətlərin yolu ilə müasir quruluşa doğru gedirdik. Rusiya imkan vermədi, bizi və digər xalqları yanlış, gələcəyi olmayan yola çəkdi. Yenidən işğal altına düşdük. O vaxt Baltik xalqları, Finlandiya, Polşa rus axınından çıxıb kənara çəkilib, öz yolunu seçə bildi. Düzdür, Baltik ölkələri İkinci Dünya müharibəsi zamanı yenidən təsir dairəsinə qaytarıldı, amma 90-cı illərdə onların rus boyunduruğundan azad olması asan oldu. İndiki şəraitdə Putin Rusiyasını bir tərəfdən o qədər zəif hesab etmək olmaz ki, onunla ”zarafat" edəsən. Gürcüstan, Ukrayna nümunəsini nəzərə almalıyıq. Hətta Moldova da təhdid altındadır. Rusiya rəhbərliyi Dnestryanı bölgəyə doğru “yol” aça biləcəyinə də işarə vurur. Qərb də Almaniya kansleri Bismarkın “Rusiya ilə zarafat etməyin ...” xəbərdarlığını yaddan çıxarmır, Rusiya ilə birbaşa qarşıdurmadan çəkinir, daha çox orta əsrlərdə dəb olan “şabalıdı ocaqdan başqasının əli ilə götürmək” diplomatiyasına üstünlük verir. Biz məsələnin bu tərəfini nəzərə almalıyıq. Digər tərəfdən, Rusiyanın o qədər də gücü qalmayıb ki, sakit oturub, onun qərarlarını gözləyək. Deməli, “qızıl ortanı” tutub irəliyə getməliyik. Məncə, hakimiyyət məhz bu yolla gedir. Təsadüfi deyil ki, son həftə ərzində ABŞ və Rusiya diplomatları qapı arxasında dayanıb, içəriyə girmək üçün Azərbaycan Prezidentinin icazəsini gözləyirdilər. 44 günlük müharibədəki qələbədən sonra söz sahibi, qərar verən tərəf olmuşuq. Bu mövqeni qoruyub saxlamaq, irəliyə getmək üçün düzgün qərarlar verməliyik".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Oxşar xəbərlər